Bostan sahələrində məhsuldarlıq artıb
Region

Bostan sahələrində məhsuldarlıq artıb

Bostançılıq Azərbaycanın ənənəvi kənd təsərrüfatı sahəsidir. Qarpız, yemiş, boranı və s. ölkənin bir çox bölgələrində əkilə və yetişdirilə bilir. İnsan sağlamlığı üçün vacib qida sayıldığına görə əkildiyi ərazilər ildən-ilə genişləndirilir. Məsələn, 2020-ci ildə onun əkin sahəsi 19,9 min hektar idisə, növbəti il həmin ərazilər 250 hektar artıb, bu il isə 20,2 min hektar olub.

Əkin sahələrinin genişləndirilməsinə səbəb həm də əhali arasında bu məhsula tələbatın yüksək olması ilə bağlıdır. Məlumat üçün bildirək ki, respublikamızda bostan məhsullarına olan adambaşına illik tələbat 19 kiloqramdır.

Aran regionu bostan məhsullarının ən çox əkildiyi geniş bölgədir. Dövlət Statistika Komitəsi bildirir ki, bu il oktyabrın 1-dək bütün bölgələrdə məhsul yığımı başa çatıb. Ölkə üzrə 466,5 min ton məhsul toplanıb ki, bu da əvvəlki ilin eyni dövründəki göstəricidən 13 min ton artıqdır. Ölkə üzrə hər hektardan məhsuldarlıq da müvafiq olaraq 5 sentner artaraq 232 sentnerə çatıb.

4 min hektardan artıq sahədə əkin aparan Sabirabad rayonu bu işdə liderdir. 146 min tona yaxın məhsul istehsal edən rayon hər hektardan 356 sentnerə - ən yüksək göstəriciyə nail olub. Ölkə üzrə ikinci sırada Saatlı rayonu dayanır - 82 min tona yaxın. Bu rayonda da məhsuldarlıq yaxşıdır, hər hektardan 334 sentner. Yuxarıda adıçəkilən hər iki rayon Mil-Muğan iqtisadi rayonuna daxildir.

Aranın digər rayonu olan Kürdəmir də böyük potensialı olan bostançılıq rayonudur. Geniş ərazidə - 2.2 min hektar sahədə bostan əkilməsinə rəğmən, cəmi 43 min ton məhsul toplanılıb. Bu da başa düşüləndir, axı Kürdəmir torpaqlarında duz çoxdur. Şoran torpaqlar isə məhsuldarlığa mənfi təsir göstərir.

Qarabağ iqtisadi rayonuna daxil olan Bərdə də böyük potensiala malik rayondur. 1.5 min hektar bostan əkini sahəsinə rəğmən bu il oktyabrın 1-dək 45 min ton qarpız, boranı və yemiş əldə edilib. Burada hər hektardan 303 sentner məhsul toplanıb.

Göründüyü kimi, ölkənin bostan əkini sahələrindən hər il yüksək məhsuldarlıq əldə olunur.

Nəriman CAVADOV,

"Respublika".