Cənubi Qafqazda ikinci Ukrayna modeli yaradılır
Siyasət

Cənubi Qafqazda ikinci Ukrayna modeli yaradılır

Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanması prosesi davam edir. Rəsmi Bakı açıq şəkildə bəyan edir ki, yekun sülh sazişinin imzalanmasına hazırdır. Bununla belə, İrəvan rəhbərliyi müxtəlif cəhdlərlə prosesi yubadır. Paşinyan hökuməti gah Azərbaycanın hücum edəcək ritorikasını işə salır, gah 8 kəndin geri qaytarılmayacağını, gah da xarici ölkələrdən silah aldığını bəyan edir. Bunların fonunda Ermənistan sərhədə yerləşdirdiyi Avropa İttifaqının “müşahidə” missiyasının tərkibini genişləndirir, eləcə də ölkəsinin sözügedən quruma üzv ola biləcəyi mesajını verir. Bütün bunlar rəsmi Bakı ilə İrəvan arasındakı münasibətləri gərginləşdirir, yekun razılığın əldə olunmasını çətinləşdirir. Paşinyan hökuməti bu yolla Qərbdən daha çox yardım almağı, sülh üçün qurulacaq masaya hazırkından daha güclü əyləşməyi hədəfləyir. Amma Ermənistanın siyasi rəhbərliyinin yeganə məqsədi bu deyil. Belə ki, proseslər baş nazir Nikol Paşinyanın Rusiyadan tam uzaqlaşması fonunda gedir. Hökumət rəhbəri ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı fəaliyyətini dondurduğunu açıqlayır, qurumun təlim və toplantılarında iştirak etməkdən boyun qaçırır. Bu isə bizə bir ssenarini xatırladır. Belə ki, Ukraynada müharibə başlamazdan əvvəl Rusiyanın təsir dairəsindən çıxmağı və Qərb strukturlarına inteqrasiyanı özünün strateji kursu kimi elan etmişdi. Bu, Rusiyada NATO-nun genişlənməsinin, konkret desək, onun sərhədlərinə yaxınlaşmasının növbəti mərhələsi kimi dəyərləndirildi. Bir müddət davam edən danışıqlar dalana dirəndi və silahlar işə düşdü. Dağıdıcı münaqişə 2 ildən çoxdur ki, davam edir və nə vaxt bitəcəyi bəlli deyil. İndi eyni hadisələrin Ermənistanda da baş verməsi istisna deyil.

Ermənistan 44 günlük müharibədə Rusiyadan çox ucuz qiymətə və yaxud pulsuz aldığı silahlardan geniş istifadə edib. Bu ölkənin həyati əhəmiyyətli istehsal sahələri məhz Rusiya şirkətlərinə məxsusdur. Bundan başqa, Ermənistanın Türkiyə və İranla sərhədləri Rusiya hərbçiləri tərəfindən qorunur. Bir sözlə, bu gün Ermənistan mövcudluğuna görə məhz şimal qonşumuza borcludur. Amma Paşinyan rəhbərliyi 2020-ci ildə düçar olduğu uğursuzluğa, Qarabağın itirilməsinə görə Kremli günahlandırır. Moskvanı kifayət qədər kömək göstərməkdə ittiham edir. Buna görə də Nikol siyasi orientasiyanın dəyişməsi dövlət siyasəti səviyyəsinə yüksəlib. Açıq-aydın görünür ki, Ermənistan Rusiyadan ala bilmədiyini Qərbdən almaq niyyətindədir. Hazırda bu ölkədə KTMT-də üzvlüyün Şimali Atlantika Alyansı (NATO) ilə əməkdaşlıqla əvəzlənməsi ilə bağlı intensiv müzakirələr aparılır. Bu planın konturları hər ötən gün özünü daha qabarıq şəkildə büruzə verir. Ermənistan özünün qərbyönümlü dövlət olduğunu isbatlamaq üçün dəridən-qabıqdan çıxır.

Proseslərin Ermənistan üçün ağrısız ötüşəcəyini düşünmək sadəlövhlük olar. Bu ölkənin hərbi-siyasi rəhbərliyi anlamalıdır ki, Avropa İttifaqı, NATO kimi təsisatlara üzvlük postsovet respublikaları üçün tələdir. Uzun illərdir ki, belə vədlər verilir, amma konkret hər hansı bir qərar qəbul olunmur. Ermənistanla bağlı ssenarinin də fərqli olacağı düşünülmür. Paşinyan qəbul etməlidir ki, ölkəsinin xilası, ilk növbədə, regionda sülhün, təhlükəsizliyin təmin olunmasından, kommunikasiyaların açılmasından və Azərbaycanla sülh müqaviləsinin imzalanmasından keçir. Əks təqdirdə, Ukraynadakı hadisələr Ermənistanı da gözləyir.

Jalə QASIMZADƏ,

“Respublika”.