AZERCELL yenilikləri Azərbaycana gətirir
Digər xəbərlər

AZERCELL yenilikləri Azərbaycana gətirir

İnnovativ həllər vasitəsilə müştərilərinin gündəlik həyatını daha dolğun etməyə çalışan Azercell 5 milyondan artıq abunəçi və 48,2% bazar payının sahibi kimi 2022-ci ildə də telekommunikasiya sektorunda öz liderlik mövqeyini qoruyub saxlayıb. Azercell 2022-ci il üzrə hesabatını açıqlayıb.

"Azercell Telekom"dan verilən məlumata görə, 2022-ci ildə Azərbaycanın qeyri-neft sektorunun ən böyük vergi ödəyicisindən biri kimi dövlət büdcəsinə 169,3 milyon AZN, 26 il ərzində isə ümumilikdə 2,2 milyard AZN vergi ödəyib. Mobil operator 2022-ci ildə ölkədə telekommunikasiyanın inkişafına 88,5 milyon ABŞ dolları, 1996-2022-ci illər ərzində isə 1,9 milyard ABŞ dolları həcmində sərmayə yatırıb.

Ötən il Azercell şəbəkəsinin genişləndirilməsi və modernləşdirilməsi üzrə irimiqyaslı layihəyə start verib. İlin yekunlarına əsasən mobil operatorun 4G şəbəkəsi üzərində çalışan stansiyaların ümumi sayı 3124-ə çatdırılıb və ötürülən məlumatın həcmində 40% artım müşahidə olunub. Azercell-in 4G şəbəkəsinin əhali üzrə əhatə dairəsi 88,87%-ə, coğrafi əhatəsi isə 80,20%-ə qədər yüksəlib ki, bu da 2021-ci ilin analoji göstəricilərindən 6% artıqdır. Ümumiyyətlə isə 2022-ci ildə Bakı üzrə ortalama sürət 67 Mbit/s qədər yüksəlib.

Hazırda şirkətin ölkə üzrə coğrafi əhatə dairəsi 94,60%, əhali əhatəsi isə 98,40% təşkil edir.

İşğaldan azad edilmiş torpaqlarda ilk mobil infrastrukturu quran "Azercell Telekom" Qarabağa böyük qayıdışını 2022-ci ildə də davam etdirib. Bu fəaliyyət işğaldan azad olunmuş torpaqlarımızda Azercell şirkətinə məxsus 100-ə yaxın radio baza stansiyasının 2G/3G/4G standartları əsasında işə salınması ilə nəticələnib. "Azercell Telekom" bu sahədə növbəti əhəmiyyətli addım olaraq Şuşada Azercell Eksklüziv ofisinin açılışını edib, Zəngilanın Ağalı kəndində ilk rəsmi satış və xidmət məntəqəsini abunəçilərinin istifadəsinə verib.

2022-ci ildə Azercell daha bir möhtəşəm yeniliyə imza atıb. Şirkət Bakıda beşinci nəsil (5G) rabitə standartını sınaq rejimində bütün Fəvvarələr Meydanı ərazisi boyu istifadəyə verib. "Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!" strateji məqsədinə sadiq qalan Azercell 5G simsiz rabitə şəbəkəsini 1 Gb/s.-ə qədər daha yüksək yükləmə sürəti, ultra-aşağı ləngimə, daha yüksək etibarlılıq, geniş şəbəkə tutumu və daha mükəmməl istifadəçi təcrübəsini təmin etmək üçün 2023-cü ildə də ölkə boyu genişləndirməyə davam edəcək.

Lider mobil operator 2022-ci ildə 5 milyondan çox abunəçisinə bır sıra yeni məhsul və həllər təqdim edib: Xidmətlərini rəqəmsallaşdırmaq, abunəçilərinə yeni formatda daha çevik müştəri təcrübəsi imkanları yaratmaq niyyətilə lider mobil operator eSİM xidmətini öz müştərilərinin sərəncamına verib; Azərbaycan telekommunikasiya sektorunda ilk dəfə olaraq özündə həm bank əməliyyatları, həm də mobil rabitə imkanlarını birləşdirən Azercell Fintek məhsulları abunəçilərə maliyyə xidmətləri göstərməyə başlayıb. Bazara "akart" ticarət markası altında çıxarılan Azercell Rəqəmsal kartı "Kabinetim" üzərindən nağdsız hesablaşma, müxtəlif növ ödənişlər və digər əməliyyatları təhlükəsiz şəkildə həyata keçirməyə imkan yaradıb; Ölkədə ilk dəfə olaraq müştərilərin sərbəst dizayn edə biləcəyi, ölkədaxili dəqiqələri, mobil internet və ən populyar sosial şəbəkələr üçün meqabaytları özündə birləşdirən yeni rəqəmsal "İstəSən" tarifi bazara təqdim edib.

Azercell daxil olan müraciətləri operativ və effektiv şəkildə cavablandırmaq, müştərilərə əlçatan olmaq üçün çoxçeşidli servis kanallarıyla abunəçilərinə xidmət göstərməyə davam edib. 2022-ci ildə Azercell-in Telefon Mərkəzinə ümumilikdə 3 milyondan çox zəng, Onlayn Müştəri Xidmətləri üzərindən 1 milyondan artıq sorğu daxil olub. Azercell-in rəsmi Facebook, Instagram, Twitter, YouTube və Linkedin səhifələri üzərindən 300 minə yaxın müraciət cavablandırılıb. Azercell-in ötən il təqdim etdiyi ilklərdən biri də Süni İntellekt əsasında çalışan Virtual Assistent xidmətininin test rejimində müştərilərin istifadəsinə verməsi olub.

Azercell şirkətinin özünəxidmət tətbiqi olan "Kabinetim" ötən il daha müasir dizaynda müştərilərə təqdim olunaraq, istifadəçi təcrübəsi daha da təkmilləşdirilib. Abunəçilərinə öz nömrəsinə tam nəzarət etmək imkanı verən "Kabinetim" tətbiqində "İstəSən" tarifi, "akart" xidməti əlçatan olub. Nəticə olaraq "Kabinetim" mobil tətbiqinin imkanlarından yararlanan abunəçi sayı 1 milyonu keçib.

2022-ci ildə Azercell KSM strategiyası çərçivəsində zəngin mədəni irsimizi, milli dəyərlərimizi rəqəmsallaşdırıb təbliğ etməyə, habelə beynəlxalq ictimaiyyətə tanıtmağa davam edib. 2022-ci ilin ölkə Prezidenti tərəfindən "Şuşa İli" elan edilməsi ilə əlaqədar olaraq "Azercell Telekom" "Qarabağın səsini dinlə" adı altında dərc olunan Şuşa mədəni irsindən ibarət əsər toplusunu audiokitab, audiopyes, komiks, animasiya, podkast, videolar formatında həm yerli, həm də beynəlxalq ictimaiyyətə təqdim edib.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tərəfdaşı olan "Azercell Telekom" MMC-nin dəstəyilə İnformatika üzrə beynəlxalq olimpiadalara hazırlaşan məktəblilərimiz ötən il ərzində dəfələrlə mötəbər bilik yarışlarında ölkəmizi uğurla təmsil edib, 1 qızıl, 6 gümüş, 8 bürünc medal və 3 həvəsləndirici mükafat qazanıblar. 2022-ci ildə azərbaycanlı məktəbli qızlar "Azercell Telekom" MMC-nin dəstəyi ilə ilk dəfə "EGOI 2022" - Avropa Qızlar İnformatika Olimpiadasında iştirak edib Vətənə qələbə ilə qayıdıblar. Azercell-in dəstəyilə ötən il Vətən müharibəsi qaziləri və şəhid övladları üçün peşə təlimləri keçirilib, "YouthCan" və "Her Improvement" layihələri isə şirkətdən aldıqları qrantlar sayəsində öz fəaliyyətlərini davam etdiriblər.

"Azercell Telekom" MMC-nin baş sponsorluğu ilə ötən il ölkəmizin idman təqvimində mühüm yer alan "Bakı Marafonu", ilk dəfə olaraq "Teknofest Azərbaycan" Aerokosmik və Texnologiya festivalı keçirilib.

Ölkədə təhsilin inkişafı, yüksək ixtisaslı kadrların yetişdirilməsi, insan kapitalının formalaşmasına xüsusi önəm verən Azercell 2022-ci ildə İnsan kapitalının inkişafına 0,9 milyon ABŞ dolları, 26 il ərzində isə 27,7 milyon ABŞ dolları həcmində vəsait xərcləyib.

Azercell şirkəti növbəti dəfə 2022-ci ildə ISO 37001:2016 Antikorrupsiya idarəetmə sistemi standartları üzrə uyğunluq sertifikatı və ISO/IEC 27001 Beynəlxalq İnformasiya Təhlükəsizliyi Standartı sertifikatına layiq görülüb.

Azercell Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi tərəfindən "Ulduz tərəfdaş" mükafatı ilə təltif olunub. Bu il ilk dəfə olaraq Azərbaycanı da əhatə edən "Felis Azərbaycan" yarışmasında Azercell kampaniyaları 9 nominasiyada mükafat qazanıb.

Azərbaycanın lider mobil operatoru və 5 milyondan çox abunəçinin seçimi olmaq məsuliyyətini 26 ildən artıqdır ki, üzərinə götürən "Azercell Telekom" müştərilərinə keyfiyyətli xidmət və davamlı bağlantı ilə yanaşı, qlobal inteqrasiyanın geniş imkanlarını daha əlçatan etmək üçün çalışır.

Ülvi QARAYEV,

“Respublika”.