Bakıda Yunanıstanın Milli Günü qeyd olunub
Sosial həyat

Bakıda Yunanıstanın Milli Günü qeyd olunub

Yunanıstanın Milli Günü münasibətilə aprelin 2-də Bakıda rəsmi qəbul təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbir hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Yunanıstan səfiri Xristos Kapodistrias ölkələrimiz arasında dostluq münasibətlərini yüksək qiymətləndirib.

Yunanıstan və Azərbaycan arasında əlaqələrin müxtəlif sahələri əhatə etdiyini qeyd edən diplomat bildirib ki, yaxın həftələrdə Hökumətlərarası Birgə Komissiyanın növbəti iclası keçiriləcək.

"Əminik ki, bir neçə aydan sonra Azərbaycan həm təşkilati, həm də mahiyyət etibarilə COP29 sammitinə uğurla ev sahibliyi edəcək. Bizim enerji sektorunda əməkdaşlığımız artıq bir uğur hekayəsidir. Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Adriatik boru xətti qitənin enerji təchizatında əhəmiyyətli problemlərlə üzləşdiyi bir dövrdə Azərbaycandan qazı Avropaya gətirən strateji infrastrukturdur. Artıq üç ildən çoxdur ki, Trans-Adriatik boru xətti təbii qazı Azərbaycandan Yunanıstana, Bolqarıstana və İtaliyaya, eləcə də qonşumuz Türkiyə vasitəsilə dayanıqlı və etibarlı şəkildə nəql edir", - deyə səfir vurğulayıb.

Onun sözlərinə görə, əməliyyatlar başlayandan bəri Trans-Adriatik boru xətti vasitəsilə Yunanıstan, Bolqarıstan və İtaliyaya 33,5 milyard kubmetrdən çox qaz nəql edib.

Diplomat əmin olduğunu bildirib ki, ölkələrimiz arasında əlaqələr dərinləşməkdə davam edəcək.

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov ölkələrimiz arasında faydalı əməkdaşlıq, siyasi dialoqun mövcud olduğunu deyib. Diqqətə çatdırıb ki, iki ölkənin xarici işlər nazirləri mütəmadi görüşür, siyasi məsləhətləşmələr aparırlar.

Müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələrinin aparıldığını qeyd edən diplomat bildirib ki, bunlardan ən əsası, təbii ki, neft, qaz layihələridir. Vurğulayıb ki, təhsil, mədəniyyət və turizm sahəsində əməkdaşlıq əlaqələri yüksək səviyyədədir.

"Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və qaz təchizatının şaxələndirilməsində mühüm rol oynayır. Bu il Hökumətlərarası Birgə Komissiyanın iclası keçiriləcək. İnanırıq ki, əməkdaşlığımız bundan sonra daha da möhkəmlənəcək", - deyə nazir müavini qeyd edib.