MİLLİ İDEOLOGİYA VƏ İDEYALAR
Siyasət

MİLLİ İDEOLOGİYA VƏ İDEYALAR

Növbədənkənar Prezident seçkilərində İlham Əliyevin 92,12 faiz səslə Prezident seçilməsi ilə Azərbaycan Respublikasının dövlətçilik tarixində yeni bir mərhələnin başlanğıcı qoyuldu. Bu seçkilər bir daha sübut etdi ki, təqribən 11,3 milyonluq müstəqil Azərbaycan əhalisi öz müdrik liderinin və görkəmli dövlət xadiminin apardığı daxili və xarici siyasəti ürəkdən bəyənir və dəstəkləyir.

Güclü və müdrik rəhbərlik ölkənin dayanıqlı inkişafına təsir edən mühüm amildir. Bu baxımdan müstəqil daxili və xarici siyasət yürüdən Prezident İlham Əliyevin məqsədyönlü siyasəti və uzaqgörən uğurlu diplomatiyası dünya liderləri tərəfindən yüksək qiymətləndirilir. Bu bir aksiomdur ki, İlham Əliyevin həyata keçirdiyi siyasətin mahiyyəti və məzmunu ölkəmizin inkişaf strategiyasının bir çox hədəflərini əhatə edir və uğurla icra olunur. Qısa müddətdə qazanılan böyük uğurlar dediklərimizə sübutdur. Əlbəttə ki, bu nailiyyətlər xalqımızın vahid amal uğrunda birləşməsi, dövlət başçısının apardığı siyasəti müdafiə etməsidir. Bu isə Xalq-Prezident-Ordu birliyinin göstəricisidir. Bu birlik azərbaycançılıq, dövlətçilik, vətənpərvərlik kimi yüksək milli ideyalarda birləşərək milli-mənəvi dəyərlərimizin potensial inkişafını təmin edir, milli və bəşəri məzmun kəsb edir. Bu milli ideyalar tarix boyu xalqımızı vahid mərkəzdə birləşdirən milli və dövlət atributları olmuşdur, bu gün də belədir.

Müstəqil Azərbaycanın quruculuq və inkişaf salnaməsinin ən parlaq dövrü olan 2003-2023-cü illər xalqımızın dövlətçilik tarixində və beynəlxalq aləmdə qazandığı fundamental nailiyyətlərə görə "Qızıl dövrü" təşkil edir.

Müstəqil dövlətimizin və dövlətçiliyimizin inkişaf proqramının strateji istiqamətlərini müəyyənləşdirən Prezident İlham Əliyev ölkəmizin sosial-iqtisadi, hərbi-siyasi və milli-mənəvi dəyərlərinin daha da inkişaf etdirilməsi məqsədilə Dövlət proqramları qəbul etmiş, milli ideologiyamızın və azərbaycançılıq məfkurəsinin formalaşmasına qayğı və diqqəti artırmış, davamlı inkişaf nəticəsində Azərbaycan güclü və qüdrətli dövlətə çevrilmişdir.

Bu ilin yanvarında yerli televiziya kanallarına verdiyi müsahibəsində Prezident İlham Əliyev demişdir: "...Bizim əsas ideyamız ərazilərimizin azad edilməsi idi... və biz buna nail olduq...". Bəli, bu ideya Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirildi. İndi qarşıda duran taleyüklü vəzifələrin, müstəqil Azərbaycan dövlətinin daxili və xarici siyasətinin prioritet istiqamətlərini müəyyən edən yeni və konseptual ideyaların hazırlanması tarixi reallıq kəsb edir, qarşıda duran bütün hədəflər milli ideyalarda öz əksini tapmalıdır. Əlbəttə ki, hazırlanan milli proqramda, milli ideologiyamızın formalaşmasında cənab Prezidentin dediyi kimi, bizim gələcək inkişafımızla bağlı milli ideya və ideyalarımız olmalıdır. Yeni tarixi mərhələdə müəyyən edilən milli ideyalar konkret fəaliyyət proqramına, həm də davamlı və dayanıqlı inkişafa təsiretmə mexanizminə də malik olmalıdır.

Müdrik şəxsiyyətlər, alimlər və görkəmli dövlət xadimlərinin fikrincə cəmiyyətin inkişafında onu irəliyə apara biləcək sağlam ideyalar, milli ideologiyanın bütün komponentlərini özündə əks etdirən bütöv bir ideya proqramı olmalıdır. Millətin arzu və istəklərini, cəmiyyətin inkişaf strategiyasını, inkişafın şüur və düşüncələrini, onların bütöv bir dünyagörüşünü özündə birləşdirən əhatəli və elmi cəhətdən kompleks proqram hazırlanmalıdır. Əvvəlki zamanla müqayisəli, sistemli, planlı formada hazırlanan proqram bütöv bir cəmiyyətin və eyni zamanda dövlətimizin milli maraqlarını təmin etməli, daxili və xarici siyasətin məzmununu, onun mahiyyətini və qarşıda duran strateji hədəfləri həll edə biləcək vəzifələri əhatə etməlidir.

Qabaqcıl milli ideyalar ölkənin və cəmiyyətin sosial-iqtisadi inkişafını, hərbi-siyasi tərəqqisini, həm də mənəviyyatını ehtiva edən düşüncələr toplusu olmalıdır. Qabaqcıl ideyalar həqiqətən cəmiyyətin inkişafını təmin edəcək şüarlar kimi böyük əhəmiyyətə malikdir. Alimlər dönə-dönə qeyd etmişlər ki, ideyalar maddi qüvvəyə çevriləndə böyük inkişaf baş verir. Çünki qabaqcıl fikirlər və ideyalar həmişə köhnəliyi rədd edir və yeniliklərlə zəngin olur. Hər bir yaxşı fikir, düşüncə və ideya başqalarına da yaxşı təsir edir və beləliklə də özünün əhatə coğrafiyasını genişləndirir.

Həmişə olduğu kimi, bu gün də düşünülmüş ideyalar bəşəri məzmun kəsb edir və hər kəs tərəfindən qəbul edilir. Çünki bu ideyalar həqiqəti əks etdirməli, insanları öz ətrafında birləşdirməli, milli maraqları təmin etməli, milli-mənəvi dəyərlərimizin inkişafına təsir göstərməlidir. Bəs bu ideyalar kompleksi necə və hansı formada başa düşülməlidir? Sadə dillə desək, bu ideyalar nədən ibarətdir? Zənnimizcə, milli ideyaları özündə əks etdirən proqram layihələrini aşağıdakı kimi səciyyələndirmək olar.

Ümummilli lider Heydər Əliyev demişdir: "Xalqı həmişə mənəviyyat birləşdirmişdir. Mənəviyyat bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir". İnsan mənəviyyatına yüksək dəyər verən ulu öndər dəfələrlə vurğulamışdır ki, milli-mənəvi dəyərlərimizi qorumaq, onu yeni-yeni ideyalarla zənginləşdirmək hər birimizin müqəddəs vəzifəsidir. Milli-mənəvi dəyərlər xalqın minilliklərdən bəri qazandığı adət-ənənələr, əxlaqi dəyərlər, xalqımızın kimliyini və mənliyini təsdiq edən mənəvi pasportdur.

Milli-mənəvi və dini dəyərlər əslində hər bir xalqın tarix boyu qoruduğu və bu yüksək keyfiyyətləri zaman-zaman inkişaf etdirdiyi atributlardır. Hətta dini və mənəvi dəyərləri qorumaq uğrunda savaşlar və müharibələr də olmuşdur. Milli-mənəvi köklərə bağlılıq, dini dəyərləri qorumaq və bütöv bir ideya ətrafında bir yumruq kimi birləşmək yeni və sağlam ideologiyanın proqram vəzifəsi olmalıdır. Sovet imperiyasının 70 il ərzində qadağan etdiyinə baxmayaraq, xalqımız milli-mənəvi və dini-əxlaqi dəyərləri qəlbində saxladı, dini və mənəvi bayramları mühafizə etdi və yaşatdı.

Ulu öndər Heydər Əliyev mənəvi tərbiyəni daim aparmaq, insanları onun ətrafında birləşdirmək, bu böyük ideya anlayışının məzmun və mahiyyətini aşılamaq vəzifəsinə xüsusi önəm verirdi. Tarix boyu xalqımızın əldə etdiyi milli-mənəvi və əxlaqi-dini keyfiyyətlər bütöv bir salnamədir və xalq inciləri kimi günümüzə qədər gəlib çatan bəşəri keyfiyyətlərdir. Ulu öndər deyirdi: "...Xalqımızın tarixinin əsasını təşkil edən bu ümumbəşəri dəyərlər, milli-mənəvi dəyərlər bizim üçün nümunədir, yüksək mənəviyyatdır...".

Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti seçilməsi ilə ölkəmizdə milli-mənəvi və dini dəyərlərə münasibət kökündən dəyişdi, sözün əsl mənasında bu dəyərlər sistemi böyük sürətlə inkişaf etdi. 1994-cü ildə Məkkəni və Mədinəni ziyarət zamanı Heydər Əliyev demişdir: "Mən orada indiyə qədər həyatımda ən yüksək mənəvi hisslər keçirdim, qəlbim sevindi, ruhum şadlandı. Çünki mən anadan müsəlman kimi doğulmuşam, müsəlman kimi yaşamışam. Nəhayət, bu yerləri ziyarət etmək ən böyük arzum idi… Orada dua edərkən Allahdan bir arzum olmuşdur ki, Azərbaycanın müstəqilliyini daimi etsin…". Ulu öndər dəfələrlə öz çıxışlarında islam dininin bəşəri keyfiyyətlərə və yüksək mənəvi-əxlaqi dəyərlərə malik olması ilə bağlı müsbət fikirlərini xalqla bölüşmüşdür: "İslam dini yaranandan indiyə qədər kürreyi-ərzin insanlarının çox hissəsini düz yola, ədalətə, saflığa, paklığa, yüksək mənəviyyata yönəltmiş və onların belə yaşamasını təmin etmiş müqəddəs bir dindir".

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində vurğulamışdır ki, yeni ideya axtarışları istiqamətində insanların arzu və istəklərini ifadə edən bir doktrina ortaya qoyulmalıdır. Belə bir doktrina azərbaycançılıq ideologiyası ola bilər. "Mən fəxr edirəm ki, azərbaycanlıyam!" - deyən ulu öndər azərbaycançılığı milli ideologiya, milli təlim kimi irəli sürür, mənəviyyatımızı və mənəvi dəyərlərimizi təkcə milli varlığımız üçün yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi.

2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncamda deyilir: "Dövlətçilik salnaməsində silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyevin zəngin və çoxşaxəli irsi xalqımızın milli sərvətidir".

Azərbaycançılıq ideologiyası məzmun və ideya baxımından yüksək milli anlayışdır. Bu gün mənəvi və tarixi ideya ətrafında birləşmək mühüm əhəmiyyət kəsb edir. Çünki bu ideya xalqımızın minilliklərdən keçib günümüzə qədər əldə etdiyimiz bütün nailiyyətləri ehtiva edir və hər bir insanın bu şüar ətrafında birləşməsini təlqin edir. Azərbaycanlı olan hər kəs çox gözəl bilir ki, bu fəlsəfi anlayışın məzmununda xalqın və millətin birliyi, dövlətin müstəqilliyini göz bəbəyi kimi qorumaq vəzifəsi, ana südü qədər Vətəni, xalqı və dövləti sevmək hissləri dayanır. Azərbaycançılıq ideyasına yüksək dəyər verən ulu öndər dönə-dönə qeyd edirdi ki, azərbaycançılıq milli birlik, milli həmrəyliyi, milli mənsubiyyət və bütün dünya azərbaycanlılarının vahid bir ideya ətrafında birləşməsidir. Ulu öndər bir tarixi vəzifə kimi qeyd edirdi ki, "...biz azərbaycançılığı yaşatmalıyıq".

Gənclərin tarixi yaddaşının möhkəmləndirilməsində tariximizin öyrənilməsinin əhəmiyyəti böyükdür. Gənc nəslin dünyagörüşünün formalaşmasında, onlarda Vətən təəssübkeşliyinin, siyasi mənlik şüurunun və azərbaycançılıq ideologiyasının güclənməsində, müstəqil dövlətimizin daha da inkişafında, ona sevgi və məhəbbətin aşılanmasında Heydər Əliyev milli-mənəvi irsinin öyrənilməsinin çox böyük aktual tərəfləri və elmi-nəzəri əhəmiyyəti vardır. Milli-mənəvi irsimizə, tariximizə, dövlətçiliyimizə və azərbaycançılıq məfkurəsinə bağlılıq Heydər Əliyevin ruhundan və əqidəsindən qidalanırdı. Özünün dediyi kimi, ömrünü və həyatını xalqına həsr etmişdi. Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş, azərbaycanlı olması ilə fəxr etmişdi. Dövlətçilik salnaməsində silinməz izlər qoymuş ulu öndər özünün zəngin həyat yolu və fəaliyyəti ilə ölkəmizin bugünkü və gələcək inkişafının strategiyasını müəyyən etmişdir.

Milli ideologiyanın formalaşmasında dövlətçilik prinsiplərinin inkişafı, Vətənə, dövlətə, xalqa məhəbbət ideyalarının formalaşması böyük əhəmiyyətə malikdir. Əslində Vətənə, dövlətə və dövlətçiliyə məhəbbət yüksək mənəvi keyfiyyətdir, real mənəvi qüvvədir. Böyük şair A.Səhhət çox gözəl demişdir: "Vətəni sevməyən insan olmaz...".

Dövlətçilik bütöv bir sistemli, müqayisəli təlimdir, Dövlət Proqramıdır. Xalqımız dövlətçiliyi qorumaq yolunda tarix boyu milli azadlıq mübarizələri aparmış və son nəticədə öz istəyinə nail olmuşdur.

Heydər Əliyev Azərbaycanı çox sevdiyi kimi, tariximizin yenidən, həm də düzgün və obyektiv yazılmasına da xüsusi diqqət verirdi. "Canım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır" deyən Heydər Əliyev azərbaycançılıq və dövlətçilik fəlsəfəsini inkişaf etdirərək doğma xalqını vahid milli ideologiya ətrafında birləşdirməyi bacaran dahi rəhbər və qüdrətli dövlət başçısı idi. Heydər Əliyevin dahiliyi həm də onda idi ki, milli tariximizdə ilk dəfə azərbaycançılıq və dövlətçilik anlayışına aydınlıq gətirdi, mahiyyətini, məqsəd və prinsiplərini ətraflı izah etdi. Qeyd etdi ki, azərbaycançılıq əsasən dövlətçilik və milli vətənpərvərlikdən ibarətdir: "Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər - bunlar hamısı azərbaycançılıq anlayışının tərkib hissələridir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaq və möhkəmləndirməkdir". Dərindən düşünəndə aydın görünür ki, ulu öndər milli ideologiyamızın bütöv bir sistem halında yeni konsepsiyasını yaratmış, doğma xalqımızın möhkəm birliyinin əsaslarını müəyyənləşdirmiş, bununla da milli-mənəvi dəyərlərin inkişafına dair yeni bir məktəbin təməlini qoymuşdur. Bu baxımdan, Azərbaycan dövlətçiliyi naminə dahi rəhbərin müəyyən etdiyi və həyata keçirdiyi milli konsepsiya onun tarixi xidmətlərindən biridir.

Milli birliyi, milli kökləri və milli həmrəyliyi vacib bilən Ulu Öndər dönə-dönə qeyd edirdi ki, "bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır".

Azərbaycan dövlətçiliyi məsələlərinə yüksək qiymət verən ulu öndər Heydər Əliyev deyirdi ki, dövlətçilik həm də azərbaycançılıq deməkdir, milli-mənəvi dəyərləri inkişaf etdirmək deməkdir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaq və möhkəmləndirmək, ölkəmizin sosial-iqtisadi inkişafını təmin etmək deməkdir. Buna görə də, "...Hər bir gənc Azərbaycanın müstəqil gələcəyini təmin etmək üçün Vətəni sevməlidir, ölkəni sevməlidir, torpağı sevməlidir, xalqını sevməlidir, millətimizi sevməlidir, milli ənənələrimizi sevməlidir, tariximizi sevməlidir".

Beləliklə, Heydər Əliyevin dediyi kimi, bu gün bizim hamımızı birləşdirən, həmrəy edən dövlətçilik, azərbaycançılıq və milli-mənəvi dəyərlərimizdir.

Ümummilli lider Heydər Əliyev geniş ictimai-siyasi fəaliyyəti ilə nəinki Azərbaycan xalqının şərəfli tarixində, eləcə də bütün dünyada geniş ad-san qazanmışdı. Heydər Əliyevin hərtərəfli fəaliyyətinin başlıca xüsusiyyətlərindən biri doğma Vətəni, onun tarixi, mədəniyyəti, adət-ənənələri, milli mentaliteti və milli-mənəvi dəyərləri ilə qırılmaz tellərlə bağlılığıdır.

Vətən sevgisini formalaşdırmaq istiqamətində ən mühüm amillərdən biri də vətənpərvərlik hissləridir. Bu ülvi amal insanları birləşdirmək yolunda ali prinsiplərdir, xalqın birliyində mühüm rol oynayır. İkinci Qarabağ müharibəsi ərəfəsində və gedişində bunun canlı şahidi olduq. Bütün Azərbaycan xalqı ayağa qalxdı, Vətən torpaqlarını işğaldan azad etmək uğrunda döyüşməyi özünə müqəddəs vəzifə bildi. Bütün xalq vahid bir ideyada, dövlətin, dövlət başçısının, milli ordunun ətrafında bir yumruq kimi birləşdi. Bax, bu, əsl vətənpərvərlikdir, Vətəni sevməkdir.

Vətənpərvərlik anlayışına yüksək dəyər verən Heydər Əliyev onu xalqımızın şərəfli tarixi, milli-mənəvi irsimizin yüksək keyfiyyətləri, bütöv bir azərbaycançılıq məfkurəsi ilə birlikdə, kompleks formada təhlil edir və yüksək qiymətləndirirdi: "Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük məfhumdur. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik".

Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi, Laçın keçid məntəqəsinin açılması və 23 saatlıq antiterror tədbirlərinin tam qələbə ilə başa çatması nəticəsində 30 illik işğala son qoyuldu, Azərbaycanın ərazi bütövlüyü və ölkəmizin suverenliyi tamamilə bərpa edildi. Yerli televiziya kanallarına verdiyi müsahibəsində Prezident İlham Əliyev bu barədə demişdir: "... bütün bunlar tarixi hadisələrdir. Biz hamımız xoşbəxtik ki, bu dövrdə yaşayırıq, bu dövrün şahidləriyik, bu böyük Zəfərin əldə olunmasında iştirak etmişik, hərə öz yerində... Bu, ümummilli bir məsələyə çevrildi, ümummilli hərəkata çevrildi...". Bəli, bu ümummilli hərəkat xalqımızın vahid bir ideya ətrafında dəmir yumruq kimi birləşməsinin ən parlaq nümunəsidir. Bütün dünya gördü və bildi ki, Azərbaycan xalqı nəyə qadirdir. Xalq-Ordu-Prezident birliyi, xalqımızın ideya birliyi vətənpərvərlik deməkdir. Müstəqil dövlətimizin daha da möhkəmlənməsinə və güclü dövlətə çevrilməsinə həlledici təsir edən milli-mənəvi dəyərlərə malik olan ideyalar müasir dövrümüzdə daha aktualdır və ümummilli əhəmiyyətə malikdir.

Nuru MƏMMƏDOV,

tarix elmləri doktoru,

BDU-nun professoru,

Əməkdar müəllim.