Bu il köç karvanları Cəbrayıla da üz tutacaq
Sosial həyat

Bu il köç karvanları Cəbrayıla da üz tutacaq

Birinci Qarabağ müharibəsinin sonlarına yaxın erməni hərbi birləşmələrinin işğal etdiyi rayonlarında biri də Cəbrayıl olub. Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan ordusu tərəfindən ələ keçirilib. Rayon işğal olunarkən 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. Digər keçmiş məcburi köçkünlər kimi cəbrayıllılar da 30 ilə yaxın yurd həsrətilə yaşayıb, respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar.

Qeyd edək ki, Azərbaycanın gözəl guşələrindən biri olan Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə yaradılıb. 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna birləşdirilsə də, 17 iyun 1964-cü ildə yenidən öz adı ona qaytarılıb. Coğrafi mövqeyinə gəlincə, Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Rayon cənubdan ölkənin ikinci ən böyük çayı olan Araz boyunca İran İslam Respublikası ilə həmsərhəddir. Relyefi dağlardan ibarət olan rayon vaxtilə Araz sahilində yerləşən Tuqay meşələri ilə zəngin olub. Bu ərazi öz münbit torpaq örtüyü ilə də seçildiyindən, məhsuldarlıq üçün olduqca əlverişli yer sayılıb. Lakin qəddar düşmən işğal dövründə digər ərazilər kimi burada da qeyri-insani hərəkətlər etməklə, ətraf mühitə ziyan vurublar. Rayonda bütün infrastruktur, evlər, yaşayış binaları, məktəblər, ictimai binalar - hamısı ermənilər tərəfindən sökülüb, yerlə-yeksan edilib.

Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 4-də Cəbrayıl şəhəri erməni işğalından azad edilib. İkinci Qarabağ müharibəsinin başladığı ilk gündən təşəbbüsü ələ alan Azərbaycan Ordusu düşməni geri çəkilməyə məcbur edib. Nəticədə bir neçə gün sonra Cəbrayıl rayonunun xeyli hissəsi hərbçilərimizin nəzarətinə keçib. Ermənistan ordusundan ilk azad olunan şəhər də Cəbrayıl olub. Belə ki, əsgərlərimiz şəhərə daxil olub və üçrəngli bayrağımızı ucaldıblar. Bununla da 4 oktyabr Cəbrayılın işğaldan azad edildiyi gün kimi tarixə düşüb.

Artıq üç ildir ki, azadlığına qovuşan Cəbrayılda Böyük Qayıdış Proqramı ilə bərpa və yenidənqurma işləri davam edir. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyindən verilən məlumata görə, bu il Cəbrayıl şəhərinə köç olacaq. Cəbrayıl şəhərinin mərkəzində yaşayış kompleksi salınır. Kompleksdə 4-5 mərtəbəli olmaqla, 33 yaşayış binası tikilir. Bu binalarda 712 mənzil olacaq. Plana əsasən bu il inşaat işləri başa çatdıqdan sonra binalarda 2158 keçmiş məcburi köçkün məskunlaşacaq. Beləliklə, Cəbrayıl şəhərinin sakinlərinin 31 illik yurd həsrəti başa çatacaq. Onlar da Zabuxa, Ağalıya, Talış kəndlərinə, eləcə də Laçına və Füzuliyə geri qayıdan soydaşlarımız kimi doğma yurdlarında yaşayıb yaradacaqlar.

Cəbrayıl şəhəri ilə yanaşı, rayona daxil olan kənd və qəsəbələrdə də yenidənqurma işlərinə xüsusi diqqət yetirilir. Ötən ilin may ayında təməli qoyulan Xudafərin qəsəbəsində keçmiş məcburi köçkünlər üçün dayanıqlı şərait yaradılmasına dair işlərə başlanılıb. Burada aparılan tikinti işlərində "dayanıqlı kənd", "yaşıl enerji" və "dayanıqlı nəqliyyat" yanaşmaları əsas götürülüb. Azərbaycan xalqı üçün tarixi əhəmiyyət daşıyan Xudafərin körpüsünün yaxınlığında yerləşəcək qəsəbə, yeni dəmir yolu xəttindən və avtomobil yolundan 7 kilometr məsafədə salınır. Qəsəbənin layihələndirilən ümumi ərazisi 25 hektardır. Baş plana əsasən, gələcəkdə burada 149 ev tikiləcək. Birinci mərhələdə 20 evin inşası nəzərdə tutulur. Burada iki, üç, dörd və beş otaqlı fərdi evlər də tikiləcək. Hər evin həyətyanı sahəsi 600 kvadratmetr təşkil edəcək. Qəsəbəyə birinci növbədə 77 sakin köçürüləcək. Xudafərin qəsəbəsində məktəb, uşaq bağçası, inzibati bina, məscid, bazar, çoxfunksiyalı bina (ticarət müəssisələri, tikinti materiallarının satış zonası, ictimai qida müəssisələri və s.), mədəniyyət evi, "Karvansaray" hotel və icma evi də yaradılacaq. Bundan başqa, Araz çayının sahilində və Xudafərin körpüsünün yaxınlığında parkın salınması da nəzərdə tutulub.

Musa BAĞIRLI,

"Respublika".