Bölgələrimiz: Tərtər şəhərində asfaltlanma işləri davam edir
Region

Bölgələrimiz: Tərtər şəhərində asfaltlanma işləri davam edir

44 günlük Vətən müharibəsi zamanı Tərtər rayonunun infrastrukturuna ciddi ziyan dəymişdi. Şəhərin yolları mənfur düşmənin atdığı raket və digər iriçaplı silahlardan atılan mərmilər nəticəsində tamamilə bərbad günə düşmüşdü. Dövlət başçısı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq qısa müddət ərzində dağılmış yaşayış evləri, ictimai binalar, iaşə obyektləri yenidən qurulmuş və ya əsaslı təmir olunmuş, əhaliyə dəymiş maddi zərər ödənmişdir. Hazırda Tərtər şəhərində abadlıq və yenidənqurma işlərinin icrası uğurla davam etdirilir, küçələr müasir standartlara uyğun olaraq yenidən qurulur.

Vətən uğrunda, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş tərtərlilərin adları verilmiş Birinci Qarabağ müharibəsi şəhidləri Süleyman Məmmədov, Şakir Həsənov, İnqilab Ağayev, İlqar Həsənov, Mehrac Mahmudov, Vətən müharibəsi şəhidləri 3-cü dərəcəli “Rəşadət” ordenli Qənbər Qənbərli, Azər Şəmilov və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Sənan Məmmədli, Aysənan Abbasov, Məftun Əhmədzadə, “Azərbaycan bayrağı” ordenli Ruslan Şahbazov və digər küçələrə, (ümumilikdə 24 küçə) əsaslı təmirdən sonra asfalt örtüyü çəkilib.

Rayon rəhbəri Müstəqim Məmmədov aidiyyəti qurumların rəhbərləri ilə şəhərin asfaltlanma işləri aparılan küçələrində görülən işlərlə yerində tanış olub, müvafiq tövsiyə və tapşırıqlarını verib.

Şəhər sakinləri görülən işlərdən razılıq edib, küçələrdə aparılan tikinti-abadlıq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Vəli VƏLİYEV,

“Respublika”.