Bəzi partiyaların
Siyasət

Bəzi partiyaların "çürük alma" siyasəti ölkəmizin nüfuzuna xələl gətirməyə yönəlib

Azərbaycan yüksələn xətlə inkişaf edir. Ölkə ərazisində sabitliyin, təhlükəsizliyin bərqərar olması, vətəndaşların rahat yaşaması istiqamətində mühüm addımlar atılır. Bunlardan ən başlıcası isə terrorla mübarizədir. Məhz bu kontekstdə sentyabrın 19-da Azərbaycan separatçılara qarşı lokal xarakterli antiterror tədbirlərinə başladı. Nəticədə Qarabağ ərazisində qanunsuz yerləşən terrorçu ünsürlər tərk-silah edildi. Bu prosesə əks çıxan qüvvələr isə hər zaman olduğu kimi öz ampulasındadır...

Azərbaycan Silahlı Qüvvələrinin qarşısına qoyulan tapşırığı layiqincə yerinə yetirdiyini deyən hərbi ekspert Rövşən MƏhƏrrƏmov bu uğura kölgə salmaq istəyən qüvvələrin arzularının puç olacağını bildirib: "Həm xaricdən, həm də daxildən ordumuz əleyhinə qərəzsiz fikir bildirənlər sussunlar. Əsgər və zabitlərimiz çətin şəraitdə on minlik silahlı birləşməyə qarşı antiterror tədbirləri aparıb. Bu say Estoniya kimi dövlətin ordusunun say tərkibinə bərabərdir. İllər ərzində separatçı rejim Azərbaycanın humanist siyasətindən istifadə edərək öz "tör-töküntülərini" burada cəmləşdirib, mühəndis-istehkam işləri aparıb, fortifikasiya qurğuları quraşdırıb, betondan sığınacaqlar inşa ediblər.

Uzun illər regionda qeyri-sabitliyi "qorumaq" istəyən qüvvələr xuntanı yaxşı "bəsləyiblər". Təslim olan terrorçulardan əldə edilən qənimətlərin həcminə fikir versək, bu nüansı daha aydın görərik. Lakin ölkəmizin bu şərəfli tarix yazdığı günlərdə daxildən bəzi ünsürlər özlərini bir daha ifşa edirlər. Hakimiyyətlə qərəzi olan bu şəxslər və qurumlar hər zaman olduğu kimi, guya "ehtimal edirlər". Bu fonda təbliğat aparır, cəmiyyət arasında çaşqınlıq yaratmağa cəhd edirlər. Ölkəmiz hər dəfə beynəlxalq arenalarda növbəti qələbəsini qazananda, yaxud ordumuz zəfər meydanında düşmənə öz hünərini göstərəndə bəzi "maliyyələşən" ünsürlərin canına qorxu düşür. Lakin ölkədə qarşıdurma və hərc-mərclik yaratmaq istəyənlər sadəcə öz çənələrini yorurlar.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə silahlı qüvvələrimiz qarşıya qoyulmuş tapşırıqları layiqincə yerinə yetirdilər və antiterror tədbirlərini uğurla sona çatdırdılar. Bəzi anti-Azərbaycan təbliğatı aparanlar isə öz qeyri-işlək isterikalarından əl çəkməlidirlər".

Təəssüf ki, bəzi "parazit" qüvvələr yenə ölkəmizin nüfuzunu aşağı salmaq cəhdləri güdürlər. Sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi lokal xarakterli antiterror tədbirlərinə ölkəmizin siyasi partiyalarından dəstək gəldi. Lakin "Bermud üçbucağı"nın üç halqası olan AXC, Müsavat və Real bu çağırışlara biganə qalaraq Azərbaycan ərazisində mövcud olan 23 partiyanın birgə bəyanatına qoşulmadı və "çürük alma" siyasəti yürütdü. Yəni Birinci və İkinci Qarabağ müharibələri zamanı da biz açıq-aydın gördük ki, ölkənin haqq işinə xor baxıb, xarici havadarlarının maraqları naminə öz ölkəsinə satqınlıq edən ünsürlər var. Antimilli xarakterlərini ortaya qoyan bu qurumlar bir daha düşmən mövqeyindən çıxış etdilər. Xarici havadarlarının dəstəyinə arxalanıb xalqa xəyanət, vətənə, torpağa düşmənçilik, ordumuzun zəfərlərinə kölgə salmaq bu qurumların əsas siyasi xəttini təşkil edir. Təbii ki, Azərbaycan heç vaxt müharibə tərəfdarı olmayıb. Məsələni daima dialoq yolu ilə həll etməyə çalışan ölkəmiz 30 il boyunca səbir edib. İkinci Qarabağ müharibəsindən ötən 3 il ərzində yenidən canlanan separatçı ünsürlər özlərinə saxta "seçki" keçiriblər. Azərbaycan öz ərazisində suverenliyi bərpa etməli idi. Bunun üçün dəfələrlə çağırışlar edilsə də, buna məhəl qoyan olmadı. Ölkəmiz öz ərazisində qeyri-qanuni hərbi birləşmələrin varlığına göz yuma bilməzdi ki, bunu da son çarə olan hərbi yolla etdi. Mağaralarda, oyuqlarda, səngərlərdə, meşələrdə gizlənən terrorçuları silahsız təslim etmək qeyri-mümkün hala gəldikdə, Azərbaycan bunu zəruri olan hərbi taktika ilə həyata keçirdi.

Bu baxımdan, ölkədə pozuculuq siyasəti yürüdən qurumlar da məsələyə diqqətlə yanaşmalıdırlar. Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı olan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqımızın rifahının yaxşılaşdırılması üçün mütəmadi addımlar atır. Terrorun baş verməməsi üçün atılan zəruri və hüquqi addımlar Azərbaycanın daxilində "terror" təhlükəsinin ən kiçik qığılcımının belə olmaması uğurlu tədbirlərin məntiqi nəticəsidir...

Tacir SADIQOV,

"Respublika".