Bolqarıstan Azərbaycanla tərəfdaşlıqdan məmnundur
Siyasət

Bolqarıstan Azərbaycanla tərəfdaşlıqdan məmnundur

Enerji xəritəsini daha da genişləndirən Azərbaycan etibarlı tərəfdaş kimi zəngin təbii ehtiyatları ilə diqqəti cəlb edir. Son dövrlər dünyada baş verən müharibə və münaqişələr zəminində enerji sahəsində böyük problemlər yaranmışdı. Dövlətlər arasında pozulan münasibətlər nəticəsində dünyanın enerjiyə olan tələbatı artmışdır. Əlbəttə ki, Avropada cərəyan edən bəzi hadisələr səbəbindən də enerji böhranı yaşanmaqdadır. Sözsüz ki, belə bir məqamda enerji ehtiyatları ilə zəngin Azərbaycanın Avropa ölkələri arasında əhəmiyyəti artır.

 Əvvəla, bir neçə il əvvəl Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi ölkəmizin enerji sahəsindəki mühüm rolunu göstərmişdir. Elə bu əlaqələrin sayəsində də Avropanın bir çox dövlətləri Azərbaycanı etibarlı ölkə kimi özünə tərəfdaş seçmişdir. Ötən il isə Azərbaycan ilə Avropa İttifaqı arasında "Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" imzalanmışdır.

Balkan ölkələrinin də Azərbaycana marağı xeyli artmışdır. Balkan regionunun bir hissəsini təşkil edən Bolqarıstanla əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir. Ötən ilin ikinci yarısında ölkə başçısı İlham Əliyevin Bolqarıstana işgüzar səfəri bu istiqamətdə təkanverici qüvvə olmuşdur. Hələ 2015-ci ildə Prezident İlham Əliyevin Bolqarıstana səfəri zamanı ölkələrimiz arasında imzalanmış Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə siyasi münasibətlərin əsası qoyulmuşdur. Hazırda Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri Balkan regionundan, Yunanıstan və Albaniyadan keçir. Bu səbəbdən də 2022-ci ilin oktyabr ayında Yunanıstan-Bolqarıstan İnterkonnektorunun istifadəyə verilməsi nəticəsində Azərbaycanın "Şahdəniz" yatağında hər il hasil ediləcək 1 milyard kubmetr təbii qazın Bolqarıstana nəqli nəzərdə tutulur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstana növbəti sayca beşinci səfəri aprelin 25-də baş tutmuşdur. Bu isə ölkələrimiz arasında qurulan dostluq və tərəfdaşlıq münasibətlərinin göstəricisidir. Səfər çərçivəsində Bolqarıstanın "Bulgartransgaz", Rumıniyanın "Tramsgaz", Macarıstanın FGSZ, Slovakiyanın "Eustream" və Azərbaycan Dövlət Neft Şirkəti arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması Azərbaycanın enerji ehtiyatlarının dünya bazarında möhkəmlənməsi və rolunun güclənməsi deməkdir.

Ölkəmizin Bolqarıstanla diplomatik münasibətlərinin tarixi 1992-ci il iyunun 5-dən başlayır. Bu münasibətlər siyasi, iqtisadi, mədəni, enerji və digər sahələrdə olduqca uğurlu inkişaf yolu keçmişdir. Aprelin 25-də baş tutan görüşdə imzalanan Anlaşma Memorandumu "Həmrəylik Halqası" təşəbbüsünün reallaşması üçün böyük əhəmiyyət kəsb edir. Bu barədə Prezident İlham Əliyev demişdir: "Biz yerli qazpaylayıcı sistemin qurulması məqsədilə Albaniya ilə danışıqlar prosesindəyik. Çünki Cənub Qaz Dəhlizi Albaniyanın ərazisindən keçir. Eyni zamanda Slovakiya "Həmrəylik Halqası"nın üzvü kimi, əminəm ki, yaxın vaxtlarda enerji sahəsində bizim tərəfdaşımıza çevriləcək. Biz qaz təchizatımızın coğrafiyasını 6 ölkədən, ən azı 10 ölkəyə qədər genişləndirəcəyik. Mən "ən azı" ona görə deyirəm ki, fikrimcə, bu, planların sonu deyil. Biz Avropanın qaz bazarında fəaliyyətimizi daha da genişləndirməyi planlaşdırırıq".

Azərbaycanın Bolqarıstanla enerji sahəsində əməkdaşlığı uğurla inkişaf edən iqtisadi əlaqələrin əsas istiqamətlərindən biridir. Son zamanlar baş verən Rusiya-Ukrayna müharibəsi nəticəsində dünyada enerjiyə olan tələbat artmışdır. Avropa ölkələrinin bu ehtiyacını ödəmək üçün Azərbaycan ən əlverişli ölkədir. Azərbaycanın əsas ticarət tərəfdaşı olan Avropa İttifaqı özü bu məsələdə və yaranmış enerji ehtiyacının ödənilməsində Azərbaycanla tərəfdaşlıqda maraqlıdır. İkitərəfli əməkdaşlıqda Bolqarıstanın Avropa İttifaqına üzv dövlət olması həm də Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasında əhəmiyyətli rol oynayacaq. Azərbaycan və Bolqarıstan dost, tərəfdaş ölkə kimi daha sıx münasibətlərin qurulmasında birgə addımlayırlar. Ölkəmiz yaxın gələcəkdə Bolqarıstan kimi, Macarıstan, Slovakiya, Şimali Makedoniya və s. ölkələrə də Azərbaycan qazını ixrac etməyi planlaşdırır. 2022-ci ilin iyul ayında Avropa Komissiyası ilə enerji sektorunda tərəfdaşlıq, ələlxüsus da "Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu"na uyğun olaraq, Azərbaycan 2027-ci ilə kimi Avropa İttifaqı bazarına qaz təchizatını iki dəfə artırmağı planlaşdırır.

Ramidə YAQUBQIZI,

"Respublika".