BBC-dən ölkəmizə qarşı təxribat
Gündəm

BBC-dən ölkəmizə qarşı təxribat

Böyük Britaniyanın ən böyük media orqanlarından biri olan BBC Yayım Korporasiyasının Qarabağla bağlı hazırladığı veriliş təəssüf doğurub. Əvvəla onu deyək ki, Britaniya Azərbaycanın mövqeyini dəstəkləyir, ölkəmizlə strateji tərəfdaşlıq münasibətlərinə malikdir. BBC isə Britaniyanın ictimai yayım xidmətçisidir və onun hökumətin rəsmi mövqeyinin əksinə, subyektiv xarakterli süjet yayımlaması sual doğurur.

Kristian Frezerin aparıcılıq etdiyi "Context" verilişində iki erməni Qarabağdakı hadisələrlə bağlı danışıb. Bu qədər nüfuzlu bir xəbər agentliyinin birtərəfli süjet hazırlamasının qeyri-peşəkarlıqdan irəli gəldiyinə inanmaq absurd olardı. Verilişdə danışan ermənilərdən biri, musiqiçi Serj Tankiyan, digəri isə Artak Beqlaryandır. "Dağlıq Qarabağda humanitar böhran" başlıqlı sujet jurnalist etikasına tamamilə ziddir. Azərbaycanın beynəlxalq qanunlarla qəbul edilmiş sərhədlərindən hazırlanan verilişdə ölkəmizin mövqeyinin əks edilməməsi aydın şəkildə, Azərbaycan əleyhinə təbliğat aparılması deməkdir. BBC-nin media qurumları arasında ən məşhur, peşəkar və örnək göstərilənlərdən biri olmasına baxmayaraq, şirkət Azərbaycana qarşı münasibətdə öz prinsiplərini unutmuş kimi görünür.

Təxribatın birinci hissəsi, verilişin başlığının özüdür. Bölgədə heç bir kriz yoxdur. Verilişdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əraziyə 40 tonluq un məhsullarından ibarət TIR göndərib öz səxavətini, humanist mövqeyini göstərməsi barədə danışılmır. Axı, Bakıdan Xankəndiyə göndərilən humanitar yükün gözlədiyi yerə BBC özü də daxil olmaqla "Bloomberg", "Getty İmage" kimi xarici media qurumları gəlib.

İkinci təxribat isə Qarabağ adının önündə "Dağlıq" sözünün işlədilməsidir. Baxmayaraq ki, "Dağlıq Qarabağ" deyilən bir ərazi vahidi yoxdur. Burada Qarabağ iqtisadi rayonu yerləşir və bu, Azərbaycan ərazisidir. BBC burada bir daha öz subyektiv yanaşmasını əks etdirib. Verilişdə yalnız iki erməni şəxsin fikirlərinə yer verilib. Azərbaycan tərəfinin mövqeyi əks etdirilməyib və bu da jurnalistlik standartlarına uyğun deyil. Bunlardan əlavə, Artak Beqlaryanın qondarma "Respublikanın keçmiş ombudsmanı" kimi qələmə verilməsi açıq təxribatdır. Beynəlxalq qaydalarla təsdiq edilməmiş adların işlədilməsi və separatçı fikirlərin efirdə səslənməsilə BBC kimi nüfuzlu bir media şirkəti öz subyektiv mövqeyini ortaya qoyub və öz imicini zədələyib.

Düşmən müharibə şəraitində cinayətlər törətdiyi kimi, informasiya savaşında da öz böhtan və yalan siyasətindən əl çəkmir. Lakin Azərbaycanın rəsmi qurumları hər zaman təxribatlara qarşı lazımi cavabı operativ şəkildə verib. BBC-nin David Babayanla müsahibəsi haqqında Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ağdam-Xankəndi yolunda AzQAC-ın ərzaq yükünün yerləşdiyi məntəqədə Qarabağ separatçısı David Babayanın fikirləri ilə bağlı suala cavab kimi, jurnalistlərə açıqlaması zamanı deyib: "Təəssüf edirəm ki, BBC-nin Azərbaycan xidməti terrorçu mahiyyət daşıyan insandan müsahibə alıb. Hər halda, sizin media siyasətinizə hörmətlə yanaşıram, amma konkret olaraq, o adamın fikirlərinə münasibət bildirmək istəmirəm". Həmçinin Prezidentin köməkçisi Hikmət Hacıyev öz rəsmi sosial media hesabında paylaşım edərək bildirib: "Pullar danışır" seriyasından! Göründüyü kimi, Avropanın ən dəhşətli, qanlı və cinayətkar separatçı qurumu olan qondarma "Dağlıq Qarabağ Res."in "yubileyi" ərəfəsində Ermənistan hökumətinin və erməni lobbi qruplarının göstərişi ilə yeni dramatik dezinformasiya və manipulyasiya kampaniyasına start verilib". H.Hacıyev qeyd edib ki, biabırçılıq da olsa, ən azından NATO-nun keçmiş baş katibi təbliğat kampaniyasına görə Ermənistan hökuməti tərəfindən pul aldığını inkar etmir: "Bəzi siyasətçilər riyakarlıqla dünyanı "yaxşı və pis separatçılar və cinayətkarlar"a bölürlər. Köhnə vərdişlərdən vaz keçmək çətindir! Narahat edən məqam odur ki, BBC öz nizamnaməsində "bütün materiallarında lazımi qərəzsizliyə nail olmağa sadiq olduğunu, bu öhdəliyin reputasiyaları, dəyərləri və tamaşaçıların etimadı üçün əsas" olduğunu bildirsə də, birtərəfli və qərəzli aqressiv manipulyasiya və yalan təbliği ilə məşğuldur, o cümlədən "Context" proqramında. BBC bütün səslər, xüsusən də həssas mövzular üçün platforma rolunu oynamalıdır".

2020-ci ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyevin "BBC" telekanalına müsahibəsi sosial şəbəkələrdə geniş yayılıb və 3 milyondan çox izləyicisi olub. Müsahibədə jurnalist "senzura" və "müxalifətin sıxışdırılması" kimi yalan ittihamlarla çıxış edib. Prezidentin Qərb təbliğatına və ikili standartlarına açıq-aydın cavablar verməsi diqqət çəkib. Bütün bunlar Azərbaycanın maraqlarının, həm də informasiya müharibəsində müdafiə edildiyinin sübutudur.

Nurcan SÜLEYMANOVA,

"Respublika"