Torpaq məcralı kanallar beton üzlüyə alınır
Sosial həyat

Torpaq məcralı kanallar beton üzlüyə alınır

Bu gün meliorasiya və su təşkilatlarının qarşısında duran əsas vəzifə torpaq məsralı kanalları beton kanallarla əvəzləməkdir. Belə olduqda şirin su itkisinə yol verilmir, fermerlər əkin sahələrini rahatlıqla suvarırlar.

Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən “Respublika”ya bildirilib ki, ASC-nin tabeliyindəki Bakı İxtisaslaşmış Elektrik Avadanlıqlarının Təmir-Quraşdırma-Sazlama Tikinti İdarəsi tərəfindən Ucar rayonu ərazisində olan Məlikliballı və Qazıqumlaq torpaq məcralı kanalının beton üzlüyə alınması işləri  mütəmadi   olaraq  həyata keçirilir.

Görülən işlər rayonda suvarmanın mütəşəkkil aparılmasına xidmət edəcək, su itkisi minimuma endiriləcək. Ümumi uzunluğu 1800 metr olan kanal 2 kənddə 1500 hektara yaxın əkin sahəsini suvarma suyu ilə təmin edir. Hazırda kanalda son tamamlanma işləri yerinə yetirilir.

Qeyd edək ki, Bakı İxtisaslaşmış Elektrik Avadanlıqlarının Təmir-Quraşdırma-Sazlama Tikinti İdarəsi Ucar rayonu ilə yanaşı, Lənkaran rayonunun Xanbulançay Su Anbarında 5 nömrəli nasos stansiyasından çıxan təziqli boru xəttlərinin çəkilməsi, Ağdaş rayonunda torpaq məcralı kanalın beton üzlüyə alınması və Tovuz rayonunun Ağdam kəndində su anbarının bərpa işlərini həyata keçirir.

Nəriman CAVADOV,

“Respublika”.