İgidlərimizin xatirəsi əbədiləşdirilir
Region

İgidlərimizin xatirəsi əbədiləşdirilir

Ağstafa rayonunun Düzqışlaq kəndindən olan Vətən müharibəsi şəhidi Taleh Zülfəli oğlu Namazovun rayon mərkəzində adına verilən küçədə barelyefinin açılışı olub. Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, şəhidin ailə üzvləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər. Öncə vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən RİH başçısının birinci müavini Müşfiq Hüseynov çıxış edərək bildirmişdir ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq, respublikanın hər yerində olduğu kimi, Ağstafa rayonunda da şəhid ailələri, qazilər, müharibə iştirakçılarının istənilən müraciətinə xüsusi həssaslıqla yanaşılır. İşğal altında olan torpaqlarımızın azadlığı uğrunda əziz canından keçərək ən uca şəhidlik zirvəsinə ucalan igidlərimizin əziz xatirəsini əbədiləşdirmək üçün tədbirlər davam etdirilir. M.Hüseynov qeyd etdi ki, şəhidlərimiz əbədi olaraq hər birimizin and yeri olmalıdır.

Şəhidin atası Zülfəli Namazov və digərləri Talehin keçdiyi şərəfli döyüş və ömür yolundan, eləcə də ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən yüksək dövlət qayğısından geniş söz açıblar. Qeyd olunub ki, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimiz xalqımızın yaddaşından heç bir zaman silinməyəcək.

Namazov Taleh Zülfəli oglu 1999-cu il iyulun 28-də Ağstafa rayon Düzqışlaq kəndində anadan olub, 2005-ci ildə Düzqışlaq kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub, 2016-cı ildə 11-ci sinfi bitirmiş, həmin ilin iyul ayının 29-da həqiqi hərbi xidmətə çağrılmış, hərbi xidmət dövründə dəfələrlə komandanlığın təşəkkürlərini qazanmışdır. 2019-cu ildə "N" saylı hərbi hissədə sanitar təlimatçı MAXE (Müddətdən artıq xidmət edən) kimi xidmət etməyə başlamışdır. 2020-ci il sentyabrın 27-də torpaqlarımızın azad edilməsi uğrunda başlayan müharibədə Taleh də digər Azərbaycan oğulları kimi döyüşlərə qatılaraq Daşkəsən, Horadiz, Fizulinin azad olunmasında iştirak etmişdir. Oktyabrın 25-dən 26-na keçən gecə Fizuli rayonu uğrunda gedən döyüşlərdə bir neçə yaralı hərbçimizə ilkin tibbi yardım edərək onları döyüş bölgəsindən çıxarmış və öz yaralı komandirini döyüş meydanından çıxararkən düşmən gülləsinə tuş gəlib şəhidlik zirvəsinə ucalmışdır. Şəhid Baş çavuş Taleh Namazov Prezident İlham Əliyevin Sərəncamları ilə "Vətən Ugrunda", "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Cəsur əsgərimiz ailədə 1 bacı və 1 qardaş olublar. Taleh evin kiçik övladı olub.

Əziz xatirəsi yaddaşlarda əbədi yaşayacaq!

Vəli VƏLİYEV,

"Respublika".