AzTU-da şəhərdaxili hərəkət (mobillik) planının icrasına dair tədbir
Elm və təhsil

AzTU-da şəhərdaxili hərəkət (mobillik) planının icrasına dair tədbir

Azərbaycan Texniki Universitetində (AzTU) yerinə yetirilən "Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması" məsləhət xidmətinin - layihəsinin hesabat konfransı keçirilib.

Tədbirdə Nazirlər Kabineti Aparatının Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri Musa Pənahov, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, AzTU-nun rektoru Vilayət Vəliyev, müxtəlif qurumların nümayəndələri iştirak ediblər.

Bu barədə AzTu-dan verilən məlumata görə, rektor Vilayət Vəliyev bildirib ki, universitet-sənaye-dövlət tandemində həyata keçirilən ilk layihələrdən olan mobillik planının icrası istiqamətində işlərin görülməsinə 2022-ci ildə başlanılıb. Layihə AzTU-nun Logistika və Nəqliyyat İnstitutunda yerinə yetirilib. 2023-cü ildə ilkin olaraq universitetlə 16 şəhər və rayon icra hakimiyyətləri arasında müqavilə imzalanıb.

Müqavilələrin icrasına uyğun olaraq tələbələrin də iştirakı ilə əhali arasında sorğular keçirilib. Sorğuların nəticəsi əsasında şəhərdaxili hərəkət (mobillik) planı və müvafiq tədbirlər planı hazırlanıb. Planda piyadalar üçün təhlükəli ərazilərdə keçidlərin salınması, avtobusların hərəkət rejimlərinin təkmilləşdirilməsi, yeni avtobus marşrutlarının yaradılması, parklanma yerlərinin seçilməsi, velosiped yollarının çəkilməsi kimi məsələlər əksini tapıb.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev çıxış edərək sözügedən layihədə universitet-sənaye-dövlət tandeminin iştirakını müsbət dəyərləndiriblər.

AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov görülən işlərin hesabatı ilə bağlı geniş təqdimatla çıxış edib. Bildirib ki, AzTU-nun Logistika və Nəqliyyat İnstitutunda yerinə yetirilən layihə üzrə bölgələrdə əhali arasında sorğuların aparılmasına 100-ə yaxın tələbə (77 bakalavr, 22 magistr) və 15 müəllim cəlb olunub. Bundan başqa, Özbəkistan və Türkiyənin mobilliklə bağlı təcrübəsi öyrənilib.

AzTu-dan daha sonra Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Hafiz Yolçuyev təqdim edilən hesabatla bağlı fikirlərini bölüşüb. 

Nəriman CAVADOV,

"Respublika".