BÖLGƏLƏRİMİZƏ NUR SAÇAN – MİNGƏÇEVİR
Region

BÖLGƏLƏRİMİZƏ NUR SAÇAN – MİNGƏÇEVİR

Ana Kürün sahilinə, məğrur Bozdağın sinəsinə sığınan Mingəçevir gündən-günə gözəlləşir, simasını dəyişir, səliqə-sahmanı ilə göz oxşayır. Ona bu gözəlliyi, inkişaf və tərəqqini, təravəti bəxş edən ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliklə düşünülmüş inkişaf strategiyasını uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin sonsuz diqqət və qayğısı olmuşdur. Məhz bunun bariz nümunəsidir ki, bu gün həm də  Mingəçevir Azərbaycanın və Qafqazın enerji mərkəzinə çevrilmişdir. Dövlət müstəqilliyimizin bərpa olunduğu  ildən şəhər həyatının demək olar hər bir sahəsində mühüm dəyişikliklər və yeniliklər baş verib. Hazırda ölkənin dördüncü sənaye şəhəri olan Mingəçevirdə elektroenergetika, elektrotexnika, kimya, maşınqayırma, yüngül və yeyinti sənaye sahələri davamlı inkişaf etdirilir. Şəhər ərazisində 40-a yaxın sənaye müəssisəsi, o cümlədən iki böyük elektrik stansiyası fəaliyyət göstərir. Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə möhtəşəm Mingəçevir Sənaye Parkı və Mingəçevir Yüksək Texnologiyalar Parkı yaradılıb.

Ölkə iqtisadiyyatının, onun sosial həyatının istər ötən əsrin 70-80-ci illərində, istərsə də müstəqillik dövründə dinamik inkişafı bir çox mühüm amillərlə yanaşı, elektrik enerjisi sistemi ilə də sıx  bağlıdır. Hazırda Azərbaycan müstəqil elektrik enerji sisteminə malikdir və bunun əsası ötən əsrin 70-ci illərində qoyulmuşdur. 1969-cu ildə ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişindən sonra respublikanın sosial-iqtisadi həyatının mühüm sahələrindən olan elektrik enerjisi sisteminin sürətli inkişafını təmin etmək məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, bir çox irimiqyaslı layihələr reallaşdırılmışdır. Belə ki, ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə hələ ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq respublikanın elektrik enerjisinə olan tələbatının yerli imkanlar hesabına ödənilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə başlanmışdır. Həmin dövrdə bir-birinin ardınca yeni elektrik stansiyalarının, yüksəkgərginlikli elektrik verilişi xətlərinin və yarımstansiyaların inşa edilib istifadəyə verilməsi respublikanın sənaye potensialının artırılmasında mühüm addım oldu.     

Məhz ulu öndərin rəhbərliyi və təşəbbüsü ilə 1974-cı ildə Mingəçevirdə istilik elektrik stansiyasının təməli qoyuldu. Böyük stansiyanın birinci bloku 1981-ci ildə Heydər Əliyevin şəxsi iştirakı ilə açıldı. Öz dövrü üçün nəhəng infrastruktur layihəsi olan və respublikanın energetika sistemində xüsusi əhəmiyyəti ilə seçilən İstilik Elektrik Stansiyası elə o vaxtdan ölkənin elektrik enerjisinə tələbatının qarşılanmasında hər zaman birinciliyini qoruyub saxlayıb.

Lakin 2018-ci ilin iyulun 2-dən 3-nə keçən gecə  İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində ölkənin yarıdan çoxu qaranlıqda qaldı. 330 kilovoltluq yarımstansiyasındakı cərəyan transformatorunda baş verən qəza nəticəsində təxminən min kiloqrama qədər yağ ətrafa axmışdı, yaxınlıqdakı elektrotexniki avadanlıqların, eləcə də kabellərin, əsasən də informasiya və avtomatika kabellərinin üzərinə dağılaraq güclü yanğına səbəb olmuşdu. Nəticədə bir-birinin ardınca baş verən qəzalar ölkənin enerji sisteminə ciddi ziyan vurmuşdu. 

Elə  bu hadisədən sonra ölkə Prezidentinin müvafiq sərəncamı ilə Mingəçevir Elektrik Stansiyasında əsaslı yenidənqurma işlərinə start verilib.  İstilik Elektrik Stansiyasının 330 və 500 kilovoltluq açıq paylayıcı qurğuları, 8 enerji bloku, İdarəetmə Dispetçer Mərkəzi, stansiyanın əsas və köməkçi sahələri, bina və qurğuları əsaslı yenidənqurmadan sonra 2020-ci il iyunun 25-də istifadəyə verilib.

Ölkə Prezidenti cənab İlham Əliyev 13 fevral tarixində Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışı zamanı bunu xüsusilə qeyd etmişdir ki, Mingəçevirdə İstilik Elektrik Stansiyası ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilmişdir. Heydər Əliyev Azərbaycana birinci dəfə rəhbərlik etməyə başlayanda vəziyyəti təhlil edərkən gördü ki, Azərbaycanın energetika sisteminə çox böyük investisiyalar qoyulmalıdır. Bütün məsələlər təhlil olunandan sonra sovet rəhbərliyi qarşısında məsələ qaldırıldı. Onun davamlı və çoxməqsədyönlü fəaliyyəti nəticəsində Sovet İttifaqının rəhbərliyi Azərbaycana böyük sərmayənin qoyuluşuna icazə verdi. Qürurla deyə bilərik ki, Mingəçeviri nəinki Azərbaycanın, ümumiyyətlə, Qafqazın enerji mərkəzinə çevirən ulu öndər Heydər Əliyev olub.

Onu xüsusilə qeyd etmək lazımdır ki, hazırda Mingəçevirdə təməli qoyulan yeni istilik-elektrik stansiyası isə 2025-ci ildə fəaliyyətə başlayacaq və Azərbaycanın  enerji potensialı qat-qat  artacaqdır. Dövlət başçısı bu layihənin böyük əhəmiyyətindən danışaraq  demişdir ki, indi Mingəçevir şəhərinin Azərbaycanın və nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır, təxminən 1300 meqavat gücündə olan stansiya, əlbəttə ki, bizim potensialımızı böyük dərəcədə gücləndirəcək. Bu, Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq, yüzlərlə yeni iş yerləri yaranacaq. Yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır və bu, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilsin.     

İkinci Qarabağ müharibəsində öz pis niyyətini Mingəçevir Elektrik Stansiyasında həyata keçirmək istəyində olan işğalçı Ermənistan Azərbaycanın mülki obyektlərini, o cümlədən Mingəçevir Elektrik Stansiyasını da uzaqmənzilli raketlərlə atəşə tutmuşdu. Bu raketlərin bir çoxu Azərbaycanın hava hücumuna qarşı müdafiə sistemləri tərəfindən məhv edildi, bəziləri isə hədəfə dəymədi. Yəni  döyüş meydanında məğlub olan Ermənistan məhz Azərbaycanın elektrik potensialının əsas mərkəzini sıradan çıxarmaq istəyirdi. Çünki bilirdi ki, əsas hədəflərdən biri də budur. Ancaq bizim ayıq və çevik Hava Hücumuna qarşı hərbi Qüvvələrimizin sayıqlığı mühafizəmiz nəticəsində buna nail ola bilmədi.

Ölkə Prezidenti  yeni stansiyanın verəcəyi töhfələri xüsusi qiymətləndirib. Belə ki, 2025-ci ildə fəaliyyətə başlayacaq yeni stansiya Azərbaycanın enerji potensialını daha da gücləndirəcək. Buna həm Azərbaycanda, həm də Avropada ehtiyac var. İşğaldan azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərinə, ilk növbədə, elektroenergetika sahəsindən başlanmışdır. Artıq 10-dan çox yarımstansiya, 10-dan çox su elektrik stansiyası inşa edilmişdir. Artıq  iki il ərzində Şərqi Zəngəzur bölgəsində 50 meqavatdan çox generasiya gücü yaradılmışdır və bu rəqəm bu ilin sonuna qədər 200 meqavata çatacaq. Bütün stansiyalar ümumi şəbəkəyə qoşulmuşdur. Şərqi Zəngəzurun və Qarabağın böyük hidroenergetika potensialı imkan verəcək ki, biz o bölgələrdə 500 meqavata qədər generasiya gücləri yaradaq.

 Zabit XƏLİLOV,

 “Respublika”.