Dağdağan dərd qovan ağac
Region

Dağdağan dərd qovan ağac

Ömrün ahıl çağında uşaqlıq illərini xatırlayanda, beşikdə eşitdiyimiz nənnilər,  bayatılar, oxşamalar yada düşəndə istər-istəməz kövrəlirik,  qəlbimizdə sehrli, həm də həzin bir təlatüm başlayır, duyğular şahə qalxır,  nənələrdən,  babalardan eşitdiyimiz nağıllar, rəvayətlər yaddaşımızda yenidən canlanır, iç dünyamıza həkk olunmuş, illərlə yaşatdığımız əsatirlər,  inanclar yada düşür.

Doğulub boya-başa çatdığım kənd bir-birinə dayaq duran dağların arasında, Xaçınçayın yatağında yerləşir, meşələr gözmuncuğu kimi dörd bir yanından sanki asılı qalıb, yastı təpələr düz kəndin kənarına qədər öz yamaclarını sərib.  Qarabağın ən gözəl guşələrindən olan qədim Kolanı obasında  dünyaya göz açan,  dağların, dərələrin qolboyun olduğu,  buz bulaqların,   ormanların havası,  nəfəsi dolaşan, Xaçınçayın zümzüməli sahilində, qədim türk abidələrinin torpaqdan baş qaldırdığı Əliağalı kəndində uşaqlığım, yeniyetməliyim  bir nağıl kimi keçib.  Həsrətin, dərdin yükü yaman ağır olur,  vallah,  ona daş da dözməzdi,  əriyərdi,  çatlayardı.  Daşın dözə bilmədiyi həsrətə və itkiyə biz mərdliklə dözdük,  işğal altındakı dədə-baba torpaqlarının iniltisi,  faciəmiz bizə tərs bir şapalaq vursa da cəsarətimiz,  qeyrətimiz,  qisasımız,  intiqamımız heç zaman korşalmadı. Əksinə, ovxarlı qılınca çevrildi. Elə bir nəsil yetişdi ki, düşmənin başına od yağdırdı, xainləri, xəyanətkar hayları diz çökdürdü,  əllərini qaldırıb təslim olanlara toxunmadı, qisasımızı döyüş meydanında aldı, Qalib Sərkərdəmizin şücaəti, fədakarlığı, cəsarəti dillərdə dolaşdı. 

Haqqında söz açdığım yurd - Ağdam rayonunun Əlimədətli kənd inzibati ərazi dairəsinə daxil olan Əliağalı kəndi 1930-cu ilə qədər Yelizavetpol quberniyasının Cavanşir qəzasının tərkibində olub.  Kənd rayon mərkəzindən 30 km şimal-qərbdə,  Xaçınçayın sol sahilində,  Qarabağ silsiləsinin şimal-şərq hissəsindəki dağətəyi düzənlikdə yerləşir. Əliağalı kəndində orta məktəb,  klub,  kitabxana,  tibb məntəqəsi,   uşaq bağçası,  kəndli-gənclər məktəbi var idi.  Kəndimiz 12 iyun 1993-cü ildə Ermənistan silahlı qüvvələri  tərəfindən işğal olunub. Qəsbkar haylar kəndi xarabalığa çeviriblər, ikimərtəbəli evimizdən əsər-əlamət qalmayıb, həyətimizdəki meyvə ağaclarını doğrayıblar. Qədim qəbiristanlığı dağıdıblar. Kəndimiz Birinci və İkinci Qarabağ müharibəsində 42 nəfər şəhid verib. 1993-cü ildə bizim ailəmizə də şəhid atəşi düşüb, qardaşım döyüşlərdə qəhrəmanlıqla həlak olub. Kəndimizin əhalisi 28 il məcburi köçkün həyatı yaşayıb, yaşlılar kənd deyə-deyə, yurd həsrətilə  dünyalarını  dəyişib, Əliağalının azad edilməsini görə bilməyiblər.  Azərbaycan Silahlı Qüvvələrinin bölmələri 2020-ci ilin noyabr ayında kəndimizə daxil olub.  İşğalın ağır illəri artıq arxada qalıb. 

Kənddəki yer adlarının çoxu qara sözü ilə başlayır ki, bu da həmin yerlərdə ta qədimdən,  türk mənşəli xalqların yaşamasından xəbər verir.  Məsələn,  Qarabulaq,  Qaragüney, Qaraqaya, Qaradaş və s. adlar tarixin bütün ziddiyyətlərinə baxmayaraq, uzun əsrlər boyu yaşayıb. Yuxarıda qeyd etdiyim kimi, Qafqaz Albaniyası dövründə mənbəyini dağ bulaqlarından alan çayı Xaç(ın) adlandırıblar. Kənd öz təbiəti ilə dünyada bənzəri olmayan bir guşədə yerləşir. Bütün ilboyu kəndin ətrafındakı meşələrdən çoxlu giləmeyvə və meyvələr yığardıq. Burada nələr yox idi?! Fevral ayında kəndimizdə şaxta nə qədər çox olsa da, bir də baxardın ki, təpələrin döşündə, kolların dibində qarçiçəkləri (ona danaqıran da deyirdik) baş qaldırıb. Çubuğun ucunu yonqarlayıb həmin çiçəklərin dibini qazar, kökünü çıxardıb təmizləyər,  mundarça ağacının kiçik budaqlarına taxıb kabab kimi ocaqda bişirərdik. Sonra yemlik, təkəsaqqalı, mərəçöyüd (qulançar), qanqal,  göbələk, qıjı,  quzuqulağı, qırxbuğum və adı yadımdan çıxan təbii nemətlərlə qidalanardıq. Hələ Xaçınçaydakı balıqlar... Üzüaxara tərəf üzən bu balıqlara qızılbalıq, yaxud da bığlı balıq deyirdik.  Çöldə,  bayırda qoyun-quzu otaranda mərəçöyüd yığar,  ocaq qalayıb qovsara bişirərdik. Əzgil, zoğal ağaclarının cavan budaqlarını bıçaqla səliqə ilə soyub mərəçöyüdü onun içinə yığaraq hər iki tərəfini sıvrımla bağlayandan sonra ocağa basdırardıq. Qovsaranın iyi aləmi başına götürərdi, sanki cənnət ətri gələrdi.  Azar-bezar nədi tanımazdıq, qışın şaxtasında Xaçınçayın buzunu sındırıb içər, iri sal daşların altından balıq tutar, meşələrdən qoz, fındıq yığardıq. Payız vaxtı xəzəllərin arasından əzgil, zoğal yığıb yeyərdik. Qora, quşüzümü salxım-salxım olardı.

Kəndimizdə insanların inandığı pir vardı və onun ətrafında çox böyük gövdəli, budaqları buludlara dəyən dörd dağdağan ağacı bitmişdi. Həmin ağaclar sərt qayaların sinəsini deşərək orada kök atmışdılar. Yəqin ki, həmin ağacların kökləri torpağın çox dərinliyinə enmişdi, yerin altındakı suyu tapmışdılar deyə həmişə yaşıl olurdular. Dağdağan ağacları qayaların arasında özünə yer aça bilən, varlığını yaşadan və yaşıllaşan bir bitkidir. Qasırğalara, tufanlara sinə gərə bilir, kökləri o qədər dərinə işləyir ki, lap güclü külək də onu yerindən tərpədə bilmir.  Uşaqlıq illərində tək bizim ailəmizdə deyil, bütün evlərdə böyüklərimiz bizə anladardılar ki, dağdağan ağacı müqəddəs ağacdır, ona toxunmaq, onu doğramaq olmaz. Dağdağan ağacına zərər verməyin, əgər zərər versəniz evinizə od düşər.  Kəndimizdəki həmin dörd dağdağan ağacının budaqları quruyub tökülsə də ona heç kim toxunmurdu, ondan oduncaq kimi istifadə etmirdilər. Danışırdılar ki, keçmişdə baş vermiş qıtlıq illərində həmin dağdağan ağacları quşların da, insanların da qarınlarını doyurub. Mərciməkdən bir az böyük, noxuddan kiçik olan meyvələri çox dadlı və şirəli olur. Dağdağan ağacına həm də dərd qovan ağac kimi inanırlar. 

Yaşlı insanlar söyləyirdilər ki, dağdağanın budaq,  yarpaq və meyvələri müalicəvi əhəmiyyətə malikdir.  Ayaq tərləməsi,  yaraların sağalması,  böyrək qumlarının tökülməsi,  mədə ağrıları və öskürəyin kəsilməsi üçün dağdağandan istifadə edilir.  Yarpaqlarının saça sürtülməsi parlaqlıq verir.  Kəndimizin güneyindən quzeyinədək uzanan meşələrdə də dağdağan ağacları bitirdi və təbii ki, onlara heç kəs toxunmurdu. Dağdağandan hazırlanmış muncuq (həmayil) gözdəymədən və müəyyən xəstəliklərdən qorunmaq üçün kiçik uşaqların paltarlarından və ya boynundan asılır və bu adət günümüzdə də yaşayır.  Xalq arasında olan inama görə dağdağan ağacını qırmazlar.  Çünkü adama qarğış edər.  Bu qarğışın altından çıxmaq da çox çətindir.  Əgər qırmısansa,  gərək üstündən asasan ki,  sənə göz dəyməsin. Qədim türk soyu ağaca həyatverici,  yaşadıcı qüvvə kimi baxmaqla onunla bağlı inancları günümüzə qədər qoruyub saxlamışdır.  Müxtəlif mədəniyyətlərə malik xalqların inancında dağdağan ağacı müqəddəs  ağac hesab olunur.  Ona görə də dağdağan ağacının budaqlarından kiçikölçülü hissələr kəsərək boyunlarından və evlərinin qapılarından asırlar. Onları nəzərdən qoruyacaqlarına inanırlar. Dağdağan ağacının müqəddəsliyi bu günlərə qədər insanların inancında xüsusi yer tutur. Məlum olduğu kimi, işğal illərində ermənilər Ağdamı xarabalığa çeviriblər, bütün ağacları doğrayıb, yaşıllıqları məhv ediblər. Ona görə də şəhərin baş planında şəhər sakinləri və qonaqlar üçün 125 hektarlıq böyük meşə parkı salınması nəzərdə tutulur.  Bərpa olunacaq Ağdam kanalı şəhərin içindən keçəcək və onun suyu burada yaradılacaq gölə töküləcək. Şəhərə giriş böyük meşə massivindən başlayacaq. Təsadüfi deyil ki, 2021-ci il mayın 28-də dövlətimizin başçısı İlham Əliyev Ağdam şəhərində salınacaq meşə parkında ilk dağdağan ağacı əkib. Türk dünyasının müqəddəs ağacı olan dağdağanın işğaldan azad edilən torpaqlarda əkilməsi çox böyük rəmzi məna daşıyır və həm də qəti bir simvolu əks etdirir. Daha bu torpaqlara yadellilərin işğalçı ayaqları dəyməyəcək, o yerlərin  müqəddəsliyi heç zaman pozulmayacaq.  Kəndimizdəki çox qədim tarixi olan dağdağan ağaclarını da ermənilər doğrayıblar. Keçən ilin yazında kəndimizdə olarkən kəsilmiş dağdağan ağaclarının bitdiyi əraziyə getdim və məni, sözün əsl mənasında heyrət bürüdü. Sərt qayaların arasından dağdağan ağacının körpə fidanları boylanırdı...

Salman ALIOĞLU,

"Respublika".