Böyük Zəfər yolunda 
MÜSAHİBƏLƏR

Böyük Zəfər yolunda 

İlk gündən son günədək

Vətən müharibəsi qələbəmizlə başa çatdı. Minlərlə şəhid verdik. Sağlamlığından keçib qələbə ilə geri dönənlərimiz var. Hər birinə borclu olduğumuz o oğullar haqqında yazmaq isə əliqələmli hər kəsin vəzifə borcudur.

Bu günlərdə  Milli Məclisin İşlər  İdarəsinin İaşə Xidmətinin əməkdaşı, 44 günlük Vətən müharibəsinin ilk günündən sonunadək  cəbhə xəttində əsgəri xidmətini yerinə yetirən Sübhan Nail oğlu Səmədovla görüşmüşük. Onunla müsahibəni oxuculara təqdim edirik:

- Sübhan, mümkünsə, özün barədə  bir  az məlumat ver.

- Qəbələ rayonunun Zarağan kəndində doğulmuşam. Kəndimiz rayon mərkəzindən 5-6  kilometr məsafədə  yerləşir. Ailədə iki uşağıqmən məndən iki yaş kiçik bacım.

Məsəl var deyirlər, filankəsin  çörəyi daşdan çıxır. O deyim bizim ailədə tam əksini tapıb. Atam daş ustasıdır, hörgü  işləri  görürAnam isə evdar qadındır. Bütün ailəmizin çörəyi atamın daşdan cadar-cadar olmuş əllərindən çıxıb həmişə. Balaca vaxtımızdan da bizə halallıq, dürüstlük, zəhmət  təlqin edilib. Mən ali təhsilliyəm. Sumqayıt Dövlət Universitetinin iqtisadiyyat idarəetmə fakültəsini bitirmişəm.

Kəndimizdəki 1 saylı orta  məktəbi bitirəndən sonra hərbi sahəni deyil, iqtisadiyyatı seçdim. İnstitutu bitirən kimi iyul ayında  əsgər  getdim. Sumqayıtın Nasosnu qəsəbəsindəki  hərbi hissədə bir ay qalandan sonra zirehli maşın sürücüsü kimi Pereküşküldəki hərbi hissəyə ezam olundumOrada  da  bölgü  keçirildi mən təminat bölüyünə düşdüm. Elə bölgü başa çatan günün səhəri müharibənin başlanmasını elan edən üçdəfəli həyəcan siqnalı  səsləndirildi...

Mən əsgəri xidmətə cəmi iki ay idi başlamışdım hələ vəziyyəti tamlığı ilə dərk edə bilmirdim. Hərbi hissədə təlaş qarışıq sevinc müşahidə olunurdu - silahını götürən kim, çantasını toplayan kim... Hələ həyatımda elə ruh yüksəkliyi görməmişdim. Elə bil toya, bayrama hazırlaşırdılar. Belə bir ruhla görülən işin qələbə ilə nəticələnəcəyi  hamıya gün kimi aydın idi...

KAMAZ maşınlarına doluşub yola düşdük. Maşında Tovuzdan olan 18 yaşlı bir əsgərdən başqa kimsəni tanımırdım. Sonralar  hamı ilə dostlaşdıq. Müharibə elə bir yerdir ki, yanındakı əsgər  yoldaşın sənə dünyada ən yaxın əziz adam sayılır.

Bizi əvvəlcə Füzuliyə apardılar. Mən 44 günlük müharibədə ilk gündən son günədək  cəbhə xəttində idim, təminat sektorunda  xidmət  edirdim.

İnanın ki, o 44 gün ərzində valideynlərim bilməmişdilər ki, mən cəbhədəyəm. İstədiyim qız vardı, hazırda nişanlımdır. Ondan başqa kimsəyə deməmişdim. Ona da halallaşmaq məqsədi ilə xəbər vermişdim. Çox ağladı, üzüldü, amma dedim müharibədir, hər şey ola bilər... Bircə qorxum anamdan idi. O, mənə çox bağlıdır. Düşündüm ki, bilsə mən cəbhədəyəm, yeməkdən, içməkdən kəsiləcək, sağlamlığına zərər dəyəcək... Hətta dəfələrlə anamla telefonla danışarkən atəş səsləri eşidilirdi, deyirdim  narahat olma, təlimdəyik...

Elə günlər olurdu ki, sıldırım qayalara dırmaşaraq döyüş yoldaşlarımıza təminat  çatdırmalı olurduq, boğazımız quruyur, udquna, danışa bilmirdikKürəyimizdə bir yeşik su ola-ola, ondan bir  qurtum içməyə qıymırdıq ki, biz dönüb bir yerdə su tapıb içərik, qoy bunu döyüşdəki əsgərlərə çatdıraq...

- Qələbə xəbərini harada  eşitdin?

- Şuşaya doğru qalxırdıq. Orada döyüşü bitirib dincəlmək üçün  bir koordinata  toplaşan döyüşçülərə təminat aparırdım. Yolda bir-iki dəqiqə dincimizi alarkən nişanlıma zəng vurdum. O, ağlaya-ağlaya məni təbrik etdi ki, müharibə bitdi. Moskvada Rusiya Prezidentinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti Ermənistanın Baş naziri arasında üçtərəfli Bəyanat imzalanıbLazımi nöqtəyə çatanda döyüşdən  yorğun gələn qardaşlarımız yatmışdılar. Onları oyadıb bu şad xəbəri çatdırdım. Heç biri inanmadı. Dedilər yarım saat vaxtımız var, belə zarafat eləmə, sən Allah, qoy yataq. Sonra başqa uşaqlar da gəlib dediyimin həqiqət olduğunu bildirdilərTəbii ki, çox sevindik...

Ermənilər bizdən çox qorxurdular. Çünki onların döyüşçülərinin çoxu səfərbərlikdən gələn yaşlı insanlar idiPeşəkar  hərbçiləri isə muzdlu şəkildə başqa ölkələrdən cəlb olunmuşdular. Onlar da vətən sevgisi  məfhumundan xəbərsiz idilər. Ona görə yenə deyirəm, müharibənin bizim qələbəmizlə başa çatacağı kimsədə şübhə doğurmurduBiz öz torpaqlarımız uğrunda  vuruşurduq. Kimsənin evinə, torpağına soxulmamışdıq, göz  dikməmişdik, heç kimin yurdunu talan etməmişdik, kimsəni ev-eşiyindən didərgin salmamışdıq. Haqq da, Tanrı da, milyonlarla  anaların duası da bizim tərəfimizdə idi.

Şuşa istiqamətində fermada qalırdıq. Yuxarı ərazilərdə döyüşən  əsgərlərə təminat  aparırdıq. Biz dincəlmək üçün iki-iki ayrılıb dairəvi şəkildə oturmuşduq. Düşmən tərəf bizi görürmüş. Tən ortaya minamyot atdılar, açılmasa da, dalğası hərəmizi bir tərəfə yıxdı. Qayaya dirsəkləndik. Ermənilər minamyotun açılmadığını görüb yəqin ki, sağ qaldığımızı təxmin edərək eyni nöqtəyə ikinci dəfə atdılar. Güclü  partlayışdan yerə yıxıldım. Mənə elə gəldi ki, artıq sondur... Huşum üstümə gələndə gördüm ki, kürəyimə isə batır, dəhşətli ağrısı vardı. Elə bildim daş parçasıdır, birtəhər əlimi atıb çıxardım. Sonra uşaqlar dedilər ki, qəlpədir, minamyotun vannasından qopmuş sönmüş qəlpə... Hələ kürəyimdə  çoxsaylı qəlpələr var.

 Ehhh... orada elə ağrılı hadisələr gördüm ki, utandığımdan bu yaraları heç dilimə gətirmək istəmirəm. Keçdi, getdi...

- Yəqin ki, dostların arasından şəhid olanlar da oldu

- Şəhidlik böyük zirvədir. Hər kəsə nəsib olmur. Məsələn, mənə qismət olmadı. Müharibədə bir an sonra başına gələcəyini proqnozlaşdırmaq mümkün deyil. Təbii ki, hər bir vəziyyətə hazır idik.

Əvvəllər mənim yanımda kiminsə əli kəsiləndə, dırnağı qopanda ətim ürpəşirdiçox qorxurdum. Müharibə bütün bu kompleksləri aradan qaldırır. Mən əlinə silah alıb döyüşməsə , o prosesləri gözü ilə görən, müharibədə hər hansı bir şəkildə iştirakı olan hər kəsi qəhrəman sayıram.

Biz təminat sektorunda 8 nəfər idik. Lənkərandan olan Mehdi Qəmbərli adında bir  dostumuz var idiBizim bölükdən, ancaq o şəhid oldu. Minamyot atəşi beynini dağıtmışdı. Hər il ad günündə, ildönümündə onu yad  etməyə gedirik Lənkərana.

Bir nəfər yaxın dostum başqa bölükdə idi. Evli idi, bir oğlu vardı. Müharibə günlərində bir qızı da anadan olmuşdu. Döyüş yoldaşları ondan şirinlik istəmişdilər. Həmin günü şəhid oldu nəşi gətirildi. Şirinliyi canı ilə ödəmişdi...

Sağ olsun dövlətimiz, Ali Baş Komandanımız. Cəbrayılın, Füzulinin, Şuşanın azad edilməsinə görə "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuşamƏslində mən özümü  44 günlük  Vətən müharibəsində o qədər çox görmüş  əsgər saymıramƏlimə silah alıb canlı döyüşə girməmişəm, sadəcə əsgər yoldaşlarıma təminat  aparmışam. Amma buna baxmayaraq, heç bir əsgərin, zabitin xidməti diqqətdən kənarda  qalmır.

Müharibə bitsə , əsgəri xidmətimin hələ altı ayı qalırdı. Məni yenidən Pereküşkülə gətirdilər. Bir neçə gün sonra isə Laçına apardılarQalan xidmətimi Laçında yerinə yetirdim

Qərənfil MANSUROVA.