Mağaracıq kəndinin hər qarışında ayaq izlərim qalıb
Digər xəbərlər

Mağaracıq kəndinin hər qarışında ayaq izlərim qalıb

Qərbi Azərbaycanın bir parçası olan Amasiyada azərbaycanlılar min illər boyu yaşamışdır. Erməni mənbələrində bəzən onlar qarapapaqlar adlandırılmışdır. Amasiyaya ermənilər yalnız 1918-1920-ci illərdə gəlib çıxmış, ilk vaxtlar özlərini yazıq, kimsəsiz, bir parça çörəyə möhtac olan millət kimi göstərmişlər.

Birinci Dünya müharibəsi (1914-1918) və Ermənistan Respublikası dövründə (1918-1920) rayonun azərbaycanlı əhalisi qaçqın həyatı yaşamağa məcbur olmuşdur. Bu dövrdə "Daşnaksütyun" partiyasının silahlı qüvvələri Qərbi Azərbaycanın müxtəlif ərazilərində olduğu kimi, Amasiya rayonunda da soydaşlarımıza qarşı vəhşiliklər törətmiş, dinc əhalini amansızlıqla qətlə yetirmiş, kəndləri xarabalığa döndərmişlər.

Əhalinin xeyli hissəsi Türkiyə, İran, Gürcüstan və digər ərazilərə köçüb getmək məcburiyyətində qalmışlar. 29 noyabr 1920-ci ildə Ermənistan Respublikasında sovet hakimiyyəti qurulduqdan sonra amasiyalıların xeyli hissəsi yenidən doğma kəndlərinə dönmüş, onlar ermənilər tərəfindən dağıdılan evlərini bərpa etmiş və digər quruculuq işlərini həyata keçirmişlər. Çox keçmədən azərbaycanlıların yaşadıqları kəndlərdə kolxozlar qurulmuş, məktəblər, klub, kitabxana, xəstəxana və tibb məntəqələri yaradılmışdır. Aradan müəyyən vaxt keçdikdən sonra Qərbi Azərbaycanın Amasiya rayonunda daşnak quldurlar yenidən baş qaldırmış, türk xalqlarına qarşı düşmənçilik mövqeyini davam etdirmiş, həmişə müsəlman əhaliyə xəyanət toru hazırlamışlar. Minlərlə qeyrətli, savadlı, mərd, qorxmaz amasiyalı repressiya qurbanı olmuşdur. Amasiyalıların bir hissəsi güllələnmiş, bir hissəsi isə Sibirə, Qazaxıstana və başqa bölgələrə sürgün olunmuşdur. İkinci Dünya müharibəsi zamanı rayonun türk (azərbaycanlı) əhalisindən 1767 nəfər cəbhəyə yollanmış, onlardan 889 nəfər həlak olmuşdur.

1948-1953-cü illərdə Qərbi azərbaycanlılar öz ata-baba torpaqlarından zorla deportasiya edildi. Deportasiya amasiyalılardan da yan keçmədi. İ.Stalin, Molotov və digər ermənipərəst şəxslərin xəyanəti nəticəsində Amasiyadan bir çox ailələr sürgün edildi. Erməni millətçiləri öz havadarlarının köməyi ilə XX əsrin 50-ci illərindən etibarən Qərbi azərbaycanlılara qarşı mənəvi təcavüz kampaniyasına başladılar. Keçmiş sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin erməni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. Eyni zamanda, haylar tərəfindən bütün dünya azərbaycanlılarının mənfi obrazını formalaşdırmaq cəhdləri də güclənirdi. "Yazıq, məzlum" erməni xalqının surətini yaradaraq əsrin əvvəllərində regionda baş verən hadisələr şüurlu surətdə təhrif olunur, azərbaycanlılara qarşı soyqırımı törədən daşnak erməni quldurlarına bəraət qazandırılırdı. Bir sözlə, ermənilər tarixi saxtalaşdırmaqdan heç vaxt çəkinmir, bütün Qərbi azərbaycanlılara, o cümlədən amasiyalılara qarşı erməni kilsəsinin təkidi ilə yeni-yeni terror hadisələri hazırlanırdı.

Saxtalaşdırılmış erməni tarixinin gənc ermənilərin şovinist ruhda böyümələrinə zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsində geniş iş aparılırdı. Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə yönəlmiş böhtanlar siyasi və hərbi təcavüz üçün ideoloji zəmin yaradırdı. Qərbi azərbaycanlılara qarşı aparılan soyqırımı siyasəti özünün siyasi-hüquqi qiymətini tapmadığı üçün tarixi aktlar sovet mətbuatında erməni vandalları tərəfindən təhrif olunur və ictimai fikir çaşdırılırdı.

Erməni daşnakları 50-ci illərdən, xüsusilə də 1965-ci ildən sonra Ermənistan SSR-in başqa bölgələrində olduğu kimi, Amasiya rayonunda da türk xalqlarına qarşı ayrı-seçkilik siyasəti yeritməyə başladılar. Rayonda işləyən milli kadrlar tədricən haylarla əvəz olundu. Amasiya rayonunda 60 il ərzində rayon partiya komitəsinin katibləri azərbaycanlılar olmuşdur. Birinci katiblərdən Əli Məmmədov, Hüseyn Məmmədov, Həbib Həsənov, Cahangir Əliyev, Məhərrəm Bayramov, Zərbəli Qurbanov, İldırım Bağırov rayona rəhbərlik etdiyi dövrdə el-obanın arxa, dayağına çevrilmişlər.

1988-ci ildə erməni xəyanəti nəticəsində Qərbi Azərbaycandakı bütün bölgələrdən, o cümlədən Amasiyadan soydaşlarımız ata-baba torpaqlarından qovuldu. Deportasiyanın son mərhələsindən sonra Ermənistan adlanan ərazidə bir nəfər olsun azərbaycanlı qalmadı.

Mən əslən Amasiya rayonundanam və uzun illərdir ki, Türkiyənin İstanbul şəhərində yaşayıram. Amasiya, onun atlas geyimli dağları, buz bulaqları, əsrarəngiz guşələri həmişə gözlərimin önündədir. Dünyaya göz açdığım Mağaracıq kəndi, "Nazik su", "Kürdölən", "Ələyəz", "Oxlu", "Səngər" və digər dağlar üçün çox darıxıram.

Ordumuz cəmi 44 gün ərzində 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızı azad etdi. Vaxtilə Paşinyanın "Yallı" getdiyi qədim Şuşa şəhərinə Azərbaycan bayrağı sancıldı. "Dəmir yumruq" erməni daşnaklarının başına elə dəydi ki...

24 dekabr 2022-ci ildə Prezident İlham Əliyevin Qərbi azərbaycanlı ziyalılarla görüşündə əminliklə vurğulandı ki, tarixi Zəfərdən sonra ən böyük hədəfimiz Qərbi Azərbaycana, əzəli yurd yerlərimizə qayıdışdır.

Amasiyaya dönüş heç də uzaqda deyil. Qismət olsun ki, "Arpa" çayını qucaqlayım, ayna sularında saçlarımı darayım...

Ülfət ƏLƏSGƏROV,

İstanbul şəhəri, iş adamı.