Beynəlxalq Qırmızı Xaç Komitəsi üzərinə öhdəliklər götürməlidir - Politoloq
Siyasət

Beynəlxalq Qırmızı Xaç Komitəsi üzərinə öhdəliklər götürməlidir - Politoloq

“Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Qarabağda, Azırbaycan ərazilərində qeyri-qanuni fəaliyyəti ilə bağlı qaldırılmış kampaniya son dərəcə aktual mahiyyət daşıyır.  Digər tərəfdən də bu, beynəlxalq dəyərlər üçün vacibdir. Çünki BQXK siyasi təşkilat deyil”.

Bunu “Respublika”ya açıqlamasında politoloq Tofiq Abbasov bildirib.

O, qeyd edib ki, BQXK sırf humanitar məsələlərlə məşğul olmalıdır, ancaq biz görürük ki, öz səlahiyyətlərini aşır:

“BQXK digər tərəfdən də qəsbkar ölkəyə köməklik göstərir ki, Azərbaycanda daxili vəziyyətlə bağlı yeni gərginlik ocaqları yaratsın. Lakin qeyd edilənlər yolverilməzdir. Əslində bu, həm Azərbaycanın daxili məsələlərinə, həm də xarici proseslərinə kobudcasına müdaxilə etmək mənasına gəlir, digər tərəfdən də, komitənin siyasiləşməsinə dəlalət edir. Nəticədə çox lazımsız və təhlükəli insidentlər yaradır. Təbii ki, hazırda ölkədə bütün zümrələr bu məsələdən böyük narahatlıq hissi duyur.  Çünki biz bir yandan erməni terrorunun, vandalizminin, separatizmin qarşısını alırıq ki, bölgədə vəziyyət sabitləşsin, digər bir yandan isə görürük ki, humanitar məsələləri öz öhdəliyinə götürmüş təşkilat vəzifəsini yerinə yetirmir, əksinə Ermənistanın əl-qolunu açmağa çalışır. Biz Laçın yolunda öz sərhədlərimizin nəzarətini artırmışıq, ümumiyyətlə isə, bölgədə bütün yollara, kommunikasiyalara öz diqqətimizi cəmləşdirmişik. Bu, ilk növbədə ona görə lazımdır ki, sülh prosesinin qarşısında maneələr olmasın. Amma BQXK-nın Ermənistandakı nümayəndəliyinin belə işlərə qol qoyması bir həqiqətdən xəbər verir ki, onlar öz səlahiyyətlərinin həddini aşırlar, bölgəyə sabitlik, sülh gətirmək əvəzinə, ona maneə törədirlər”.

“Ceyhun Bayramovun BQXK-nın nümayəndələri ilə görüşməyi təbii ki, BQXK-nın rəhbərliyinə Azərbaycanın etirazının digər bir nümunəsidir. Digər tərəfdən də, onlar öhdəlik götürməlidirlər ki, belə şeylər bir də olmayacaq, təkrarlanmayacaq və nəhayət Azərbaycandakı vəziyyətlə bağlı onlar hər hansısa bir iştirak forması düşünürlərsə, yanız müsbət tərzdə fəaliyyət olacaq. Ceyhun Bayramov çox təcrübəli diplomatdır, Azərbaycan dövlətinin siyasətini beynəlxalq dairələrə tam formada çatdıran bir şəxsiyyətdir. Təbii ki, Ceyhun Bayramov, bilavasitə Prezident İlham Əliyevin rəhbərliyi altında fəaliyyət göstərir. O, dövlət başçımızın bütün tapşırıqlarını yerinə yetirməklə, həm də qarşı tərəfə bildirəcək ki, hədlərini aşmasınlar”. 

Töhfə SƏMƏDOVA,

“Respublika”.