QIZILAĞAC MİLLİ PARKINDA İLK DƏFƏ: “FLAMİNQO
Region

QIZILAĞAC MİLLİ PARKINDA İLK DƏFƏ: “FLAMİNQO" FESTİVALI

Qızılağac Milli Parkı mavi Xəzərin sahili boyunca Lənkəran, Masallı və Neftçala rayonlarının su-bataqlıq ərazilərində yerləşir. Park ölkə Prezidenti cənab İlham Əliyevin 26 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə Qızılağac Dövlət Təbiət Qoruğunun bazasında yaradılıb. Ərazisi 99060 hektardır.

Bu füsunkar, əsrarəngiz məkanda şanagülə, ağ suzanbağı, üçyarpaq oxyarpaq, qamış, dəniz lığvarı, ciyən, duzlaq şoğanı, iyli yovşan, meyer yovşanı, qarağan, gəngiz, şahsevdi, sarıbaş, çox az yayılan üç növ Qafqaz endemik bitkisi - hibrid qovağı, sapvari bağayarpağı, Qrossgeym topgülü və bir növ Azərbaycan endemiki-buruncuqlu turpa rast gəlmək olar. Milli parkda su-bataqlıq quşları, qamışlıq pişiyi, çöl donuzu, canavar, gürzə və digər heyvanlar, adı "Qırmızı Kitab"a düşmüş flaminqo, ağqaş qaz, adi göydimdik, mərməri ördək, adi bəzgək, çöl leyi kimi nadir quşlar məskən salıb.

Parkda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə respublikamızda ilk dəfə olaraq "Flaminqo" festivalı keçirildi.

Park bayramsayağı bəzədilib. Girişdəki göldə flaminqolar və digər nadir su quşları diqqəti dərhal cəlb etdi. Festivalın təşkil olunduğu meydanda Azərbaycanın qorunan ərazilər şəbəkəsini, iqlim dəyişməsinin biomüxtəlifliyə təsiri və bu müxtəlifliyin hazırki vəziyyətini əks etdirən stendlər, məlumat lövhələri, milli parkların təbiətinə, flora və faunasına aid guşələr, suvenirlər nümayiş olundu. İştirakçılara Qızılağac Milli Parkını əks etdirən simvollar, festivalın loqosu həkk olunmuş döş nişanları və papaqlar təqdim edildi.

Festivalda Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, həmçinin dövlət qurumları, qeyri-hökumət təşkilatları, universitetlər və beynəlxalq təşkilatların nümayəndələri və çoxsaylı turist iştirak edirdi.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov 100 illik yubileyini qeyd etdiyimiz dünyaşöhrətli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu hər iki dövrdə ekoloji problemlərin həllinə yüksək qayğı göstərdiyini diqqətə çatdırdı. Bildirdi ki, xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, bioloji müxtəlifliyin qorunub saxlanılması, təbii resurslardan səmərəli istifadə edilməsi və ekoturizmin inkişafı istiqamətində ardıcıl, davamlı tədbirlər həyata keçirilib. Ulu öndərin ekoloji siyasətini onun layiqli davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov qeyd etdi ki, ölkə ərazisinin 10 faizdən çoxu xüsusi mühafizə olunur. Azərbaycanda 10 milli park, 10 təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. "Flaminqo" festivalı nadir canlıya həsr olunan ilk festivaldır. Azərbaycanda 1989, 2003, 2023-cü illərdə nəşr olunan üç "Qırmızı Kitab"a adı salınan nadir quşlardan biri də flaminqodur. Festivalın əsas hədəfi nadir heyvanların və quşların mühafizəsinə, flora və fauna növlərinin qorunmasına diqqətin artırılmasıdır.

Festivalda 1 milyon çəkikimi balıq körpəsi körfəz ərazisinə, milli parkın faunasına xas olan turac quşları isə təbiətə buraxıldı.

Sonra "Qırmızı Kitab"ın üçüncü nəşrinin təqdimatı və ekoviktorina keçirilirdi. Bakı Dövlət Universiteti tələbələrinin təmsil etdiyi komanda viktorinanın qalibi oldu. Burada yerli sənətkarların hazırladıqları suvenirlər, əl işləri təqdim edildi, iştirakçılar milli mətbəximizin ləziz təamlarından daddılar.

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin hazırladığı konsert proqramı tədbiri daha da rövnəqləndirdi.

Əlisəfa HƏSƏNOV,

"Respublika".