Böyük Qayıdış: zabuxlular öz yurdlarına qovuşurlar
Sosial həyat

Böyük Qayıdış: zabuxlular öz yurdlarına qovuşurlar

Laçın rayonunun Zabux kəndində əsrlər boyu azərbaycanlılar yaşayıb. Kənd Qarabağ yaylasında Həkəri çayı ilə Zabux çayının qovuşuğunda yerləşir və çox vaxt ona Çayqovuşan da deyiblər. Keçmiş sovet dönəmində kənd çayın o biri tayındakı Alxanlı dərəsinə qədər böyüyüb və burada da evlər tikilib. Rayondakı ikinci ən böyük körpü Zabux çayın üzərində olub. 1992-ci il mayın 18-də Ermənistan tərəfindən Laçın rayonu bütünlüklə işğal edilib.

İşğaldan sonra xeyli vaxt Zabux kəndi boş qalıb, ermənilər azərbaycanlıların mal-mülkünü qarət edib, bir çox evləri uçurublar. Sonradan Ermənistan bu kənddə də qeyri-qanuni məskunlaşma aparıb və daşnaklar 2003-cü ildə burada kilsə tikiblər. Qədim tarixi olan Zabuxu erməniləşdirməyə cəhd ediblər. 2006-cı ilin statistikasına görə, kənd əhalisinin sayı 570 nəfər olub. Əhali Zabuxda əsasən əkinçilik, heyvandarlıq, tütünçülük, bağçılıqla məşğul olub. Kəndin su tutar bərəkətli torpaqları var. Həkəri çayının sağ sahilində və Zabux kəndində 400 yaşı olan iki ədəd Şərq çinarı, dövlət meşə fondu torpaqlarında 1092 hektar sahəni əhatə edən nadir ardıc, şabalıd və qaraçöhrə ağacları mühafizə olunurdu. Təəssüf ki, erməni faşistləri bu meşələri də məhv ediblər.

Azərbaycanın hərbi-siyasi üstünlüyü nəticəsində bir güllə atılmadan erməni işğalından azad edilən Laçın şəhəri, Zabux və Sus kəndləri 2021-ci il avqustun 26-da burada qeyri-qanuni məskunlaşan ermənilərdən təmizləndi. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçında və ətraf kəndlərdə erməni təcavüzünün ağır nəticələri aradan qaldırılır, düşmənin taladığı və dağıtdığı yurd yerləri yenidən dirçəldilir, həyat əhəmiyyətli infrastruktur yenidən qurulur, əhalinin öz evlərinə qayıdışı üçün tikinti-quruculuq işləri sürətlə aparılır. Dövlətimizin əsas məqsədi keçmiş məcburi köçkünləri tezliklə doğma diyara qaytarmaqdır. Bu gün keçmiş məcburi köçkünlər iftixarla deyir ki, Qarabağa və Şərqi Zəngəzura əbədi qayıdırıq və burada, tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq. Qeyd edək ki, artıq Laçın şəhərinə əhali qaytarılır, ilin sonuna kimi həm də Zabux və Sus kəndlərinə əhalinin ilkin köçürülməsi nəzərdə tutulub. İlkin mərhələdə Laçın şəhərinə təxminən 600 ailə, Zabux kəndinə 223 ailə, Sus kəndinə isə 73 ailə köçürüləcək. İnfrastruktur layihələrin uğurla və sürətlə icra edilməsi heç də təsadüfi deyil. İki il yeddi aydır ki, Qarabağda və Şərqi Zəngəzurda gerçəkləşdirilən dövlət əhəmiyyətli layihələrin icrasına və dövlət proqramlarının yerinə yetirilməsinə, çoxyönlü tədbirlərə Prezidentimiz İlham Əliyev birbaşa özü rəhbərlik edir. Ölkə başçısının tapşırığına əsasən işğaldan azad edilmiş ərazilərdə infrastrukturun yenidən qurulması və bərpası, yaşayış yerlərinin yenidən tikintisi və bərpası məqsədilə yaşayış məntəqələrinin baş planları hazırlanır və tikinti işləri davam etdirilir.

Prezident İlham Əliyev 2022-ci il sentyabrın 20-də "Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Bundan sonra Zabux və Sus kəndlərinin yenidən qurulmasına başlanılıb. Hər iki kənddə bərpa və quruculuq işləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən aparılır. Zabux və Sus kəndlərində ermənilər tərəfindən dağıdılmış və yandırılmış evlərin söküntü işləri başa çatdırılıb və bu ərazilərdə bərpa-quruculuq işləri başa çatmaq üzrədir. Üç ay bundan əvvəl, mayın 27-də dövlətimizin başçısı İlham Əliyev Laçın rayonunun Zabux kəndində aparılan tikinti işləri ilə tanış olub, tövsiyə və tapşırıqlarını verib. Kənddə 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi inşa edilib. Zabux kəndində evlərin, sosial obyektlərin və küçələrin işıqlandırılmasında "yaşıl enerji"dən istifadə ediləcək. Çox sürətlə aparılan bərpa-quruculuq işləri nəticəsində Zabux kəndi tamamilə yenidən qurulur və bu qədim yaşayış məskəni artıq sakinlərini gözləyir. Kənddə 223 fərdi yaşayış evinin tikintisi aparılır. Çayın üzərində 73 metr uzunluqda körpü inşa olunub. Kənddə çox gözəl, həm də böyük ərazini əhatə edən park salınıb. Qeyd edək ki, Zabux kəndində bütün kommunikasiya xətləri yeraltı həyata keçirilib. İstiliyi qorumaq üçün isə bütün yaşayış evləri termoizolyasiya olunub. Evlərin damlarında günəş panelləri quraşdırılıb.

Uzun illər ərzində yurd həsrəti yaşamış insanların indi üzü gülür, sevinc çöhrələrində bərq vurur,  onlar qürurla və ləyaqətlə doğma torpaqlara qayıdır, gələcək haqqında düşünürlər. Bənzəri olmayan, heç bir sözlə ifadə edilə bilməyən xoşbəxtliyə qovuşurlar. Zabuxlular da yaxın günlərdə öz dədə-baba yurdlarına dönəcəklər.

Salman ALIOĞLU,

"Respublika".