Bütün təhdidlərin qarşısı alınacaq
Digər xəbərlər

Bütün təhdidlərin qarşısı alınacaq

Xain xisləti ilə erməni sevdalısına çevrilən İranın təxribatları gündən-günə artır. Belə ki, bu gün İran ölkəmizə qarşı anti-Azərbaycan siyasəti həyata keçirir. Şübhəsiz, adı əksər hallarda münaqişələrdə, etirazlarda hallanan cənub qonşumuzun rifahı yüksək olan, qalib dövlətimizi qısqanması təəccüblü deyil. Təsadüfi deyil ki, İranın dövlətimizin əleyhinə apardığı təxribatlar məhz bölgədə sabitliyin pozulması məqsədilə həyata keçirilmişdir.

İranın üzü 44 günlük Vətən müharibəsində bir daha bəlli olmuşdur. 30 il müddətində Azərbaycan torpaqlarının işğal altında qalmasını, Ermənistanın törətdiyi vəhşilikləri gözardı etməsi bir daha xəyanətkar olduqlarını təsdiqləmişdir. Üzdəniraq düşmənə dəstəyini açıq şəkildə bəyan edən İranın son zamanlarda saysız-hesabsız terrorlarla gündəmə gəlməsi onun məkrli siyasətindən xəbər verir.

Səfirliyimizə qarşı təşkil olunan hücumla daha geniş vüsət alan təxribatlar məhz antiazərbaycançılığı ehtiva edir. Həmin hadisədən başlayaraq bu günədək baş verən insidentləri təhlil etsək məkan zaman fərqinə baxmayaraq, qanlı olaylarda İranın barmağının olduğunu açıq-aydın görərik. Belə ki, Tehrandakı səfirliyimizdə baş tutan silahlı atışma bu rejimin terrora dövlət səviyyəsində dəstəyini bir daha təsdiqlədi. Şübhəsiz, İranın əməlləri bununla da bitmir. Aparılan araşdırmalar onu göstərdi ki, Milli Məclisin deputatı Fazil Mustafaya qarşı edilən silahlı hücumda da məhz bu rejimin əli var. Saxlanılan şəxslərin məlumatlarına diqqət yetirsək, hər birinin İranla bağlantısına şahid olarıq. İran tərəfi bundan boyun qaçırmağa cəhd etsə , əbəsdir. Çünki mövcud qanunlar faktlar var.

Aprelin 5- İran parlamenti Azərbaycanın İsraildə səfirliyinin açılmasını pisləyən bədnam bəyanat qəbul etmişdir. Sözügedən sənəd ölkəmizə qarşı qərəzli siyasəti bir daha göz önünə gətirmişdir. Əslində, həmin sənəd İranın qısqanclıq yanğısını pərdələməyə çalışdığı bir addımdır. Azərbaycanın İsraildə səfirliyinin açılmasını guya İslam dünyasının maraqlarına "zidd hərəkət" kimi dəyərləndirməsi İranın riyakarlığının təzahürüdür. Bunlar yetmirmiş kimi, İranlı deputatlar utanmadan ərəb islam ölkələri hökumətlərinə, İslam Əməkdaşlıq Təşkilatına bu addımı pisləmələri üçün bir sıra çağırışlar da ediblər. Yersiz bəyanatda ikrah hissi doğuran məqamlardan biri Azərbaycanın İsraildə səfirlik açmasının bir çox mənfi siyasi nəticələri olacağının yer almasıdır. Bunlar bu ölkənin həyasızlığının pik nöqtəsinin göstəricisidir. Həmçinin, heç bir mənəvi-əxlaqi dəyəri olmadığı halda utanmadan İslam həmrəyliyindən danışan İran parlamentinin qəbul etdiyi məlum bəyanat rejimin Azərbaycana qarşı yürütdüyü düşmənçilik nümunəsidir. Deyəsən, İran Azərbaycanın düşmənə verdiyi göz dağını tez unudub. Maraqlıdır, bir ölkə özünü niyə bu qədər biabır etsin ki? Görünür, oxşar siyasət yeritməklə onlar özlərini dostları Ermənistana bənzədirlər. Ən gülünc məqamlardan biri isə dini əlində oyuncağa çevirən İranın məhz 30 il ərzində dini abidələrimizi dağıdan, məscidlərimizdə donuz saxlayan, ən əsası isə İslam dünyasını açıq-aşkar təhqir edən bir ölkə ilə ortaq cəhətlərinin olmasıdır. Əgər İran əsl müsəlman dövləti kimi hərəkət etsəydi, haqqın tərəfində olardı.

Lakin İranın təxribatları heç bir nəticə verməyəcək. Çünki beynəlxalq hüquq normaları əsasında addım atan ölkəmizin nüfuzu sülh tərəfdarı olması hər kəsə məlumdur. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycana yönələn bütün təhdidlərin qarşısı alınır alınacaq.

Nəzrin ELDARQIZI,

"Respublika".