Beynəlxalq ictimaiyyətin diqqət mərkəzində
Gündəm

Beynəlxalq ictimaiyyətin diqqət mərkəzində

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya səfər edib. Səfər zamanı Prezidentin bir çox siyasətçi və şirkət rəhbərləri ilə görüşləri baş tutub.

"Leonardo" şirkətinin baş həmdirektoru Lorenzo Marianinin ardınca, ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri İan Borq və Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Basso ilə görüşlərin keçirilməsi xüsusilə diqqət çəkib. Həmçinin İsrail prezidenti və Türkiyənin xarici işlər naziri də cənab İlham Əliyevlə görüşüb. Tədbir davam edir və bu onu göstərir ki, Azərbaycan beynəlxalq ictimaiyyətin daim diqqət mərkəzindədir. Buradan görünür ki, Azərbaycan müxtəlif dövlət və şirkətlərin marağını cəlb edir və ölkəmizi dəstəkləyən dövlət və tərəfdaşları var. Respublikamız qətiyyətli, iradəli və məqsədyönlü xarici siyasət həyata keçirir. Belə ki, Azərbaycanın inkişafını və irəliləməsini istəyən və dövlətimizlə bərabərtərəfli, bərabərhüquqlu əməkdaşlıqda maraqlı olan qurumlar var ki, bu da Azərbaycanın siyasətinin balanslaşdırılmış şəkildə həyata keçirilməsinin əsas göstəricilərindən biridir.

Eyni zamanda da ölkəmiz artıq fərqli kriteriyalar əsasında xarici siyasət həyata keçirir. Çünki əvvəl Azərbaycan birbaşa olaraq həqiqətlərin dünyaya çatdırılması və Qarabağın işğaldan azad edilməsi məsələlərinə fokuslanmışdı. İndi isə Zəfərdən sonra fərqli xarici siyasət yürüdür. Xüsusilə xarici iqtisadi əlaqələrin gücləndirilməsi və beynəlxalq ictimaiyyəti narahat edən önəmli məsələlər ətrafında Azərbaycanın da verə biləcəyi dəstək və regionumuzda uzunmüddətli və dayanıqlı sülhün əldə olunması üçün gələcək perspektivlər müzakirə olunur.

Azərbaycanın Münxen Təhlükəsizlik Konfransında iştirakı mühüm məqamlardan xəbər verir. Mən düşünürəm ki, Azərbaycanın əleyhinə çalışan və ölkəmizə qarşı təzyiq tətbiq edən bir çox dövlətlər var ki, onlar baş vermiş mühüm hadisələrdən və keçirilmiş bu görüşlərdən düzgün nəticə çıxararaq qərəzli mövqelərindən əl çəkəcəklər. Ən əsası odur ki, Cənubi Qafqaz regionuna təzyiq və təsir alətlərini gücləndirmək niyyətlərindən əl çəkməklə yanaşı, Azərbaycanı yaratdığı yeni reallıqlarla birlikdə qəbul etməyi öyrənəcəklər.                                     

Naqif HƏMZƏYEV,

Milli Məclisin deputatı.