Cinayətlər cəzasız qalmır
Siyasət

Cinayətlər cəzasız qalmır

Terror... Bu ifadəni işlətməyin özü belə dəhşətlidir, onun sonu ölüm deməkdir. Bahar bayramının ilk günlərində dünya yenə də dəhşətli bir terror hadisəsi xəbəri ilə sarsıldı. Rusiyada prezident seçkilərindən bir qədər sonra terror qruplaşmasının silahlı basqını nəticəsində onlarla insan həyatını itirdi, bir çoxları isə yaralandı. Bu cinayəti kimin üzərinə götürüb-götürməməsindən asılı olmayaraq, istər-istəməz düşünürsən: terrorçunun nə milliyyəti, nə də dini var... Heç insanlığı da yoxdur... İndi bu sətirləri yazarkən erməni terrorizmini, onun xalqımıza yaşatdığı acıları, faciələri xatırlayıram.

Milyonlarla dinc insanın qətlinə səbəb olan erməni terrorizminin bir əsrdən çox tarixi var. 1975-ci ildə Livanda "Ermənistanın azadlığı uğrunda gizli erməni ordusu" adı altında yaradılan təşkilatın (ASALA) üzvləri həmin dövrdən başlayaraq Türkiyədə və Avropa ölkələrində bir sıra terror aktları törədiblər. 1988-1994-cü illərdə isə Ermənistan tərəfindən Azərbaycanın, hətta hərbi əməliyyatların getmədiyi ərazilərində belə terror aktları təşkil edilib, yüzlərlə dinc insanın həyatına son qoyulub.

Hələ 2020-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxış edən Prezident İlham Əliyev Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərinə müxtəlif ölkələrdən gətirdiyi muzdluları və terrorçuları ölkəmizə qarşı istifadə etdiyini bütün dünyaya bildirmişdi. Dövlət başçısı demişdi ki, Ermənistan terrorçuluğa sponsorluq edir və indiyədək Azərbaycana qarşı 30-dan artıq terror aktı törədilib...

2020-ci il 24 sentyabr. Həmin gün Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərdən istifadə etməklə sutka ərzində şərti sərhəddə atəşkəs rejimini 69 dəfə pozdu. Ermənistan Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərindən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində yerləşən mövqelərimizi və yaşayış məntəqələrini atəşə tutdu. Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən də ordumuzun mövqeləri atəşə tutuldu. Dövlətimizin başçısı 75-ci sessiyada bu barədə danışarkən demişdi: "Ermənistan BMT Nizamnaməsini kobud şəkildə pozaraq Azərbaycana qarşı hərbi güc tətbiq etmiş, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal etmişdir. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistan işğal etdiyi ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirmişdir. Bütün azərbaycanlı əhali işğal edilmiş ərazilərdən qovulmuşdur. Ermənistan azərbaycanlı mülki şəxslərə qarşı bir sıra müharibə və insanlıq əleyhinə cinayətlər törətmişdir. Torpaqlarımızın işğalına görə məsuliyyətdən yayınmaq məqsədilə Ermənistan həmin ərazilərdə cinayətkar, terrorçu, qondarma rejim yaratmışdır".

Ermənistan 1992-ci ildə Xocalı soyqırımını törədib, 613 dinc sakin qətlə yetirilib. Törətdiyi əmələ görə heç bir cəza almayan Ermənistan getdikcə azğınlaşmış, işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti aparmış, bununla da 1949-cu il Cenevrə Konvensiyası da daxil olmaqla beynəlxalq hüququ ciddi şəkildə pozmuşdur. 30 il ərzində təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyu mülki vətəndaşlar daim məqsədyönlü şəkildə hədəfə alınmış, təxribatlar törədilmişdir. 2016-cı ilin aprelində isə Ermənistan ölkəmizə qarşı genişmiqyaslı hücum həyata keçirmiş, nəticədə biri uşaq olmaqla 6 dinc sakin qətlə yetirilmiş, 26 mülki şəxs isə yaralanmışdı. 2017-ci ildə növbəti hücum nəticəsində 2 yaşlı Zəhra Quliyeva və onun nənəsi həlak olmuşdu. 2020-ci ildə bu hücumlar daha da intensivləşdi. Həmin il iyulun 12-də Tovuz rayonu artilleriya atəşinə tutulmuş, nəticədə hərbçilərimiz və 76 yaşlı vətəndaşımız həlak olmuş, mülki infrastruktura ciddi ziyan dəymişdi. Təbii ki, bütün bu hücumların qarşısı alınmış, Azərbaycanın cavabı daha qətiyyətli olmuş, Ermənistan heç bir məqsədinə nail ola bilməmişdi.

2020-ci il avqustun 23-də erməni diversiya dəstəsi təmas xəttini keçməyə cəhd etmiş, lakin həmin dəstənin başçısı azərbaycanlı hərbçilər tərəfindən yaxalanmışdır. O, dəstənin azərbaycanlı hərbçi və mülki vətəndaşlara qarşı terror aktlarını planlaşdırdığını etiraf etmişdi.

Nəhayət, 2020-ci il sentyabrın 24-də dövlət başçısının BMT Baş Assambleyasının 75-ci sessiyasındakı çıxışından bir neçə gün sonra Ermənistanın növbəti hərbi hücumunun qarşısının alınması məqsədilə Azərbaycan ordusunun bölmələri əks-hücuma keçdi, İkinci Qarabağ müharibəsi başlandı. Müharibənin gedişində Prezident İlham Əliyevin erməni terrorizmi ilə bağlı söylədikləri öz təsdiqini tapdı. Sübut olundu ki, Ermənistan silahlı qüvvələrinin tərkibində Azərbaycana qarşı hərbi təcavüzdə iştirak edən xarici muzdlu-terrorçular da döyüşür. Bu fakt dünya mediasının da diqqətindən yayınmamışdı. Fransanın "Liberation" qəzeti ASALA terror təşkilatının 64 yaşlı üzvü, terrorçu Gilbert Minasyanın müsahibəsini dərc etmişdi. Müsahibədə terrorçu Qarabağa Fransadan özü ilə gətirdiyi muzdlularla birgə getdiyini söyləmişdi.

Fransanın "France-24" telekanalı isə Vətən müharibəsində Ermənistan erməniləri ilə yanaşı, Fransa diasporunun üzvlərinin də döyüşdüyü barədə bildirmişdi. "Reuters" agentliyi Qarabağda döyüşən muzdlulardan biri haqqında yazaraq bildirmişdi ki, o, əvvəlcə Livandakı iqtisadi böhranla əlaqədar Ermənistana gəlmiş və daha sonra Qarabağa yollanmışdı. Bu faktı Ermənistan Müdafiə Nazirliyi də təsdiqləmişdi.

Amerikalı ekspert Piter Teys Ermənistanı terrorçu dövlət adlandıraraq demişdir: "Erməni rejiminin rəhbərləri Azərbaycanın günahsız əhalisinə qarşı törətdikləri cinayətlərə, habelə Avrasiyanın ətraf mühitinə, su və meşə ehtiyatlarına ziyan vurduqlarına görə məsuliyyət daşımalı və Beynəlxalq Məhkəmə qarşısına çıxarılmalıdır". Əlbəttə, cinayət cəzasız qalmamalıdır.

Zümrüd QURBANQIZI,

"Respublika".