Bölgələrimiz sürətlə inkişaf edir
Region

Bölgələrimiz sürətlə inkişaf edir

Ölkəmizdə Qarabağla yanaşı, ətraf bölgələrə qayğı gündən-günə artmaqdadır. Ötən aylar ərzində dövlət başçımızın Salyan, Neftçala, Qazax, Şəmkir, Samux və Bərdəyə səfərləri baş tutub. Qeyd edək ki, 2004-cü ildən başlayaraq Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları həyata keçirilir. Hazırda sayca 4-cü proqram icradadır.

Şübhəsiz ki, bu proqramlar çərçivəsində bölgələrdə çox böyük genişmiqyaslı quruculuq işləri aparılıb. Ötən günlərdə ölkə başçımız Salyana səfəri zamanı televiziya kanallarına açıqlama verib: "Mənim də bölgələrə səfərlərim həm nəzarət üçün bir vasitədir, yəni verdiyim tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda növbəti tapşırıqlar, tövsiyələr verilir ki, bizim bəyan etdiyimiz bütün hədəflər - ilk növbədə, insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması bölgələrdə təmin edilsin. Bir sözlə, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir".

Prezident İlham Əliyevin rəhbərliyi dövründə ölkəmizdə yüzlərlə yeni xəstəxana, poliklinika fəaliyyətə başlayıb. Aprelin 18-də ölkə başçımız və birinci xanım Mehriban Əliyeva Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum Evində və Uşaq Poliklinikasında yaradılan şəraitlə tanış olublar. Qeyd edək ki, binada əsaslı təmir işlərinə 2019-cu ildə başlanılıb və 2022-ci ildə başa çatdırılıb. Müalicə ocağı müasir tələblərə cavab verən rəqəmsal stasionar ultrasəs müayinə cihazı, rentgen (vizioqraf ilə birlikdə) və rəqəmsal stasionar exokardioqraf cihazı ilə təchiz olunub.

Daha sonra ölkə başçımız sayca 25-ci olan "ASAN xidmət" Mərkəzinin açılışında iştirak edib. Prezident İlham Əliyev bildirib ki, "ASAN xidmət" sistemi bu gün dünyada artıq Azərbaycan brendi kimi tanınır. Təkcə ölkəmizdə yox, digər dövlətlər də ASAN Xidmət sistemini örnək götürür. Qeyd edək ki, ASAN Xidmət mərkəzlərinin xalq tərəfindən rəğbət əmsalı 99,8 faizdir. Bu, olduqca yüksək nəticədir. Son 10 ilin statistikasına nəzər salsaq görərik ki, mərkəzə 61 milyondan çox müraciət daxil olub. Mərkəzlərdə 300-dən çox xidmət yer alır. Ən son Salyan şəhərində açılan mərkəzdə videomüşahidə kameraları, monitorlar, kompüterlər, printerlər, iki lift, iki eskalator, yanğınsöndürmə, mərkəzləşdirilmiş havalandırma və istilik sistemləri, çiller, generator, UPS, 22 ədəd "ASAN ödəniş" terminalı, elektron şikayət köşkü (Skype), iki elektron rəy sorğusu (exit poll) köşkü, Çağrı mərkəzinə zəng köşkü quraşdırılıb. Əsasən Salyan, Neftçala, Biləsuvar, Şirvan rayonlarında qeydiyyatda olan ümumilikdə 426 min 600 vətəndaşa xidmət edəcək. Ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 360-dan çox xidmət həyata keçiriləcək.

Elə həmin gün ölkə başçımız "Azərişıq" ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin açılış mərasimində iştirak edib. Mərkəzdə dispetçer idarəetmə sistemi ilə aşağı gərginlikli şəbəkələr tərəfindən elektrik enerjisinin son istehlakçıyadək çatdırılması nəzarətdə saxlanılır. Eyni zamanda, 110, 35, 10-6 və 0,4 kV-luq şəbəkələrin real vaxt rejimində güc imkanlarının qiymətləndirilməsi, zəruri hallarda digər mənbələrə yönləndirilməsi və rəqəmsal hesabat sisteminin qurulması ilə abonent məmnunluğu təmin olunur. Bildirək ki, Salyan rayonunun elektrik enerjisinə artan tələbatının qarşılanması, habelə fasiləsiz, dayanıqlı və etibarlı enerji təchizatının təmin edilməsi və həmin prosesin daimi nəzarətdə saxlanılması məqsədilə 110/35/10 kV-luq "Qaraqaşlı" və 110/35/6 kV-luq "Şorsulu", 35/10 kV-luq 12, 35/6 kV-luq 14 və 35/0.4 kV-luq 12 yarımstansiyanın Rəqəmsal İdarəetmə Mərkəzinə inteqrasiya olunması həyata keçirilir. 33 min 331 abonentə (31 min 182 əhali, 2 min 149 qeyri-əhali) xidmət göstərəcək mərkəzin ümumi qoyuluş gücü 40-50 MVt-dır.

Dövlət başçımız və birinci xanım Mehriban Əliyeva Neftçala Olimpiya İdman Kompleksinin, "Azerbaijan Fish Farm" MMC-nin Nərə Damazlıq Təsərrüfatının və Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun açılışında iştirak edib. Prezident İlham Əliyev görülən işlərlə tanış olub və yüksək qiymətləndirib.

Avqustun 7-də Samuxda yeni tikililərlə tanış olan ölkə başçımız Samux Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışını edib. 2019-cu ildə tikintisinə başlanılan xəstəxana Yaponiya, Koreya Respublikası, İtaliya və Türkiyə istehsalı olan ən müasir avadanlıqla təchiz edilib və əhaliyə ən müasir tələblər səviyyəsində səhiyyə xidməti göstərilməsi üçün lazımi şərait yaradılıb. Ərazidə əsas korpusla yanaşı, yoluxucu xəstəliklər korpusu və digər yardımçı sahələr üçün binalar inşa olunub. Burada cərrahiyyə, terapiya, uşaq xəstəlikləri, nevrologiya, ginekologiya, travmatologiya, LOR, infeksion xəstəliklər, şüa-diaqnostika, reanimasiya, qəbul, laboratoriya, doğuş, hemodializ, təcili tibbi yardım şöbələri fəaliyyət göstərəcək.

Elə həmin gün Prezident İlham Əliyev Qazaxda yenidən qurulan Qarapapaq-Çaylı avtomobil yolunun açılışında iştirak edib. Bununla yanaşı, ölkə başçımız Fərəhli avtomobil yolunun əsaslı təmiri layihəsilə tanış olub. Səfər çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Qazax" Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində, o cümlədən Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində yaradılan şəraitə nəzər yetirilib. Prezident İlham Əliyev Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində, Qazaxda "Venzana" mebel fabrikinin açılışında və Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Gəncə-Qazaxbəyli hissəsinin açılışında olub.

Şəmkir rayonunda səfərdə olan dövlət başçımızın iştirakı ilə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-liseyin yeni binasının açılış mərasimi olub. Eyni vaxtda 1600 şagirdin təhsil ala biləcəyi məktəb-lisey bütün inventarla təchiz edilib. Yeni dərs ilində şagirdlərin istifadəsinə veriləcək 65 sinif otağından ibarət binada fizika, kimya, biologiya laboratoriyaları, informatika, texnologiya, hərbi təlim, tibb, əmək təlimi, STEAM otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, həmçinin açıq idman meydançası var.

Avqustun 7-də ölkə başçısı Bərdədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışında iştirak edib. Şübhəsiz ki, bütün bunlar digər rayonlarımızın diqqət və qayğıdan kənarda olmadığının bariz nümunəsidir.

Töhfə SƏMƏDOVA,

"Respublika".