BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin müstəsna xidmətləri olub
Digər xəbərlər

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin müstəsna xidmətləri olub

Regional və beynəlxalq təşəbbüsləri, qlobal sülh və təhlükəsizliyə verdiyi misilsiz töhfələr, müəllifi olduğu reallıqların bölgəyə gətirdiyi yeni inkişaf meyilləri dövlətimizin başçısı cənab İlham Əliyevi dünyada əsas aparıcı liderlərdən birinə, ölkəmizi isə böyük söz sahibinə çevirib. Onun hər bir addımı, qəbul etdiyi qərarları dəyərli fikirləri təkcə Azərbaycan dövləti və xalqı üçün deyil, ümumilikdə beynəlxalq aləm üçün də önəmlidir. Serbiya Prezidenti Aleksandar Vuçiçin "İlham Əliyev Avropada çox məşhurlaşıb. Bilmirəm o nə edib, amma etiraf edim ki, bunun sirrini mən də bilmək istərdim", Şimali Makedoniya Prezidenti Stevo Pendarovskinin "İlham Əliyev Avropada ən çox arzuolunan şəxsdir", eləcə də Macarıstanın XİN başçısı Peter Siyartonun "Bu gün Qərb liderləri Azərbaycan Prezidenti ilə şəkil çəkdirmək üçün Bakıya can atırlar" kimi fikirləri bir daha Prezidentimizin beynəlxalq nüfuzundan xəbər verir".

Azərbaycanın üzv olduğu, ya olmadığı istənilən regional, beynəlxalq xarakterli görüşlərə cənab İlham Əliyev dəvət olunur və qiymətli fikirləri nəzərə alınır. Hətta görürük ki, Prezidentimiz dost dövlətlərin təşkil etdiyi daxili tədbirlərdə belə ali qonaq qismində iştirak edir. Təbii ki, bütün bunlar bilavasitə dövlətimizin başçısının şəxsi nüfuzu ilə əlaqədardır. Prezident İlham Əliyevin iştirak etdiyi növbəti belə tədbir aprelin 22-də Moskvada Baykal-Amur Magistralının (BAM) 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə təşkil olunan görüş oldu. Bildiyimiz kimi, BAM indiyə qədər dünya miqyasında həyata keçirilən ən nəhəng nəqliyyat layihələrindən biridir. Və bu layihənin ərsəyə gəlməsində azərbaycanlıların dərin zəhməti və fədakar əməyi danılmazdır. Bunun bariz nümunəsi BAM-ın üzərində salınan iki qəsəbədir. Belə ki, Ulkan və Anqoy qəsəbələrini məhz azərbaycanlılardan ibarət briqadalar inşa edib və özü də işi nəzərdə tutulan vaxtdan iki ay tez təhvil veriblər.

Həmin nəhəng magistraldan danışarkən ilk növbədə yada Vətənimizin böyük oğlu, qurucu, qədəm qoyduğu hər bir yerə inkişaf, tərəqqi gətirmiş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev düşür. Rusiya Prezidenti Vladimir Putinin, dəmir yolu sahəsinin veteranlarının ulu öndərimizi yad etməsi, onunla bağlı xoş xatirələrini paylaşması hər birimizi qürurlandırdı. Bu, bir tarixdir ki, müasir Azərbaycanı yenidən quran, onu böyük və dönməz inkişaf yoluna istiqamətləndirən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyərkən də öz bənzərsiz fəaliyyəti ilə dərin iz qoymuşdur. O, BAM-ın tikintisini sürətləndirmək, aparılan işin keyfiyyətini artırmaq məqsədilə 1984-cü ilin iyununda tikinti regionuna getmiş, orada əməkçilərlə görüşmüş, tikinti obyektlərinə baxış keçirərək, tikilən yeni qəsəbələr və şəhərlərlə tanış olmuşdur. SSRİ-nin rəhbər vəzifəli şəxsinin sadə əməkçilərlə görüşməsi və söhbətləşməsi, qayğıları ilə maraqlanması onlara yeni impuls vermiş, işi başa çatdırmaq üçün daha səylə çalışmağa ruhlandırmışdır. Tikintinin gedişi ilə bağlı ulu öndərin Siyasi Bürodakı geniş nitqindən, işi sürətləndirməklə bağlı təşəbbüslərindən sonra BAM-ın tikintisində ciddi irəliləyişlər baş vermişdi.

Əminliklə deyə bilərik ki, bilavasitə Heydər Əliyevin peşəkar fəaliyyəti nəticəsində 1984-cü ildə Baykal-Amur Magistralı hesabına SSRİ-də dəmir yolu xətlərinin uzunluğu 300 min kilometrdən çox artmışdı. Qürurvericidir ki, 2008-ci ildə BAM-da yerləşən Anqoy stansiyası yenidən təmir edilərkən ona məhz ulu öndər Heydər Əliyevin adı verilmişdi.

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları

Konfederasiyasının sədri,

Milli Məclisin deputatı.