Beynəlxalq konvensiyalara qoşulmuş dövlətlər öz məsuliyyətlərini dərk etməlidir
Digər xəbərlər

Beynəlxalq konvensiyalara qoşulmuş dövlətlər öz məsuliyyətlərini dərk etməlidir

Azərbaycanın xarici ölkələrdəki diplomatik korpuslarına qarşı son günlər erməni radikalları tərəfindən hücumlar təşkil edilir. Ermənilər müxtəlif ölkələrdəki səfirliklərimizə yürüşlər təşkil edir, səfirlik binasına zorla soxulmağa cəhd göstərirlər. Bu aksiyalar sinxron şəkildə həyata keçirilir və fərqli ölkələrdə baş tutur. Bu, kompleks tədbirdir və bunun tərkib hissələrindən biri səfirliklər qarşısında aksiyalar keçirmək və  səfirlik binalarına hücumlar təşkil etməkdir.

Avqustun 31-də Azərbaycanın Livandakı səfirliyinə bir qrup erməni əsilli şəxs hücum edib.  Səfirliyimizin qarşısında aksiya keçirən 50 nəfərdən ibarət qrup səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin binasına atıb. Səfirliklərimizin binasının lazımi səviyyədə qorunmaması isə həmin  dövlətlərin beynəlxalq hüquqla üzərinə götürdüyü öhdəliklərin pozulması deməkdir. 

Bu barədə deputat Naqif HƏmzƏyev bildirir ki, Azərbaycanın Livandakı səfirliyinə təşkil edilən hücumun təşkilatçıları erməni əsilli şəxslərdir və bunlar birbaşa erməni lobbisinin təsiri ilə hərəkət edirlər: "Əslində dinc aksiya adı altında keçirilməsi nəzərdə tutulan bu tədbir daha sonra Azərbaycan səfirliyinə qarşı hücumla davam etdirildi və çox təəssüflər olsun ki, həmin ölkənin hüquq-mühafizə orqanları da bu qanun pozuntusunu və cinayətin qarşısını almadılar. Ancaq sonradan Azərbaycan rəsmilərinin Livan rəsmiləri və aidiyyəti orqanları ilə birbaşa təmasından sonra koordinasiyalı şəkildə bu cinayəti törətmiş şəxslərin araşdırılması və cinayət məsuliyyətinə cəlb olunması məsələsi ətrafında razılıq əldə olundu. Biz də ümid edirik ki, aidiyyəti qurumlar bu cinayətləri həyata keçirən şəxslərin tapılaraq qanun qarşısında cavab verməsini təmin edə biləcəklər. Ancaq ümumilikdə son dövrə nəzər yetirsək görərik ki, xüsusilə də 44 günlük Vətən müharibəsinin gedişində və ondan sonrakı dövrlərdə erməni diasporunun aktivliyi daha da artıb".

Millət vəkili, həmçinin qeyd edib ki, onlar diplomatik yollarla və yaxud hansısa beynəlxalq təşkilatlar, konqresmenlər, siyasətçilər, diplomatlar və jurnalistlər vasitəsilə Azərbaycana lazımi təzyiqləri edə bilmədikləri anda birbaşa olaraq aktiv şəkildə Azərbaycan səfirliklərinə hücumlar təşkil edir, azərbaycanlılara qarşı hansısa cinayətlər törədir və Azərbaycanın diplomatik missiyasının fəaliyyətini iflic edirlər: "Bununla Azərbaycan-Ermənistan sülh danışıqlarına kölgə salmaq, prosesləri uzatmaq və nəticə etibarilə münaqişənin yenidən alovlanmasına təsir göstərirlər. Ancaq çox təəssüflər olsun ki, Azərbaycan səfirliklərinin mühafizəsini təmin etməkdə məsuliyyətli olan həmin dövlətlərin hüquq-mühafizə orqanları o qədər də canfəşanlıq etmir,  əksinə onlar məhz erməni vətəndaşlara, erməni əsilli insanlara bu aksiyaları keçirməyə şərait yaradırlar. Nəticə etibarilə belə cinayətlər törədilir. Əslində isə onlar birbaşa olaraq Azərbaycan səfirliklərinin təhlükəsizliyinin təmin edilməsinə məsuliyyət daşıyan şəxslərdir.

Ümid edirik ki, gec-tez bütün bu cinayətkarlar qanun qarşısında cavab verəcək və beynəlxalq konvensiyalara qoşulmuş həmin dövlətlər öz məsuliyyətlərini dərk edəcək, erməni diasporunun təsiri altında bu cinayətlərin törədilməsinə göz yummayacaqlar".

Röya RÜSTƏMLİ,

"Respublika".