Bölgələr ölkənin ümumi inkişafından kənarda qalmır
Region

Bölgələr ölkənin ümumi inkişafından kənarda qalmır

2021-ci ildən indiyədək ölkə başçısı regionlara 140-a yaxın səfər edib

Əsası Ulu Öndər tərəfindən qoyulmuş inkişaf strategiyası ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dirçəldilməsi, səmərəli, davamlı sosial-iqtisadi siyasət və həyatın bütün sahələrini əhatə edən iqtisadi islahatlarla davamlı xarakter alıb.

Bu gün Azərbaycanı dünyaya tanıdan inkişafın əsas hədəfləri 20 il bundan əvvəl müəyyən edilib. 2003-cü ildə keçirilən prezident seçkilərində doğma xalqının inam və etibarını qazanan İlham Əliyev prezidentlik fəaliyyətinin ilk günlərində "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" 24 noyabr 2003-cü il tarixli fərman imzaladı. Regionların inkişafı üçün uğurla icra edilən birinci Dövlət Proqramının qəbul edilməsi bölgələrdə inkişafın əsasını yaratdı və yeni mərhələnin təməlini qoydu. Dirçəliş və tərəqqi hər birimizin gözləri qarşısında baş verir. Dövlətimizin başçısı əsas diqqəti insan amilinə, sosial problemlərin həllinə, aqrar sahəyə və sağlam vətəndaş cəmiyyətinin formalaşmasına yönəldib və uğura aparan islahatlar dönmədən həyata keçirilir. Paytaxtla regionlar arasında inkişaf fərqini aradan qaldırmağa hesablanmış regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları bölgələrdə infrastrukturun yenilənməsi, rayonların simasının müasirləşməsində mühüm rol oynayır. Bölgələrdə istehsal müəssisələrinin dirçəlişi və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, aqrar sektorun müxtəlif dəstək mexanizmləri və innovativ üsullarla inkişaf etdirilməsi, müasir infrastrukturun, yeni iş yerlərinin yaradılması Dövlət proqramlarının icra edilməsinin əsas nailiyyətləridir. Prezidentin rəhbərliyi ilə mövcud çağırışların tələblərinə uyğun çevik iqtisadi siyasət tədbirləri müəyyənləşdirilərək həyata keçirilir və nəticədə makroiqtisadi sabitlik təmin olunur, ölkə iqtisadiyyatı öz dayanıqlılığını və inkişaf tempini saxlayır.

Qeyd edək ki, 4 Dövlət Proqramı üzrə regionlara yatırılmış investisiyaların həcmi 104 milyard manat təşkil edir. 2022-ci ildə regionlar üzrə məhsul buraxılışının nominal həcmi 2003-cü ilə nisbətən 13,5 dəfə böyüyüb, əhalinin nominal gəlirləri isə 10,5 dəfə artıb. 2004-cü ildən bəri regionlarda 1,8 milyondan çox yeni iş yeri və 52 mindən artıq yeni müəssisə yaradılıb. 2004-2022-ci illərdə ölkədə 60-dan çox yeni elektrik stansiyası istismara verilib. Elektrik enerjisinin 76 faizi regionlarda istehsal edilir. Bu illər ərzində Azərbaycan elektrik enerjisi idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib. Regionlarda qazlaşdırmanın səviyyəsi 94 faizi ötüb, fasiləsiz içməli su alan əhali üzrə göstərici 9 faizdən 73 faizə çatıb. Bu illərdə 9 hava limanı tikilib və yenidən qurulub. Laçın hava limanının tikintisi isə davam edir. Həmin müddətdə əsas hissəsi bölgələrə aid olmaqla 3.600-dən çox məktəb, 760-a yaxın tibb müəssisəsi tikilib və ya təmir olunub, 43 Olimpiya İdman Kompleksi tikilib, çoxlu sayda körpü və tunellər, yollar istifadəyə verilib. Yeni istehsal və sənaye müəssisələrinin çoxu bölgələrə aiddir.

Prezident İlham Əliyevin yenilməz sərkərdəlik bacarığı və dünya siyasətindəki dəyərli mövqeyi sayəsində 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfərə imza atıldı, torpaqlarımızı işğaldan azad edən, xalqımızı böyük bəladan qurtaran, xilaskar kimi adını tariximizin səhifələrinə qızıl hərflərlə yazdı. Azərbaycan ərazi bütövlüyünü təmin etməklə Cənubi Qafqazda əsas söz sahibinə çevrilib, regional və beynəlxalq mövqelərini möhkəmləndirib, iqtisadi sahədə ciddi irəliləyişlərə, eyni zamanda regionların sürətli inkişafına nail olunub. Prezident İlham Əliyevin bölgələrə mütəmadi səfərləri regionların sosial-iqtisadi inkişafına təkan verməklə mühüm əhəmiyyət daşıyır. Dövlətimizin başçısının özünün də qeyd etdiyi kimi: "Mənim də bölgələrə səfərlərim həm nəzarət üçün bir vasitədir, yəni verdiyim tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda növbəti tapşırıqlar, tövsiyələr verilir ki, bizim bəyan etdiyimiz bütün hədəflər - ilk növbədə, insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması bölgələrdə təmin edilsin. Bir sözlə, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda ölkəmizi gücləndirir".

Dövlətimizin başçısı Qarabağa və Şərqi Zəngəzura, o cümlədən digər bölgələrə 2021-ci ildən indiyədək 140-a yaxın səfər edib. Bu, Azərbaycan Prezidentinin bölgələrin inkişafına diqqət və qayğısının təzahürü kimi xarakterizə olunur. Son üç ilə nəzər salanda aydın olur ki, Qarabağa və Şərqi Zəngəzura hər aya iki səfər həyata keçirilib. Həm də bu səfərlərdə dinamika və balans gözlənilir. Belə ki, işğaldan azad olunmuş ərazilərin bərpa və yenidən qurulmasının prioritet elan edilməsinə baxmayaraq, ölkəmizin digər şəhər və rayonlarının inkişafı da diqqətdən kənarda qalmır. Dövlət başçısının regionlara səfərləri bölgələrin yüksəlişinin davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olduğunu bir daha təsdiqləyir. Ümumiyyətlə, regionların inkişafı üçün uğurla reallaşdırılan Dövlət proqramları ölkədə qeyri-neft sektorunun davamlı artımına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, yeni iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun təmin olunmasına təkan verir. Üçrəngli bayrağımız işğaldan azad edilən ərazilərdə qürurla dalğalanır. Qarabağı və Şərqi Zəngəzuru yenidən quran, düşmənin dağıtdığı və taladığı şəhərlərə, kəndlərə ikinci həyat verən, dünyada sülh carçısı kimi tanınan Azərbaycan öz qədim tarixinin ən şərəfli səhifəsini yazır. İkinci Qarabağ müharibəsində mərmilərin şırım açdığı, düşmənin xarabalığa çevirdiyi, igid oğullarımızın qanı tökülən torpaqlarda ədalətin, qələbənin, inkişafın, quruculuğun və şərəfli qayıdışın təntənəsi yaşanır. Vaxtilə göz yaşları içərisində tərk etdikləri ata-baba yurdlarına indi sevinclə, qürurla, şükranlıqla, hədsiz minnətdarlıqla qayıdan keçmiş məcburi köçkünlərin taleyinə və yaddaşına yeni bir səhifə həkk olunur. Azərbaycan tarixinin şanlı, qürurlu, qəhrəmanlıq və davamlı inkişafının və həm də dünyada baş verən hadisələrin şahidləriyik. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, genişmiqyaslı bərpa və yenidənqurma işləri uğurla davam etdirilir.

Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaları üçün Prezidentimiz İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrasına uğurla başlanılıb. Hazırda Qarabağ və Şərqi Zəngəzur bölgəsində genişmiqyaslı tikinti-quruculuq işləri aparılır, ermənilərin viran etdiyi şəhərlər yenidən qurulur, kəndlər salınır, iri infrastruktur layihələr uğurla və sürətlə icra olunur. Dövlətin keçmiş məcburi köçkünlərə hərtərəfli qayğısı onların ümidini və gələcək arzularını, fəal vətəndaş mövqeyini xeyli artırır, Prezidentə və onun qəbul etdiyi qərarlara münasibət həmişə birmənalı olur, əsl xalq məhəbbəti qazanır. İşğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi, bu ərazilərdə həyatın əvvəlki məcrasına qaytarılması strategiyasında sənayeləşmə siyasəti mühüm yer tutur. Artıq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerli və xarici investisiyalar hesabına sənaye parklarının yaradılması prosesi getdikcə sürətlənir. Həmin ərazilərin iqtisadi potensialının hərəkətə gətirilməsi üçün lazımi infastruktur yaradılır. Cəbrayıl rayonunda yerləşən "Araz Vadisi İqtisadi Zonası" və Ağdam Sənaye Parklarında geniş aspektli və təqdirəlayiq işlər görülür, iqtisadi fəallığın təməli qoyulur, yurd yerlərinə qayıdan köçkünlərə iş yerləri yaradılır. Ağdam və Cəbrayıldakı "Araz Vadisi İqtisadi Zonası" sənaye parklarında indiyədək investisiya kapitalı 200 milyon manatdan çox olan 31 sahibkarlıq subyektinə rezidentlik və qeyri-rezidentlik statusu verilib. Laçının Zerti kəndində aqro və sənaye parkı fəaliyyətə başlayıb. Bu günədək həmin müəssisələrdə 430 nəfər işlə təmin olunub. Qeyd edək ki, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı məşğulluq proqramı çərçivəsində sakinlərin işə qəbulu davam edir. Davamlı inkişafı təmin edən əsas amillərdən biri Qarabağ iqtisadi rayonunda 150 minə yaxın iş yerinin yaradılmasıdır.

Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən Dövlət proqramları nəticəsində ötən 20 ildə mühüm iqtisadi nailiyyətlər qazanılıb. Nəticədə ölkə iqtisadiyyatı 3,4 dəfə, ÜDM nominal ifadədə 22 dəfə artıb. Dövlət büdcəsinin gəlirləri 2023-cü ildə 30 milyard manatdan çox olub. Ölkəmizin strateji valyuta ehtiyatları təxminən 41 dəfə artıb. Əgər 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, 2023-cü ildə bu rəqəm 3500 manatdan çox olub. Xarici ticarət dövriyyəsi 10,8 dəfə, o cümlədən ixrac 16,1 dəfə artıb. 2003-cü illə müqayisədə 2022-ci ildə adambaşına düşən ÜDM 3 dəfəyə yaxın çoxalıb. Birbaşa xarici borcun həcmi azalaraq hazırda Ümumi Daxili Məhsulun 9,3 faizini təşkil edir. Azərbaycanın xarici valyuta ehtiyatları son 20 ildə 47 dəfədən çox artaraq 66 milyard ABŞ dollarını keçib və hazırda birbaşa xarici borcumuzu 10 dəfə üstələyir. Son 20 ildə qeyri-neft ixracı 8 dəfədən çox artıb. Bu dövr ərzində respublika üzrə 51 aqropark yaradılıb. Bu rəqəmlər dövlətimizin başçısının rəhbərliyi ilə son 20 ildə qazanılan iqtisadi uğurların ümumi mənzərəsini əks etdirir. Vətən müharibəsində Azərbaycanın qələbəsi bir çox yeni reallıqlar yaradıb, ən əsası isə xalqımızın Qarabağ və Şərqi Zəngəzur həsrətinə son qoyub, işğaldan azad edilmiş ərazilərdə ən müasir texnologiyalarla genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır, qarşıya qoyulan hədəflərə doğru böyük addımlar atılır. Erməni faşizmi tərəfindən dağıdılan, yerlə-yeksan edilən bütün şəhər və kəndlərdə tikinti, bərpa-quruculuq layihələri Prezident cənab İlham Əliyevin birbaşa nəzarəti və dövlət başçımızın təsdiqlədiyi "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər", "Strateji Fəaliyyət Planı" və "2022-2026-cı illər üzrə Dövlət Proqramı" kimi strateji sənədlər əsasında icra olunur. Yeri gəlmişkən, həmin sənədlər yenidənqurma və inkişaf prosesinin 4 əsas mərhələsini müəyyənləşdirir. Onlardan birincisi, ümumi və baş planların layihələndirilməsi, ikincisi, minatəmizləmə və baza infrastrukturunun yaradılması, üçüncüsü, sosial, ictimai və iqtisadi infrastrukturun tammiqyaslı şəkildə yenidən qurulması və inkişafı, dördüncüsü isə keçmiş məcburi köçkünlərin Böyük Qayıdışıdır.

Azərbaycanın siyasi, iqtisadi və hərbi imkanları daha da genişlənir, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmlənir. Beynəlxalq təhlilçilərin və siyasi ekspertlərin fikrincə, münaqişənin həlli regionun təhlükəsizliyi və kommersiya cəlbediciliyi baxımından çox böyük strateji əhəmiyyətə malikdir. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir. Bir sözlə, bölgələr heç bir sahədə ölkənin ümumi inkişafından kənarda qalmır.

Salman ALIOĞLU,

"Respublika".