Çinlə uğurlu əməkdaşlıq körpüsü
Digər xəbərlər

Çinlə uğurlu əməkdaşlıq körpüsü

Dövlətimizin başçısı İlham Əliyevin iyunun 20-də Çinin "China Media Group" media korporasiyasına verdiyi müsahibə iyulun 22-də yayımlanmışdı. Müsahibədə Çinin Azərbaycanla Ulu Öndər Heydər Əliyev dövründən əsası qoyulan geniş iqtisadi əlaqələrin və əməkdaşlıq perspektivlərinin müasir dövrdə davamlı inkişafından bəhs edilib.

Həmçinin "Bir kəmər, bir yol" layihəsindən və onun bir hissəsi olan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan danışan Prezident İlham Əliyev Çin-Azərbaycan iqtisadi əməkdaşlığının önəmini vurğulayıb.

Böyük İpək Yolunun bərpasından danışarkən ilk öncə Çinlə Azərbaycan arasındakı iqtisadi əlaqələrin tarixinə nəzər salmaq lazımdır. 1991-ci il başlanğıc hesab olunsa da, ikitərəfli siyasi münasibətlərin əsası 1994-cü ilin 7-10 mart tarixlərində Ulu Öndər Heydər Əliyevin Çinə səfəri zamanı qoyulub. Prezident İlham Əliyev də müsahibəsində bu görüşdən bəhs edərək, Ulu Öndərin yalnız rəsmi təmaslarla kifayətlənmədiyini və xalqlar arasında münasibətləri qurmaq yolunda mühüm addımlar atdığını da bildirib. Çin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. Bu baxımdan iki dövlət arasındakı münasibətlərin yaxınlığının kökü Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətinə dayanır.

Belə ki, 1998-ci il sentyabrın 8-də Bakıda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə tarixi Böyük İpək Yolunun bərpası üzrə TRASEKA proqramı çərçivəsində Avropa və Asiya dövlət başçılarının iştirakı ilə konfrans keçirilib. Bu konfrans da öz növbəsində iki ölkə arasında münasibətlərin daha da istiləşməsinə səbəb olub. Dövlətimizin başçısı İlham Əliyev də bu ənənəni layiqincə davam etdirir. Belə ki, Prezident Çinə mütəmadi olaraq səfərlər etmiş, bir sıra iqtisadi önəmi olan müqavilələr imzalanmışdır. Ölkə başçısının 2015-ci ilin dekabrında Çinə rəsmi səfəri zamanı "Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu" imzalanıb. Bu barədə 2019-cu ilin aprelində Çinin "Sinxua" agentliyinə müsahibəsində Prezident İlham Əliyev belə deyib: "Mənim 2015-ci ildə Çinə səfərim zamanı bir çox mühüm sənədlər imzalanmışdır. Bunların sırasında iki ölkə arasında imzalanmış İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu da var idi. Azərbaycan Çinin "Bir kəmər, bir yol" təşəbbüsünü tam dəstəkləyir. Azərbaycan və Çin arasında nəqliyyat sahəsində əməkdaşlıq üçün çox yaxşı perspektivlər var".

Çin Xalq Respublikası 2013-cü ildə Avrasiya ölkələri arasında infrastrukturun yaradılması və qarşılıqlı əlaqələrin qurulmasına yönələn "Bir kəmər, bir yol" adlı yeni iqtisadi inkişaf strategiyası elan edib. Strategiya iki əsas inkişaf istiqamətini nəzərdə tutur: İpək Yolu İqtisadi Kəməri və Dəniz İpək Yolu. Burada söhbət malların Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa daşınması üçün ticarət dəhlizinin yaradılmasından gedir. Bir kəmər Çindən başlayaraq Avropaya qədər uzanan və magistral yollar, dəmiryolları, neft və qaz kəmərlərini özündə birləşdirən quru yoldur. Layihə müxtəlif istiqamətlər üzrə dəhlizlərdən ibarətdir - Çin-Monqolustan-Rusiya, Çin-Mərkəzi və Qərbi Asiya, Çin-Hind-Çin yarımadası, Çin-Pakistan, Çin-Banqladeş-Hindistan-Myanmar. Azərbaycan Çin-Mərkəzi və Qərbi Asiya dəhlizində yer alır, xüsusilə Bakı-Tbilisi-Qars dəmiryolu bu marşrutda əsas açarlardan biridir. Bir yol. Burada dəniz limanları nəzərdə tutulur və layihə çərçivəsində Cənub-Cənub Şərqi Asiyadan Qərbi Afrika və Aralıq dənizinə qədər uzanan dəniz bölgəsindəki limanlar və sahil xətlərindən istifadə ediləcək. Bu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının aktiv işləməsinə səbəb olacaq.

Orta Dəhliz hesab olunan Çin-Mərkəzi və Qərbi Asiya marşrutu üzərində yerləşən Azərbaycan bu baxımdan layihədə önəmli mövqeyə malikdir. Azərbaycanın 30 il sonra Ermənistan işğalında olan torpaqlarını azad etməsi də Orta Dəhlizin perspektivini daha da artırır.

Proqnozlara görə, layihə çərçivəsində Orta Dəhlizə 8 trilyon dollara qədər invesitisiya yatırılacaq. Təkcə yük daşımalarının 40 milyard dollar dəyərə malik olacağı gözənilir. Bu daşımaların ən azı 5, ən çox 10 faizinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmiryolu marşrutu üzrə həyata keçirilməsi Azərbaycanın milyardlarla dollar gəlir əldə etməsi deməkdir. Bu layihədə əsas açar ölkələrdən biri olması Azərbaycanla dünya iqtisadiyyatının nəhənglərindən olan Çin arasında ticarət əlaqələrini da genişləndirəcək. Həmçinin Çin ölkəmizə böyük investisiya yatırımları qoya bilər. Çinlə əlaqələr Azərbaycana bu ölkənin texnologiya, istehsalat, eləcə də hərbi sənayedəki təcrübəsini mənimsəməyə və bundan yararlanmağa imkan verir.

Tacir SADIQOV,

"Respublika".