44 gün çəkən, tarixi zəfərimizlə başa çatan İkinci Qarabağ müharibəsində Vətən, torpaq uğrunda vuruşub canlarını fəda edən igidlər sırasında Tərzan Qəhrəman oğlu Həşimovun adı da böyük iftixarla çəkilir.
1989-cu ildə dağlar diyarı Lerik rayonunun Bibihoni kəndində dünyaya göz açan elin bu qəhrəman oğlu ürəyində neçə-neçə saf arzular yetkinlik yaşına çatır. Tərzan ləyaqətli ailədə böyüdüyü üçün müstəqil həyatda ağlın qanadına arxalanır, yalnız yaxşı əməllərə üz tutur. Və yaşadığı cəmiyyətin içində qısa müddətdə hörmət qazana bilir. 2007-ci ildə ordu sıralarında Gəncə şəhərində xidmət edir. Vətənin qeyrətini, şərəfini uca tutmaqla ona dayaq, sipər olmağı bacarır. Verilən tapşırıqları can-başla yerinə yetirir, əla xidmətə görə komandirlərin ən çox inandığı, hörmət bəslədiyi əsgər olur. Əsgər yoldaşlarına da həmişə bildirir ki, Vətəni sevmək, məqamında onun yolunda canından keçmək hamımızın müqəddəs borcudur. Tərzan əsgəri borcunu yüksək səviyyədə başa çatdırıb doğma kəndinə qayıdır. 2 il ailənin dolanışığı üçün halal zəhmətdən yapışır. Özünə gün-güzəran qurmaqla bərabər, nəcib istəyini, niyyətini sevdiyi el-obanın inkişafına yönəldir. Cəbhə xəttindən gələn xəbərlər, quduz düşmənin ədalətsiz hərəkətləri onu yenidən hərbiyə bağlayır. Gizirlərin hazırlıq kursunu bitirir, Xüsusi Təyinatlı Qüvvələrin təlimlərində yüksək döyüşçü keyfiyyətləri göstərir. 2011-ci ildə gizir rütbəsində Xüsusi Təyinatlı Qüvvələr Qrupunun kəşfiyyatçısı təyin olunur. Onun kəşfiyyatda qorxmazlığı, çevikliyi, müşahidələrin düzgün analizi həmişə uğurlu alınır. Bütün bunlar nəzərə alınır və Tərzana Xüsusi Əməliyyat Taborunun Xüsusi Əməliyyat Qrupunun kəşfiyyatçısı vəzifəsi etibar edilir. Aprel döyüşlərində şücaət göstərə bilir. Vətənini canından əziz bilən igid kəşfiyyatçı xidmət dövründə üçüncü dərəcəli “Qüsursuz xidmətə görə”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 100 iliyi” medallarına layiq görülür. İkinci Qarabağ müharibəsi başlananda Tərzan Vətənin haqq çağırışına canla-başla gedir. Füzuli, Cəbrayıl rayonlarında hərbi kəşfiyyat işlərinə başlayır. Torpağı qanı ilə Vətən edən Tərzan kimi igidlərin hesabına tezliklə hər iki rayon düşmən tapdağından azad olunur. Tərzanın ucaldığı şəhidlik zirvəsi isə ona ölməzlik gətirir. Xalqın qürur yeri olmaqla, adı şanlı zəfər tariximizə yazılır. Vətən torpaqları, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan Tərzan Həşimov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” medallarla təltif olunur.
Şəhidin həyat yoldaşı Mətanət xanım deyir:- Tərzan öz ailəsinə qarşı çox sədaqətli dolanırdı. Qızları Məsməyə, Höküməyə dediyi sözlərdən bal damırdı. 30 il ömür sürsə də, vətən sevgisi ona əbədi, solmaz bir həyat bəxş etdi. Mən onunla fəxr edirəm. Çalışaram ki, qızları da Tərzan kimi öz Vətənini sevə bilsinlər...
Zəfər ORUCOĞLU.