Böyük uğurun təntənəsi
Siyasət

Böyük uğurun təntənəsi

Çəkiyə, ölçüyə sığmayan anlar yaşayırıq, iki yüz il azərbaycanlılara qarşı cinayətlər törədən, işğal siyasəti həyata keçirən qarı düşməni əzən, sarsıdan, darmadağın edən zəncirvari qələbələrin şahidi oluruq, Müzəffər Ali Baş Komandanın xoş müjdələrini eşidirik. 35 ildən artıqdır ki, bir jurnalist kimi mənə erməni təcavüzündən, daşnak xislətindən, hayların Azərbaycana qarşı törətdikləri faciələrdən, soyqırımlarından, deportasiyadan, etnik təmizləmədən, övladını itirən ata-anaların, ata-anasını itirən övladların dərdindən, yurd həsrətli insanların sızıltısından, düşmən mərmisindən dağılan evinin uçuq divarlarını qucaqlayan insanların göynərtisindən və bütün bu faciələrin qarşısında mərdliklə, inamla dayanan insanların taleyindən yazmaq qismət olub.

Ayaqları və arzuları doğma yurd yerlərindən köklü ağac kimi qopan insanların ən çətin vaxtlarında onların arasında olmuşam, yaşadıqları ağrıları mən də yaşamışam. Şəhid qardaşımın erməni əsarətində qalan məzarına başdaşını varlığımda dikəltmişəm, ürəyimin pərdəsinə bükərək yadigar qoyduğu beş övladına həyan durmuşam, xeyir işlərində ata həsrətli qızları məcburi köçkün kimi sığındığımız köhnə tikilidə el adətiylə çıraq başına dolandırıb gəlin köçürəndə səssiz axan göz yaşlarımı şəhid qardaşımın ruhu silib.

 Azərbaycan, doğma məmləkətim gözün aydın olsun, yaralarına məlhəm qoyan liderimiz illər uzunu çəkdiyimiz bütün ağrıları, həsrəti, sinəmizi deşən torpaq itkisini, nakam ruhların acısını, əyilmiş şərəfimizi, kölgəli gözlərimizi, qısıq səsimizi, kəsərdən düşən sözümüzü, itən qürurumuzu, iftixarımızı geri qaytardı. İlahi, bu nə möhtəşəm an idi, göy üzü də, yer üzü də, qarsalanmış torpaqlar da, perik düşən ruhlar da sevindi, bu səs qeybdən gəlmirdi, möcüzə də deyildi. Bu səs Xankəndidən, Qarabağın ürəyindən, haqdan gəlirdi, qətiyyətin, fədakalığın yaratdığı qələbələrin təntənəsindən gəlirdi. Bu adi səs deyildi, bu Qarabağ Fatehinin, Sərkərdəmizin, Liderimizin düz 20 il sinəsinin altında çırpınan böyük ürəyinin himni idi, 30 ildən sonra Xankəndidə çalındı. Qarabağda və Şərqi Zəngəzurda qazanılan tarixi Qələbə və şanlı Zəfər Azərbaycanda yaşayan bütün millətlərin sarsılmaz birliyi, qardaşlığı, döyüş ruhu və düşmənə nifrət hissi ilə əldə edildi. Şanlı tarix yazan igidlərimizin qəhrəmanlığı, Silahlı Qüvvələrimizin rəşadəti, döyüş qabiliyyəti, milli ruhu və düşmənə qarşı qisas hissi birliyimizin sarsılmaz ifadəsinə çevrildi. Vətən müharibəsi birliyimizin sarsılmaz olduğunu bütün dünyaya bir daha nümayiş etdirdi. Araqatanların, naxələflərin, ermənilərə "qorxma" deyənlərin niyyətlərinə, islam din pərdəsinə bürünən, əslində isə ermənilərdən çox ermənilik edən, nifaq salmağa, suyu bulandırmağa cəhd edən bədnam qonşumuzun çabalarına, Fransanın haqsız iddialarına baxmayaraq, Azərbaycanın hərbi, siyasi, mənəvi-psixoloji üstünlüyü qara qüvvələrin qarşısına möhkəm sipər çəkdi. Azərbaycan bölgədə sülhün, əmin-amanlığın, sabitliyin, inkişafın, tərəqqinin, əməkdaşlığın mərkəzinə çevrilib, bir çox beynəlxalq tədbirlərin işğaldan azad olunan, tarixi, modern şəhərsalma üslubunda bərpa edilən, yenidən qurulan Şuşa şəhərində keçirilməsi hər birimizdə qürur hissi yaşadır. Düşmənin vurduğu yaraları sağalan Şuşanı indi bütün dünya tanıyır. Sıldırım qayalar üzərində inci kimi bərq vuran bu qədim şəhər bura gələn və bu nadir gözəlliyi görən əcnəbiləri sözün əsl mənasında ovsunlayır. Prezidentimiz İlham Əliyevin dediyi kimi, biz döyüşərək, qan tökərək, şəhidlər verərək doğma diyarımızı erməni işğalından azad etdik və Qarabağa qayıtdıq. Biz artıq burada yerləşmişik, biz buraya qayıtmışıq, doğma diyarımıza qayıtmışıq. Bütün Qarabağ və Şərqi Zəngəzur bölgəsində genişmiqyaslı abadlıq işləri aparılır, şəhərlər yenidən qurulur, kəndlər yenidən salınır. Bu gün təkcə Azərbaycanın yox, bütün dünyanın diqqəti Xankəndi şəhərindədir. Qalib Ali Baş Komandan tərəfindən üçrəngli bayrağımız Sərsəngdə, Ağdərədə, Əsgəranda, Xocavənddə, Xankəndidə göylərə qaldırıldı, indi bu bayrağı bütün dünya görür. Azərbaycanın uzun illər apardığı mübarizə işğal olunmuş torpaqlarımızın azadlığı ilə yanaşı, həm də bütövlükdə erməni faşizminə qarşı aparılan savaşı başa çatdırdı.

 Ömür vəfa etmədi, ulu öndərin başladığı xüsusi əhəmiyyətli işləri oğlu, layiqli davamçısı İlham Əliyev çox qətiyyətli və fədakar fəaliyyəti ilə başa çatdırdı. Böyük öndər Heydər Əliyev demişdir: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə ümidlər bəsləyirəm". Ata vəsiyyəti yerinə yetirildi. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, milli maraqlara əsaslanan siyasət nəticəsində Azərbaycan güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik dövlətə, qalib ölkəyə çevrilib. Ümummilli liderin müdrik, uzaqgörən, daxili və xarici siyasətini özünün siyasi kursu elan etmiş, Heydər Əliyev idarəçilik məktəbinin layiqli davamçısı İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində keçmiş Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu, uzun illər işğal altında qalan torpaqlarımız düşmən əsarətindən azad edildi. Tamamilə yer üzündən silinmiş Ağdamın, Füzulinin, Cəbrayılın, Zəngilanın və digər ərazilərimizin qüruru özünə qaytarıldı, yeni bir Qarabağ və Şərqi Zəngəzur qurmaq uğrunda indi sözün əsl mənasında mücadilə aparılır. Xankəndidən dünyaya səslənən Liderimiz bildirdi ki, iyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror tədbirləri zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir.

Prezidentimizin Xankəndidə çıxışı həyat, mübarizə və uğur fəlsəfəsini bütün dolğunluğu ilə nümayiş etdirdi. Uğur, qələbə düsturunun cavabı Azərbaycan xalqının öz lideri İlham Əliyevlə fəxr etməyindədir. İndi İlham Əliyevin uğurunun sirri nədədir sualına çoxları cavab axtarır, yəqin ki, hələ çox axtaracaqlar. Zənnimizcə, bu uğurun mayasında doğma xalqa məhəbbət, İlham Əliyev amalları, şəxsiyyəti, liderlik bacarığı, kökə, şəcərəyə bağlılıq, fədakarlıq, dəmir iradə, fəth etmə qabiliyyəti, təkamül, söz ilə əməli birləşdirən qətiyyət dayanır.

Salman ALIOĞLU,

"Respublika".