Bakının bir atributu Laçına ötürülür...
Sosial həyat

Bakının bir atributu Laçına ötürülür...

Bölgədə tramvayların işləməsi də nəzərdə tutulur

Yaxşı ki, xatirələr var. Yaddaşımızın ən dərinliyində ilişib qalmış məqamları xatırlamaq bəzən insanda qəribə hisslər yaradır. Sevinir, kədərlənir, hərdən təəssüflənirsən. O günlərə qayıtmaq, o anları təkrar yaşamaq istəyirsən. Buna nostalji deyirik. Yəni burnumuzun ucunun göynəcəyi həddə nəyisə görmək istəyi. Hərdən gözəl Bakımızın o qədər də uzaq olmayan günlərini yada salıram. Bilirsiniz ən çox nəyi xatırlayıram?..

Bir zamanlar Bakının küçələrində dəmir relslər var idi. Burada "dəmir çarıqlı, dəmir buynuzlu köhlən atlar" çox rahatlıqla şütüyürdü. Yəni tramvaylar. Çox istifadə etməsəm də, hərdən lazım gəlirdi. İctimai nəqliyyat arasında ən çox sevdiyim nəqliyyat idi tramvay. İnsanı tez, rahat və təhlükəsiz şəkildə mənzilbaşına çatdırardı, çünki onun öz yolu vardı. Minəndə düşmək istəməzdim, sərnişini də az olardı, özümə pəncərə tərəfdə yer seçər, ətrafı seyr edə-edə gedərdim.

Müstəqilliyimizin ilk illərində Bakıya yaraşıq, gözəllik verən çox şeylər aradan götürüldü. Təbii ki, köhnəlik adı ilə. Tramvayların aradan götürülməsi isə çoxlarını məyus etmişdi. Elə mənim özümü də... Açığını deyim, İstanbulun mərkəzində rahat şütüyən tramvayları görəndə, hətta o zaman paxıllığım da tutmuşdu, hər gün bu nəqliyyata minib mənzilbaşına gedən istanbulluları qısqanmışdım da...

Relslər üzərində hərəkət edən bu nəqliyyat vasitəsi 1924-cü ilin fevralında Bakının küçələrində göründü və özünə möhkəm yer tutdu. Bununla ilk olaraq "konka" aradan çıxdı, elə onun əsasında ilk dəfə olaraq elektrik dəmir yolu çəkildi. 1926-cı il iyulun 6-da istifadəyə verilən bu yol Bakı-Sabunçu-Suraxanı xəttini birləşdirirdi. Şəhərdə ilk dəfə tramvayla sərnişinlərə xidmət etmək şərəfi Aleksandr Lisovski soyadlı bir nəfərə nəsib olub. O, xatirələrində yazırdı ki, birinci bir neçə saatı sərnişinləri pulsuz aparıblar və bu, Bakıda böyük bayram kimi qeyd edilib. Əgər 1920-ci ildə "konka" 9,9 milyon sərnişin aparırdısa, 1925-1926-cı ildə Bakı tramvayları 50 milyondan artıq sərnişin daşımışdı.

2012-ci ilin fevral ayında Azərbaycan hökuməti şad bir xəbər açıqladı: Bakıda tramvay xətti bərpa ediləcək. "Ağ şəhər" layihəsi reallaşdırılandan sonra, bulvar boyu tramvay xətti olacaq. Amma tramvayın Bakının əsas yol qovşaqlarını əhatə edəcəyi gözlənilmir.

Ümumiyyətlə, Bakıda 7 istiqamətdə tramvay xətti mövcud olub. Eyni zamanda Sumqayıtda tramvay 1959-2003-cü illərdə işləyib. Gəncədə isə tramvay ilk dəfə 1933-cü ildə xəttə çıxıb, 1976-cı ildə ləğv edilib. Yaxın gələcəkdə Gəncədə də tramvayların hərəkətinin bərpa edilməsi planlaşdırılır.

Ekspertlər qeyd edir ki, Bakının mərkəzində tramvayların bərpası ilk növbədə bir çox yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi ilə bağlı mümkün deyil. Çünki yollar bunun hesabına daralıb. Tramvayların işləməsi həm də ona görə vacibdir ki, o ilk növbədə ekoloji baxımdan təmiz nəqliyyat vasitəsidir. İkincisi, rels üzərində olduğundan maneəsiz hərəkət edir və bir nöqtədən digər nöqtəyə vaxtında gedib çatmaq mümkündür.

Bəs tramvay nə vaxt kəşf edilib? İlk öncə onu qeyd edək ki, ilk elektrik tramvayı 1880-ci illərin əvvəllərində Berlində işə düşüb, xəttin inşaatçısı Siemens şirkəti idi. O dövrədək dünyanın bir çox şəhərində dəmir relslər qoyulmuşdu, atlı dəmir yolu isə geniş yayılmışdı. Yəni tramvayı elektriklə deyil, atlar "hərəkət etdirirdilər". Almanlardan sonra Rusiya imperiyası hərəkətə keçdi və tezliklə Alman Pullman zavodu ilk rus elektrik tramvayını istehsal etdi. XX əsrin əvvəllərində sürətlə yayılan tramvay əslində şəhər nəqliyyatının əsas növü hesab edilirdi. At nəqliyyatı 1910-cu ilə qədər Avropa və Amerika küçələrindən praktiki olaraq yoxa çıxdı. Əsrin sonunda isə artıq tramvayın hökmranlıq dövrü başa çatırdı.

Bəli, tramvaylardan danışırdıq, bir vaxt Bakıda, respublikanın digər iki böyük şəhərində işləyən və sonra fəaliyyəti dayandırılan tramvaylardan. Onu da deyim ki, bu mövzuya müraciət etməyimiz də təsadüfi deyil. Çünki...

Vətən müharibəsindən sonra işğaldan azad edilmiş torpaqlarda başlanan quruculuq işləri indi bölgənin vəziyyətini tamam dəyişib. Çəkilən yollar, tikilən obyektlər, qurulan infrastruktur xarabalığı cənnətə döndərir. Gözəlləşən rayonlarımızdan biri də Laçındır. İndi dağ vüqarlı Laçın düşmən üçün əsl göz dağına çevrilib. Prezident İlham Əliyevin dediyi kimi: "...əgər cənnətin təsviri varsa, o, burada, Laçındadır...".

Avqustun 26-da Laçın Şəhəri Günü münasibətilə Həkəri çayının sahillərində təşkil olunmuş bayram tədbirində iştirak edən dövlət başçısı şəhərin əsas küçəsində qurulmuş sərgi ilə tanış olub, burada nümayiş etdirilən tramvay maketinə də baxıb. Prezident eyni zamanda Laçının mərkəzi küçələrində tramvayların işləməsilə bağlı tapşırıqlar da verib. Beləliklə, Laçın bu sahədə estafeti Bakıdan götürən ilk bölgəmiz olacaq. Gəlin, bir anlığa gözəl Laçınımızın yaxın gələcəyini təsəvvürümüzə gətirək, xəyal qanadlarında bu diyarın işıqlı sabahına boylanaq. Beləliklə...

...Həkəri çayının sahili ilə bir qədər yuxarı qalxıb şəhərin mərkəzi küçəsinə çıxırıq. Tramvay dayanacağında sərnişinlərini gözləyən "44" nömrəli tramvaya minirik. Dəmir çarıqlı, dəmir buynuzlu köhlən at nəfəsini dərib hərəkətə başlayır. Çoxdan bəri qulaqlarımda qalan doğma cingiltili səs içimdəki nostaljini yox edir. Nəfəsim genişlənir. Bələdçinin səsi gəlir: növbəti stansiya Göyçə gölü... Deyəsən, xəyallar gerçəkliyə doğru gedir...

Zümrüd QURBANQIZI,

"Respublika".