Aztəminatlı ailələrin uşaqları təhsil kreditlərindən bəhrənirlər
Sosial həyat

Aztəminatlı ailələrin uşaqları təhsil kreditlərindən bəhrənirlər

2023-2024-cü tədris ilinin payız semestri üzrə təhsil tələbə kreditlərinə müraciət edənlərin rəsmi statistikası müəyyənləşib. Fonddan verilən məlumata görə, 20.07.23-cü il tarixindən başlayaraq 26150 müraciət daxil olub, onlardan 19544-ü  təsdiqlənib. Təhsil pillələrinin birinci kursuna qəbul olunmuş tələbələrin bakalavr pilləsi üzrə 8948, magistratura pilləsi üzrə 3208, tam orta təhsil bazasından orta ixtisas təhsili üzrə 306, ümumi orta təhsil bazasından isə 268 müraciət rəsmiləşib.

“Respublika” xəbər verir ki, Bakı şəhəri üzrə ən çox kredit rəsmiləşdirilən təhsil müəssisələri Azərbaycan Dövlət İqtisad Universiteti - 879, Azərbaycan Texniki Universiteti  - 740, Bakı Dövlət Universiteti - 589, Azərbaycan Dövlət Pedaqoji Universiteti 399 olub.

Bölgələrdə ən çox kredit rəsmiləşdirilən təhsil müəssisələri Gəncə Dövlət Universiteti 783, Lənkəran Dövlət Universiteti 524, Mingəçevir Dövlət Universiteti 415 olub.

 Sosial kredit alan tələbələrin valideynlərinin statusu ilə bağlı göstəricilərə əsasən, işsiz statusu olan 5052, 1 və 2-ci dərəcə əlilliyi olan 1196, vəfat etmiş 1014, yaşa görə əmək pensiyası alan 699, yaşa görə sosial müavinət alan 159 tələbəyə kredit verilib.

Təhsil kreditinə ümumilikdə 598 ailə müraciət edib. Bir ailədən ikidən yuxarı tələbə kreditdən yararlanıb. Bu da 1202 tələbə edir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli Fərmanı ilə əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlaçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədilə yaradılmış Təhsil Tələbə Krediti Fonduna olunan müraciətlərin sayı əvvəlki ilə nisbətən bu il daha çoxdur. Belə ki, 2021-2022-ci illərdə olunan müraciətlərin ümumi sayı 6814, 2022-2023-cü il üzrə isə 12730 nəfərdir.

“Respublika”.