Kürdəmirdə polis işçilərinin peşə bayramı qeyd olunub
Region

Kürdəmirdə polis işçilərinin peşə bayramı qeyd olunub

İyulun 2-də Kürdəmir rayonunda polis işçilərinin peşə bayramı münasibətilə tədbir keçirildi. Əvvəlcə rayonun Heydər Əliyev Parkında ulu öndərin abidəsi önünə tər gül-çiçək dəstələri düzən tədbir iştirakçıları sonra Heydər Əliyev Mərkəzində  dahi rəhbərə həsr olunan guşələrə, foto-stendlərə maraqla tamaşa etdilər.
Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini Ağalı Kərimli bu əlamətdar gün münasibətilə polis işçilərini təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. O polis işçilərinin dövlətçiliyimizin qorunub möhkəmlənməsində, sabitliyin və əmin-amanlığın təmin olunmasında böyük fədakarlıq göstərdiklərini, ulu öndər Heydər Əliyev ideyalarını həyata keçirmək, ölkə Prezidenti cənab İlham Əliyevin etimadını doğrultmaq üçün  qüvvə və səylərini bundan sonra da əsirgəməyəcəklərini bildirdi.
Tədbir Kürdəmir Rayon Polis Şöbəsində davam etdirildi. Mərasimi giriş sözü ilə açan rayon polis şöbəsinin rəisi, polis polkovniki Arzu Rzayev şəxsi heyəti və qonaqları salamlayaraq  Azərbaycan  polisinin, o cümlədən  Kürdəmir  Rayon Polis Şöbəsinin və əməkdaşlarının  keçdiyi  şərəfli yoldan,
Daxili İşlər Orqanlarının mühüm xidmətlərindən danışdı.
Sonda xidməti fəaliyyətdə fərqlənən bir qrup polis işçisi Kürdəmir Rayon İcra Hakimiyyətinin Fəxri fərmanları ilə təltif edildi.    

                                                         Tofiq HÜSEYN,

                                                        “Respublika”.