Biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq
Siyasət

Biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq

Azərbaycana rəsmi səfərə gələn NATO-nun Baş katibi Yens Stoltenberq martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birlikdə mətbuata bəyanatla çıxış ediblər. Bir çox məqamlara toxunan ölkə başçımız çıxışında Ermənistanla sülh prosesinin həlledici mərhələdə olduğunu vurğulayaraq bildirib. "Bu günədək sülh sazişinin layihəsinə dair ermənistanlı həmkarlarla 7 dəfə şərhlərin mübadiləsi baş tutub. Xarici işlər nazirləri və sərhədlərin delimitasiyası ilə bağlı Baş nazirlərin müavinləri arasında keçirilmiş görüşlər məsələnin həlli üçün yaxşı imkanın olduğunu nümayiş etdirir. Bu yaxınlarda qeyd etdiyim kimi, biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq".

Azərbaycan sülh müqaviləsinin imzalanmasına hazırdır və Prezident İlham Əliyev bütün çıxışlarında bu məsələni dəfələrlə vurğulayır. Sülh müqaviləsi hər iki xalq arasında münasibətləri yoluna qoyaraq, onlara bir coğrafiyada yaşamaq şansını yaradacaq. Azərbaycanın sülh üçün konkret təklifləri var. Biz birmənalı sülh istəyirik və bunu hər kəs görür. Sülh ən çox erməni xalqının rifahı üçün vacibdir. Belə ki, Qarabağ bölgəsində doğulub və burada yaşayan ermənilər sülh əldə edildiyi və Azərbaycan vətəndaşlığını aldıqları təqdirdə tam təhlükəsiz, digər vətəndaşlarla bərabərhüquqlu yaşayacaqlar.

Dünyanın müxtəlif yerlərində olduğu kimi, Cənubi Qafqazda da sülhün bərqərar edilməsini istəməyən, hətta bu prosesi açıq şəkildə əngəlləyən siyasi dairələr Ermənistanı çaşbaş salıblar. Bu ölkə öz gələcəyini milli maraqlarına əsasən deyil, Qərbin ambisiyaları üzərində qurmağa cəhd edir. Qərbin bu niyyətinin reallaşmasına zəmin yaradan Ermənistan isə görünür ki, öz halından məmnundur. Əks təqdirdə, heç bir ölkə yüzlərlə kilometr uzaqlıqdakı dövlətin forpostu olmaq istəməz.

Vaşinqtonda, Brüsseldə, Berlində, T

bilisidə, Moskvada, bir sözlə, bütün platformalarda sülh sazişini müzakirə etməyə və imzalamağa hazır olan Azərbaycan eyni zamanda 3+3 formatını da qəbul edir. Lakin Ermənistan Qərbi özünə dayaq bilir və yalnız Qərb platformalarında görüşü dəstəkləyir. Hazırda sülhə mane olan əsas səbəb Ermənistanın tutduğu mövqedir.

Bir sözlə, sülh prosesi ilə bağlı Azərbaycanın mövqeyi bəlli və şəffafdır. Ermənistan ilə Azərbaycan arasında baş tutan son görüşlərdə əldə edilmiş müsbət impulsun davam etdirilməsi üçün hər bir şərait və zəmin mövcuddur. Ən əsası isə bütün addımlarında və təkliflərində beynəlxalq hüquqa əsaslanan rəsmi Bakının yaratdığı haqq-ədalət mənzərəsi ortadadır.

Ermənistan hakimiyyəti unutmamalıdır ki, sülh sazişi ən çox onlara lazımdır. Azərbaycan nüfuzlu ölkə kimi bir çox beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edir. Öz reytinqini yüksəltməyə davam edən ölkəmiz sülh və sabitliyi təmin etməyə çalışır. Ermənistan da bu istiqamətdə atılan addımlara qoşulmalıdır. Əks təqdirdə, düşmən ölkə elə küncə sıxılmış vəziyyətdə qalacaq, dalan bir ölkəyə çevriləcək.

Röya RÜSTƏMLİ,

"Respublika".