Biz Şuşanı dirçəldirik
Region

Biz Şuşanı dirçəldirik

Qürurla qeyd etdiyimiz "Şuşa İli"ndən sonra "Heydər Əliyev İli"ni yaşayırıq. Bu iki ilin ardıcıllığında bir hikmət, bir qanunauyğunluq, bir bağlılıq var. Tariximizin bir parçasını yaşadan Şuşada ulu öndərin silinməz və pozulmaz izi yaşayır. Xalqımızın ümummilli lideri Heydər Əliyev Şuşa haqqında deyib: "Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibi olublar və Qarabağda Azərbaycan torpağının qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə, Azərbaycan yoxdur". Ata vəsiyyəti şərəflə yerinə yetirildi. Şuşa şəhəri rəşadətli Azərbaycan ordusunun misilsiz qəhrəmanlığı sayəsində düşmən əsarətindən azad edildi. Müzəffər Azərbaycan ordusu Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il noyabrın 8-də misilsiz bir qələbəyə, sözün əsl mənasında, tarixi bir Zəfərə nail oldu. Məkanı cənnət olan şəhidlərimizin qanı hesabına azadlığına qovuşmuş bu şəhər artıq böyük quruculuq, təmir-bərpa işlərinin, möhtəşəm tədbirlərin məkanına çevrilib. Şuşaya gələn insanlar 28 il ərzində törədilən erməni vandalizminin vəhşi izləri ilə yanaşı, Azərbaycan dövlətinin həyata keçirdiyi genişmiqyaslı quruculuq işlərinin şahidi olurlar. Qeyd edək ki, Şuşada mühüm infrastruktur layihələr sürətlə və keyfiyyətlə həyata keçirilir, Azərbaycanın çoxəsrlik, zəngin şəhərsalma mədəniyyətinin nadir incisi böyük səylə, güclü istəklə bərpa edilir.

Bütün Qafqazın incisi hesab olunan Şuşa şəhəri tarixi, mədəniyyət və memarlıq abidələri ilə zəngindir. İşğala qədər Şuşada memarlıq abidəsi sayılan yüzlərlə yaşayış binası, mədəniyyət və tarixi abidə olub. Ermənilər öz havadarlarına arxalanaraq Şuşada tarixi keçmişimizi, mənəvi yaddaşımızı silməyə cəhd göstəriblər. Şəhərdəki mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər dağıdılaraq talan edilib, saxtakarlıqla erməniləşdirilib. Düşmənin xam xəyalları puç oldu, xəbis niyyətləri məhv edildi. İndi Şuşa şəhərində erməni vandalizminə məruz qalan qədim yaşayış binaları, tarixi-memarlıq nümunələri və mədəniyyət ocaqları yenidən həyata qaytarılır. Şəhərdə infrastruktur layihələri ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpası da uğurla və sürətlə həyata keçirilir. Bir sıra yeni binaların da tikintisinə başlanılıb. Mədəniyyət paytaxtımızda tikinti-quruculuq işləri dövlətimizin başçısının tapşırığına uyğun olaraq şəhərin tarixi memarlıq xüsusiyyətlərinə uyğun həyata keçirilir. Prezident İlham Əliyev bu haqda deyib: "Şuşanın tarixi simasını bərpa etməliyik. Hər hansı bir tarixi memarlıq ansambla xələl gətirə biləcək başqa layihə orada icra edilməməlidir". Qarabağın tacı, Şərqin konservatoriyası, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm xidmətləri olan görkəmli xadimlərin vətəni, hərbi-strateji əhəmiyyətli qala və sıldırım qayalar üzərində möhtəşəm bir abidə olan Şuşa yer üzünə yenidən doğulur. Bu baxımdan Şuşanın əsl tarixi simasının, ənənələrinin və qədim mədəni abidələrinin bərpası mühüm əhəmiyyət kəsb edir.

Şuşanın keçmiş ənənələri bərpa edilir, bu qədim şəhərdə mədəni-kütləvi tədbirlər, beynəlxalq konfranslar keçirilir. 2021-ci il avqustun 29-30-da Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Şuşada bir sıra tədbirlər keçirilib və Şuşa şəhərinin Baş planı təqdim olunub. Azərbaycan şairi və ictimai-siyasi xadim Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı olub, həmçinin erməni vandalizminə məruz qalmış şairin öz evinin yerindəki büstü də yenidən ucaldılıb. Bir gün sonra, avqustun 30-da isə 39 il əvvəl - 1982-ci ildə ilk dəfə keçirilmiş Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən yenidən təşkil olunub. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazıb. 2021-ci il iyun ayının 15-də qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad edilən qədim Şuşa şəhərinə səfəri Türkiyə-Azərbaycan əlaqələrinin tarixində unudulmaz bir gün oldu. Azərbaycan Prezidenti İlham Əliyevin və qardaş Türk Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada keçirdikləri mətbuat konfransı son iyirmi il ərzində Türkiyə və Azərbaycanın dünya miqyasında müttəfiqlik münasibətlərinin zirvəsinə çevrildi. Qarabağın ürəyi, Azərbaycanın mədəniyyət paytaxtında iki qardaş ölkə arasında imzalanan Şuşa Bəyannaməsi əldə edilən qələbənin və ədalətin bərpa edilməsinin sarsılmaz olduğunu bir daha göstərdi. Haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrildi, tariximizə Zəfər Günü kimi həkk olundu. Ötən il noyabrın 8-də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxışında deyib: "Azərbaycan xalqı yaxşı anladı ki, bizim son məqsədimiz, müharibənin son məqsədi Şuşanı işğaldan azad etməkdir. Təkcə ona görə yox ki, Şuşa Qarabağın tacıdır. Ona görə yox ki, Şuşanın strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll edirdi. O cümlədən ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir".

Şuşanın əvvəlki şöhrəti özünə qaytarılır, şəhər ənənəvi dolğun mədəni həyatına qovuşur. Şuşa işğaldan azad edildikdən dərhal sonra şəhərin bərpasına başlanılıb. Görülən işlər sırasında infrastruktur layihələri xüsusi əhəmiyyət daşıyır. İlk olaraq "Zəfər yolu" çəkildi, 110/35/10 kilovoltluq "Şuşa" yarımstansiyası istifadəyə verildi, Füzulidəki "Şükürbəyli" yarımstansiyasından Şuşaya 110 kilovoltluq ikidövrəli elektrik verilişi xətti çəkilib, şəhərə suyun verilməsi və həyati əhəmiyyətli obyektlərin su təchizatı təmin edilib. Hazırda Şuşa şəhərinə gedən ikinci yolun - Əhmədbəyli-Füzuli-Şuşa yolunun inşası davam edir. Yaşayış binalarının tikintisi sürətlə aparılır.

Şuşanın təbiəti, əsrarəngiz mənzərəsi, möhtəşəmliyi insanları heyran edir. Şuşanın dağları, bu yerlərin gözəlliyi əsl həyat mənbəyidir. Şuşanın şimal-şərqində Qarabağ dağ silsiləsinin yamacında yerləşən Çaxmaq meşəsi də bu diyarın nadir sərvəti hesab olunur. Kirs, Şırlan, Armudlu, Əylis, Çınqıllı, Quşçular, Malıbəyli meşələri, Zarıslı və Xəlifəli çayları boyu uzanıb gedən, dağların ətəklərinə qədər geniş bir sahəni əhatə edən meşələr bu yerlərin əvəzsiz sərvəti kimi göz oxşayır. Şuşa qədim Azərbaycan şəhəridir, həmişə belə olub və əbədi də olacaqdır. Mənfur düşmən nə qədər çalışsa da, Şuşanın ruhunu, görkəmini dəyişdirə bilmədi. Evlər, tarixi abidələr, məscidlər sökülüb, bulaqlar qurudulub, təbiətə vəhşi münasibət göstərilib, buna baxmayaraq, Şuşa öz milli ruhunu saxlaya bilib, onu silməyə düşmənin gücü çatmadı.

Salman ALIOĞLU,

"Respublika".