“KEŞİKÇİDAĞ” QORUĞUNDA BAYRAM TƏDBİRİ
Region

“KEŞİKÇİDAĞ” QORUĞUNDA BAYRAM TƏDBİRİ

"Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğuna məxsus informasiya mərkəzinin önündə "Keşikçidağda Novruz ənənələri" adlı tədbir keçirilmişdir.

Tədbirdə rayon ərazisində yerləşən bir çox idarə və təşkilatların məsul şəxsləri, el ağsaqqalları, ziyalılar, şəhid ailələri və qazilər də iştirak etmişlər. Bayram şənliyi qədim musiqi alətlərimiz olan saz, qara zurna, nağara, ud sədaları altında, Kosa, Keçəl, Bahar qızının və milli geyimli gənclərin xüsusi bəzədilmiş Dilboz atları ilə məclisə gəlişi ilə başlamışdır. Daha sonra Keşikçidağ kurqanlar vadisindən aşkarlanmış son tunc-erkən dəmir dövrünə aid edilən artefaktlardan ibarət sərgi, həmçinin Novruz atributları ilə bəzədilmiş dekorasiyalar nümayiş etdirilmişdir.

Milli rəqslərimizin nümayişi tədbirə əsl bayram əhvali-ruhiyyəsi gətirmişdir. "Çövkən" və "Cıdır yarışı" keçirilmiş, yarışın qaliblərinə hədiyyələr verilmişdir.

Tədbirin sonunda qoruğa məxsus informasiya mərkəzinin ətrafında Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək canlarından keçmiş şəhidlərimizin xatirəsinə həsr olunmuş "Badam bağı"nda ağacəkmə aksiyası keçirilmişdir.

Vəli VƏLİYEV,

"Respublika".