Britaniya parlamentinin nümayəndə heyətinin üzvü Ağdamda gördüyü mənzərədən dəhşətə gəldi
MÜSAHİBƏLƏR

Britaniya parlamentinin nümayəndə heyətinin üzvü Ağdamda gördüyü mənzərədən dəhşətə gəldi

İşğaldan azad olunmuş ərazilərdə dağıntıların böyük miqyasını müşahidə etmək çox üzücüdür.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Ağdama səfər edən Böyük Britaniya parlamentinin nümayəndə heyətinin üzvü Devid Duguid bildirib.

O deyib: "Buradakı qəbiristanlıqlarla bağlı görüb-eşitdiklərim məni dəhşətə gətirdi. Öz-özümə düşünürəm ki, axı üçün işğalçı qüvvələr heç bir səbəb olmadan meyitləri qəbirlərdən çıxarıblar. Bu, çox qəribədir" (red. - ermənilər işğal dövründə Ağdam şəhərinin mərkəzində yerləşən Şəhidlər xiyabanında qəbirləri qazaraq cəsədləri çıxarıb, cəsədlərdəki qızıl dişləri oğurlayıblar).

İşğal zamanı bu torpaqlarda heç bir quruculuq işinin aparılmamasına təəccübünü gizlətməyən Devid Duguid qeyd edib ki, əksinə, hər tərəfdə ancaq dağıntılar törədilib.

Hazırda azad edilən torpaqlarda Azərbaycan dövləti tərəfindən böyük quruculuq işlərinin aparıldığını bildirən qonaq deyib: "Böyük Britaniya hökumətinin yenidənqurma işlərində göstərdiyi səyləri görmək çox sevindiricidir".