ÇİÇƏKLƏNƏN DİYAR
Region

ÇİÇƏKLƏNƏN DİYAR

"Azərbaycanın hər bir guşəsi, hər bir rayonu, kəndi inkişaf etməlidir. Azərbaycanda gedən uğurlu iqtisadi siyasətin nəticəsini hər bir vətəndaş hiss etməlidir".

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Lerik. Ölkəmizin cənub-şərqində yerləşən, uca dağları, çayları, şəlalələri, əsrarəngiz gözəllikləri ilə göz oxşayan, əzəmətli, füsunkar diyar. Zəngin təbiəti, zəhmətkeş, uzunömürlü insanları ilə tanınan qədim yurd yerimiz.

Respublikamızın digər bölgələri kimi, Lerikin də sosial-iqtisadi və mədəni inkişafı xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər hakimiyyətinin hər iki dövründə dağlar diyarının inkişafına, tərəqqisinə misilsiz qayğı göstərmişdir.

1970-ci illərdən başlayaraq dünyaşöhrətli siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Lerikin iqtisadiyyatını yüksəltmək, əhalinin güzəranını yaxşılaşdırmaq üçün çox mühüm tədbirlər həyata keçirilmişdir. Lerikdə üzümçülüyün inkişafına yüksək qayğı göstərilməklə dağ yamaclarında 3500 hektar sahədə üzüm bağları salınmışdır. Üzümlüklərdən ildə 12-15 min ton məhsul yığılmış, əhalinin rifah halı yüksəlmişdir.

Dövlət qayğısı sayəsində Kuba Respublikasından Lerikə gətirilmiş zebular "Sosialist Kubası" sovxozunda bəslənilmiş, sovxoz keçmiş ittifaqda milyonçu damazlıq təsərrüfatı kimi şöhrət qazanmışdı. Qosmalian kəndində respublika səviyyəsində tanınmış nümunəvi südçülük, Pirasora kəndində isə iri qoyunçuluq təsərrüfatları yaradılmışdı.

Rayon mərkəzində yeni, müasir sənaye müəssisələri açılmış, əhalinin məşğulluğu təmin edilmişdi. Qəsəbə və kəndlərdə abadlıq, quruculuq işləri geniş vüsət almış, çoxlu sayda təhsil, səhiyyə, mədəniyyət ocaqları tikilib istifadəyə verilmişdi. Rayonun əksər kəndlərinə rahat yollar çəkilmiş, körpülər salınmış, əhalinin rahat gediş-gəlişi üçün avtobus marşrutları açılmışdı.

Ucqar dağ rayonunun işgüzar, zəhmətkeş insanlarının əməyini yüksək dəyərləndirən ulu öndər demişdir: "Lerik Azərbaycanın ucqar dağ rayonudur. Orada gözəl insanlar, zəhmətkeş adamlar, qəhrəman insanlar yaşayır. Mən leriklilərlə əbədi dostam. Bu dostluq çox böyük sınaqlardan keçib".

Leriklilər müdrik rəhbərin inkişaf kursuna, ideyalarına daim sadiq olmuş, Heydər Əliyev siyasətinin işığında qurub yaratmışlar. Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə aqrar sahədə, eləcə də iqtisadiyyatın digər sahələrində aparılan uğurlu islahatlar Lerikin inkişafına stimul vermiş, əhali tərəfindən böyük razılıqla qarşılanmışdır. O illərdə Lerikin iqtisadi və mədəni həyatında əsaslı dönüş yaranmış, tərəqqi, yüksəliş yollarında inamlı addımlar atılmışdır.

Dahi rəhbərimiz 2003-cü ilin prezident seçkiləri ərəfəsində xalqa müraciətində demişdir: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıracaqdır".

2003-cü ilin oktyabr ayının 15-də keçirilən prezident seçkilərində Heydər Əliyev siyasətinə, onun layiqli davamçısı İlham Əliyevə yekdilliklə səs verən leriklilər ulu öndərin siyasi kursuna sədaqətlərini bir daha əyani nümayiş etdirmişlər.

Regionların sosial-iqtisadi inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi davamlı, uğurlu siyasətin prioritet istiqamətlərindən biridir.

Prezidentin 11 fevral 2004-cü il tarixli Fərmanı ilə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" təsdiq edilmiş, qarşıya çox mühüm vəzifələr qoyulmuşdur.

Son 20 ildə sayca dörd Dövlət Proqramı qəbul edilmiş, regionların sosial-iqtisadi inkişafı keyfiyyətcə yeni, daha sürətli mərhələyə qədəm qoymuşdur. Dövlət proqramlarının uğurla icra edilməsi nəticəsində Lerik kimi ucqar dağ rayonlarının iqtisadi və sosial mənzərəsi əsaslı şəkildə dəyişmiş, əhalinin məşğulluq səviyyəsi artmış, yaşayışı, maddi rifah halı yüksəlmişdir.

"20 il zaman baxımından çox böyük müddət deyil", - deyə şəhid atası, Lerik Dövlət Rəsm Qalereyasının direktoru Mükafat Yaqubov söhbətə başlayır: "Rayonda gördüyünüz bütün yeniliklərin, irimiqyaslı quruculuq işlərinin müəllifi möhtərəm Prezidentimizdir. Lerik şəhəri, rayonun kəndləri abadlığı, səliqə-səhmanı ilə göz oxşayır. Əhalini narahat edən problemlər həll olunur, insanların həyat tərzi dəyişir, sabaha, işıqlı gələcəyə ümidləri artır.

Leriklilər uzun illər yol sarıdan əziyyət çəkiblər. Bununla əlaqədar bir vaxtlar dövlət orqanlarına çoxlu müraciətlər olunub. Prezident 2003-cü ilin prezident seçkilərindən sonra Lerikin yol problemini nəzarətə götürüb və müvafiq nazirliklərə göstərişlər verib. 56 kilometrlik Lənkəran-Lerik yolunun əsaslı şəkildə çəkilişi üçün büdcədən vəsait ayrılıb və qısa vaxtda yolda təmir işləri başa çatdırılıb.

Dövlətimizin başçısı birinci dəfə 2005-ci il sentyabr ayının 8-də öz təşəbbüsü ilə çəkdirdiyi yolla rayona gəldi. Lerikin 75 illik tarixində ilk dəfə idi ki, respublikanın rəhbəri ucqar dağ rayonuna səfər edirdi.

O günü yaxşı xatırlayıram. Lerikin min bir rəngə çalan payız çələnginə ali qonağın gəlişinin sevinci də əlavə olunmuşdu. Dövlətimizin başçısı əvvəlcə Lənkəran-Lerik yolunun istifadəyə verilməsinə həsr olunmuş mərasimdə iştirak etdi. Yolun istifadəyə verilməsi Lerik rayonunun yaradılmasının 75 illiyi ərəfəsində Azərbaycan Prezidentinin leriklilərə ən gözəl hədiyyəsi idi.

Lerik şəhərinin sakinləri ilə ölkə rəhbərinin görüşü oldu. Möhtərəm Prezidentimiz ulu öndərin büstünün açılışında iştirak etdi, rayon ictimaiyyətinin nümayəndələri ilə səmimi görüşdü, onların qarşısında çıxış etdi. Sonra birinci xanım Mehriban Əliyeva ilə rayon tarix diyarşünaslıq muzeyinə, Lerik şəhər V.İbrahimov adına inteqrasiya təlimli internat tipli gimnaziyaya baş çəkdilər. Prezident gimnaziyanın əsaslı təmiri barədə göstəriş verdi.

70 illik sovet dönəmində rayona təbii qaz xətləri çəkilməmişdi. Prezident birinci səfərində rayonun qazlaşdırılması barədə müvafiq tədbirlərin görüləcəyini bildirdi. Qısa müddətdə qonşu Masallı rayonunun ərazisindən qaz xətləri çəkildi. Azərbaycan Prezidenti ikinci dəfə 2006-cı il oktyabr ayının 23-də, Qurban bayramı günü Lerikə gəldi, təbii qazın verilməsini bildirən məşəli alovlandırdı.

Prezidentimizin Lerikə hər səfəri əsl bayrama çevrilirdi. 2010-cu ilin iyun ayının 25-də dövlətimizin başçısının dağlar diyarına növbəti gəlişi də ürəklərdə minnətdarlıq, razılıq, gözəl, saf duyğular yaratmışdı. Dövlət başçısı Heydər Əliyevin adını daşıyan meydanda ulu öndərin abidəsini ziyarət edib. Heydər Əliyev Mərkəzinin açılışında iştirak etdi. Prezident 90 çarpayılıq rayon mərkəzi xəstəxanasında aparılmış əsaslı yenidənqurma işləri, xəstələrin müayinəsi və müalicəsi üçün yaradılmış şəraitlə yaxından tanış oldu. Rayonun səhiyyə işçilərinə tapşırıq və tövsiyələrini verdi.

Əsaslı yenidənqurma işləri aparılmış rayon mədəniyyət evində olan Prezident burada dekorativ sənət əsərlərinə baxdı, Lerikin tarixini əks etdirən xalq sənətkarlığı nümunələrini nəzərdən keçirdi.

Dövlətimizin başçısı dünyada analoqu olmayan "Uzunömürlülər" muzeyinin yeni binasının açılışında iştirak etdi, muzeyi daha da zənginləşdirmək üçün tapşırıqlar verdi. Lerik şəhərinin girişində İkinci Dünya müharibəsində və Qarabağ uğrunda döyüşlərdə həlak olan leriklilərin xatirəsinə ucaldılmış abidə-kompleksində oldu, buradan Lerikin gözəl, əsrarəngiz, füsunkar təbiətini seyr etdi. Rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə ucqar dağ rayonunda görülmüş işləri yüksək qiymətləndirdi.

Prezidentin Lerikə səfərləri rayonun tarixinə qızıl hərflərlə yazılıb. Hər səfər mühüm strateji obyektlərin təməlqoyma və açılış mərasimləri, yerli sakinlərlə səmimi, unudulmaz görüşlərlə yaddaşlarda silinməz iz qoyub. Ölkə başçısı 2018-ci ilin oktyabr ayının 15-də Lerikə dördüncü səfəri çərçivəsində 27 kilometrlik Piran-Hamarat-Vıjaker avtomobil yolunun, 16,5 meqavatlıq modul tipli elektrik stansiyasının, Lerik şəhərinə çəkilən yeni içməli su xəttinin açılış mərasimlərində iştirak edib.

Ötən dövrdə dövlətimizin başçısının müvafiq sərəncamları ilə ayrılmış vəsait hesabına 28 min nəfər əhalinin yaşadığı, 73 yaşayış məntəqəsini birləşdirən 26,5 kilometrlik Lerik-Qosmalian-Kəlvəz, 30 min nəfər əhalinin yaşadığı, 50 yaşayış məntəqəsini birləşdirən 36 kilometrlik Noda-Şingədulan-Xanəgah, 9 min nəfər əhalinin yaşadığı, 21 kilometrlik Lerik-Şinəband-Orand-Nuravud-Zardəbərə avtomobil yolları əsaslı şəkildə yenidən tikilərək istifadəyə verilib.

Müxtəlif istiqamətlərə çəkilən yollar kəndlərin abadlığına, inkişafına, əhalinin rifah halının yaxşılaşmasına təsirsiz ötüşməyib. Kəndlərə asfalt yolların çəkilməsi yerli əhali tərəfindən razılıqla, minnətdarlıqla qarşılanıb.

Son 20 ildə rayon mərkəzində və kəndlərdə genişmiqyaslı tikinti, abadlıq, quruculuq işləri həyata keçirilib. Rayonda 106 ümumtəhsil məktəbinin 94-ü yenidən tikilib, ya da əsaslı təmir olunub. Lerikin 60 yaşayış məntəqəsində mavi alov şölələnir. Hazırda daha 2 kəndin qazlaşdırılması üçün işlər aparılır.

Rayonun bir neçə kəndi istisna olmaqla bütün yaşayış məntəqələrində "Aztelekom.net" provayderi vasitəsi ilə internet xidməti göstərilir. Lerik şəhərinə, kəndlərə GPON sürətli internet xəttinin çəkilişinə hazırlıq görülür. 2024-cü ildə rayonun bütün yaşayış məntəqələrinin sürətli internet şəbəkəsi ilə təmin edilməsi nəzərdə tutulub.

Prezident Lerikə ikinci səfərində qeyd edib ki, Lerik rayonunun çox gözəl imkanları var, çox gözəl təbiətə malik məkandır. Bundan səmərəli istifadə olunmalıdır. Turizmin inkişafına böyük diqqət göstərilməlidir. Ölkə başçısının göstərişlərinə uyğun olaraq rayonda turizm sahəsində xeyli iş görülüb. Müasir standartlara cavab verən "Relax", "Meşəbəyi", "Cənub", "Təbəssüm" və digər istirahət mərkəzlərində turistlərin dincəlməsi və rahatlığı üçün lazımi şərait yaradılıb. Hər il respublikamızın şəhər və rayonlarından, xarici ölkələrdən minlərlə turist bu əsrarəngiz diyara istirahət etməyə gəlir. Bu gün Lerik ölkə rəhbərinin qayğısı sayəsində həm də turizm diyarı kimi məşhurdur.

Lerik loğman təbiəti, möcüzəli havası, füsunkarlığı ilə bütün fəsillərdə gözəldir. Cənab Prezidentin dediyi kimi "Lerik torpağı özünün təbii sərvətlərilə zəngindir, amma onun ən böyük neməti, ən böyük sərvəti burada yaşayan vətənpərvər, zəhmətkeş insanlardır. Ona görə də insan amilinə bütün hallarda həssaslıqla yanaşılmalıdır". Dağlar diyarının zəhmətkeş, qədirbilən insanları son 20 ildə möhtərəm Prezidentimizin yüksək qayğısı ilə görülmüş işləri yüksək dəyərləndirir, dövlətimizin siyasətini ürəkdən bəyənir, doğma Lerikin, müstəqil Azərbaycanın inkişafına yeni-yeni töhfələr vermək üçün fədakarlıqla, əzmlə çalışırlar.

Əlisəfa HƏSƏNOV,

"Respublika".