Bu dünyanın əlifbası məhəbbətdir
Mədəniyyət

Bu dünyanın əlifbası məhəbbətdir

Bir arzum var, ay adamlar, qoyun deyim,

Sağlığında qiymət verin insanlara,

Yaxşılara sağlığında yaxşı deyin,                     

Sağlığında yaman deyin yamanlara.

Onun şeirləri dilinin sadəliyi, obrazlılığı və canlılığı ilə seçilir. Sətirlərdən bəndlərə, bəndlərdən digər şeirlərə keçdikcə özün də hiss etmədən  sanki bir maraqlı yola çıxırsan. Uzun olsa da usanmır, bezmir, yorulmursan. Bu yolda yol yoldaşın,  bələdçin, sirdaşın da sehrli sözlər olur. Bəzən bu sətirlərdə dünyanın yaxşı-yamanı, əyri-düzü, həyatın hər üzü ilə qarşılaşırsan. Vətəni seyrə çıxıb, hər qarışının seyrangah olduğunu görürsən. Onun şeirlərində bəzən tamaşaçı, bəzən də iştirakçıya çevrilirsən. Misralarda görüşüb, bəndlərdə ayrılırsan. Bu şeirlər görüş yeri, vida məkanı, ayrılıq dayanacağı və vüsal nöqtəsi olur. Səni sənə, sevənləri yarlarına, həsrətliləri vüsalına qovuşdurur. Bütün bunlara görə də həmin şeirləri həsrət körpüsü, ya da sevgililərin qovuşmaq dayanacağı adlandırmaq olar. Çünki seyrə çıxdığın bəndlərdə obrazlarla söhbət edir, dərdləşir, sevinir amma yorulmursan. Cabir Novruz poeziyasının qüdrəti budur. Şirin, axıcı, rəvan və rahat. Bəzən sadə, bəzən də emossional. Bəstəkarların sevə-sevə müraciət etdiyi şeirləri həm də musiqi ruhludur.

Bu dünyanın əlifbası

                         məhəbbətdir,

Ən ilk nəğmə, ən ilk yazı

                         məhəbbətdir…

Kim sevirsə, ən müasir insan odur.

Xalqının sevimli şairi olmağı bacaran Cabir Novruzu ən çox gənclər sevirdi. Çünki o, şeirlərində gənclərin sevgisini, məhəbbətini vəsf edirdi. Həm də onlarda vətənpərvərlik ruhu aşılayırdı. Hər nəşr olunan kitabını böyük imtahan hesab edən ədib həyəcanla oxucu münasibətini gözləmişdi. Yaradıcılığı boyu Vətənini, millətini və onun gözəlliklərini tərənnüm  edən şair özünəməxsusluğu ilə seçilmişdir. Ədib bütün məziyyətləri ilə həm də işıqlı, nurlu insan olmuşdur. Daxili ziyası onu hər zaman oxucu kütləsinə sevdirmişdir. Şairin işıqlı, nurlu siması, amalı yaradıcılığında da özünü büruzə verir. O səbəbdən də şeirlərində ruh yüksəkliyi, xoş ovqat var.

Cabir Novruzun  poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şeirləri ilə oxucuların dərin məhəbbətini qazanmışdır. Onun qələmindən çıxan lirik poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir. Onun yüksək mənəviyyata səsləyən yaradıcılığı və vətəndaş ruhunun hakim olduğu poeziyası dilinin bədii gözəlliyi və rəvanlığı ilə seçilir. Şairin  yaradıcılığı vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasına mühüm xidmətlər göstərmişdir. Şair şeirlərində vətənin taleyi üçün narahatlıq hissini dilə gətirir. Cabir Novruz poeziyasının başlıca mövzuları azərbaycançılıq ideyaları ilə sıx bağlı olmuşdur. Şairin poetik təfəkkürü onun lirikasının tarixiliyini qüvvətləndirmiş və bu poeziyanı daha həyati etmişdir. Onun yaradıcılığı sevimli mahnıların mövzusu, sevənlərin dillər əzbəri  olmuşdur.

Cabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində dünyaya gəlmişdir. Orta məktəbi bitirdikdən sonra M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda təhsil almış və 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdur. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə təhsilini davam etdirmək üçün Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilmiş və 1957-ci ildə oranı bitirmişdir. 1958-ci ildə "Bakı" axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz 1967-1970-ci illərdə "Azərbaycan" ədəbi-bədii jurnalının, 1991-1993-cü illərdə isə "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi olmuşdur. Şair eyni zamanda həyatının bütün dövrlərində Azərbaycanda  ictimai-siyasi proseslərin öndə gedənlərindən  olmuş, xalqımızın həyatında baş verən təleyüklü hadisələrə düzgün qiymət verməsində əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmişdir.  Bu mənada şair yazırdı:

Tək yaşamaq istəmirəm özüm üçün,

Anam üçün, oğlum üçün, qızım üçün.

Qoyun məndən inciməsin əzizlərim, 

Qəlblərinə toxunmasın bu sözlərim.

"Ana muzeyləri yaradaq gəlin" deyən şair şeirində həm də ana hissini təhqir edənlərə qəzəbini, nifrətini bildirir. Ana, Vətən məfhumuna, müqəddəsliyinə xələl gətirənlərə qarşı qələmini silaha çevirən şair ömrünün son illərində daha kəskin mövqe sərgiləmişdir. Onun ahıllıq çağı Azərbaycanın işğal, torpaq itkisi kimi yaralar aldığı dövrə düşmüş bu da şairə ağır dərd, güclü zərbə olmuşdur. Cabir Novruz öz hisslərini izhar etmək üçün əsir düşən Şuşaya poema həsr etmişdir. Şair "İxtiyarım olsa idi" poemasında bir daha sübut edir ki, əsl şair cəmiyyətdə, məmləkətdə baş verən hadisələrə biganə qalmır. Hətta poemaya yazdığı ön sözdə qeyd edir: "Nə zamandır Qarabağı və neçə-neçə digər yerləri düşmən tapdağında qalan, bir milyondan çox yurd-yuva, ev-eşik dərbədəri olan, adı-sanı xar olan bir şair, bir vətəndaş, bir azərbaycanlı kimi gecə-gündüz yanıram, qovruluram, düşünürəm, az qala öz içimdə boğuluram. Ən sarsıntılı vaxtlarımda gümanım qələmimə çatır, ona pənah gətirirəm".

Cabir Novruzun ədəbi və ictimai fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, "Əməkdar incəsənət xadimi", "Xalq şairi" fəxri adlarına, dövlət mükafatına, orden və medallara layiq görülmüşdür. 1995-ci ildə isə  Azərbaycan Milli Məclisinin deputatı seçilmişdir. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq şairi Cabir Mirzəbəy oğlu Novruzov (Cabir Novruz) 2002-ci il dekabrın 12-də ömrünün 69-cu ilində Bakı şəhərində vəfat etmişdir.

Ramidə YAQUBQIZI,

"Respublika".