BMT-də akkreditə olunan xarici KİV nümayəndələri Gəncədə erməni terroru qurbanlarının xatirəsini yad ediblər
Sosial həyat

BMT-də akkreditə olunan xarici KİV nümayəndələri Gəncədə erməni terroru qurbanlarının xatirəsini yad ediblər

BMT-də akkreditə olunan xarici KİV nümayəndələri işğaldan azad olunmuş ərazilərə səfəri çərçivəsində Gəncə şəhərində erməni terroru nəticəsində həlak olan şəhər sakinlərinin xatirəsini anıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqlar baş verən terror aktı barədə məlumatlandırılıblar. Bildirilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri 44 günlük Vətən müharibəsində beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla, yaşayış məntəqələrini ağır artilleriyadan - "Toçka-U", "Smerç", "Skad" və digər raketlərlə atəşə tutub. Bu hücumların həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyıb. Baxmayaraq ki, dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması insanlığa qarşı cinayətdir, Ermənistan beynəlxalq hüquqa məhəl qoymadan müharibə cinayətlərini davam etdirib.

Qeyd olunub ki, 44 günlük müharibə dövründə Ermənistan cəbhədən yüzlərlə kilometr aralıda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncəni 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriyadan atəşə tutub, nəticədə 26 dinc sakin həlak olub, 175 nəfər yaralanıb.

Ermənistan silahlı qüvvələrinin raket və ağır artilleriya hücumları nəticəsində Bərdə rayonunda isə 29 nəfər həlak olub, 112 nəfər yaralanıb.

Naftalan şəhərində Qaşaltı-Qaraqoyunlu kəndində yerləşən, kənd sakini Qurbanov Elbrus İsa oğlunun evinə top mərmisinin düşməsi nəticəsində bir ailə (5 nəfər) tamamilə məhv olub.

Ümumilikdə, Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb. 12292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə, 1018 fermer təsərrüfatına, mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

AZƏRTAC