Beynəlxalq tədbirə hazır olmalıyıq
Siyasət

Beynəlxalq tədbirə hazır olmalıyıq

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası insanların iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün atmosferdə istixana qazlarının konsentrasiyasını sabitləşdirməyi nəzərdə tutan  beynəlxalq müqavilədir. Sənəd 1992-ci ildə Rio-de-Janeyroda keçirilən BMT-nin Ətraf Mühit və İnkişaf üzrə Konfransında 154 dövlət tərəfindən imzalanıb. 1993-cü il Kioto Protokoluna əsasən dünya ölkələri öhdəlik götürüb ki, 2010-cu ilə qədər istixana qazlarının həcmi 1990-cı il səviyyəsindən aşağı salınsın. Lakin bu uğur qazanmayıb. Ona görə də 2015-ci ildə Parisdə keçirilən COP-21 tədbirində iqlim dəyişmələri ilə mübarizə, uyğunlaşma və maliyyə məsələlərini əhatə edən saziş imzalanıb.

İran, Liviya, Yəmən kimi dövlətlər prosesdən kənar qalsalar da, digər ölkələr könüllü olaraq müxtəlif öhdəliklər götürüblər. Sözügedən sammitdə temperaturun qlobal artımının əvvəlki dövrlə müqayisədə iki dərəcədən artıq olmaması razılaşdırılıb. Bu anlaşmalara Azərbaycan da qoşulub. Ölkəmiz  2030-cu ilə qədər istixana qazlarının 35 faizə qədər azaldılmasını nəzərdə tutur. Əlbəttə, bu, çox ambisiyalı bir qərardır. Müvafiq olaraq görürük ki, sözügedən istiqamətdə dövlətimiz böyük işlər görüb, yaşıl enerjiyə investisiya qoyub, müxtəlif iqtisadi və sosial mexanizmlər hazırlayıb. Cari ildə COP29-un Azərbaycanda keçiriləcəyi barədə qərar verilməsi fəallığımızı bir qədər də artırıb.

Ümumiyyətlə, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından gözlənilir ki, iqlim, maliyyə mexanizmləri daha yaxşı işlənsin, eləcə də yeni hədəflər, strategiyalar müəyyənləşdirilsin. Ölkələr tərəfindən yaşıl iqlim fondlarının yaradılması istiqamətində daha mütərəqqi addımlar atıla bilər. Bütün bunların fonunda isə COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin iqlim dəyişmələri ilə mübarizədə qlobal oyunçuya çevrildiyinin bariz sübutudur.

Onu da nəzərə almaq lazımdır ki, sözügedən sammit təkcə ekoloji yox, həm də böyük siyasi-iqtisadi hadisədir. 70 mindən çox xarici qonağı qarşılamaq heç də asan məsələ deyil. Qonaqların bir yerdən başqa əraziyə necə gedəcəyi, harada yemək yeyəcəyi və istirahət edəcəyi müəyyənləşdirilməlidir. Bunun üçün isə ilk növbədə nəqliyyat infrastrukturu, otellər, kirayə evlər hazır vəziyyətə gətirilməlidir. Çünki Azərbaycana qarşı beynəlxalq səviyyədə qarayaxma kampaniyaları aparmağa çalışan qüvvələr var və onlar sözsüz ki, bu tədbirin təşkilati məsələləri barədə boşluqlar tapmağa çalışacaqlar. Biz buna icazə verməməli, indidən hərtərəfli formada hazır olmalıyıq. İnanıram ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası dünya tarixində çox mühüm bir hadisə kimi qalacaq və Azərbaycan həmişə pozitiv ev sahibi kimi xatırlanacaq.

Rövşən ABBASOV,

"Sağlam həyata doğru"

İctimai Birliyinin üzvü.