Türkiyə daha bir ilkə imza atıb
Türk dünyası

Türkiyə daha bir ilkə imza atıb

Türkiyədə süni intellektdən istifadə edilərək hazırlanan lazer silah növlərindən biri də ROKETSAN şirkəti tərəfindən hazırlanan "ALKA" (yönləndirilmiş enerji silah sistemi) lazer silahıdır. Artıq ROKETSAN şirkəti süni intellekt texnologiyalarından istifadə etməklə ''ALKA'' lazer silahlarının hazırlanmasını başa çatdırıb. Bununla bağlı açıqlamanı ROKETSA-nın qabaqcıl sistemlər üzrə meneceri Seyit Tunc məlumat verib. İnnovativ ''ALKA'' silah sistemi Türkiyə Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin rəhbərliyi ilə hazırlanıb.

S.Tuncun sözlərinə görə, "ALKA" elektromaqnit və lazer texnologiyalarından istifadə edən hibrid hava hücumundan müdafiə sistemidir. Mövcud silahların süni intellekt vasitəsilə təkmilləşdirilməsi zərurəti, dünyada baş verən son hadisələr fonunda yaranıb. Onun sözlərinə görə, Türkiyə "asimmetrik təhdidlərə" qarşı çıxmaq üçün belə silahlara ehtiyac duyacaq.

Lazerlə idarə olunan, mini raket sistemi olan "METE"nin ROKETSAN-ın başqa bir innovativ məhsulu olduğunu diqqətə çatdıran S.Tunç bu çərçivədə hədəfini dəqiq vura bilən 50 santimetr uzunluğunda və 40 millimetr diametrində dünyann ən kiçik raketinə sahib olduqlarını da açıqlayıb.

İxtisaslaşdırılmış hərbi nəşrlərə görə, bu silah növü zirehli maşınlara və stasionar obyektlərə quraşdırıla bilər. O, əsasən pilotsuz təyyarələrin məhv edilməsi, həmçinin minaların və əldəqayırma partlayıcı qurğuların uzaqdan partladılması üçün nəzərdə tutulub. "ALKA" həm quru, həm də hava hədəflərini saniyələr ərzində aşkarlamaq, izləmək və məhv etmək imkanlarına malikdir. Silah sistemi yaşayış məntəqələrində bombalı tələlərin, yol kənarlarında yerləşdirilən əldəqayırma partlayıcı qurğuların (ƏPQ) zərərsizləşdirilməsi, habelə xüsusi olaraq hazırlanmış və üzərində faydalı yükləri (kamera, partlayıcı maddələr və s.) olan mini/mikro PUA və dron sürülərini təhlükəsiz məsafədə dayandırmaq, yaxud məhv etmək üçün nəzərdə tutulub.

Silah üçün maksimal məsafə 4 kilometr, dronun effektiv məhvetmə məsafəsi 1 kilometrə qədərdir. "ALKA" fərqli hədəflərə zərbə endirə bilər. Beləliklə, obyektlərin PUA hücumlarına qarşı müdafiəsi vahid quruluşa malik olacaq.

Xatırladaq ki, "ALKA'' sistemi ilk dəfə 2019-cu ildə İstanbulda keçirilən ''IDEF-2019" XIV Beynəlxalq Müdafiə Sənayesi  sərgisində təqdim edilib. Onun lazerlə məhvetmə məsafəsi 750 metrdir.

Esmira YAZKAN ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.