DAĞLAR QOYNUNDA BAYRAM SEVİNCİ
Region

DAĞLAR QOYNUNDA BAYRAM SEVİNCİ

Üç il əvvəl sentyabr ayının 27-də başlayan və cəmi 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan rayonların şəhər, qəsəbə və kəndləri, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilmişdir.

Noyabrın 8-də isə Vətən müharibəsində qələbənin təmin edilməsində mühüm rol oynayan və xalqımız üçün  rəmzi məna daşıyan Qarabağın tacı sayılan Şuşa şəhəri işğaldan azad edilmişdir. Şuşa şəhərinin öz azadlığına qovuşması unikal hərbi əməliyyat kimi dünya hərb tarixinə daxil olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.

Astara rayonunun uca  dağlar, sıldırımlı qayalar qoynunda yerləşən Hamoşam kəndində əsl bayram ovqatı duyulurdu. Kəndin igid, şöhrətli oğlu, 19 yaşında İkinci Dünya müharibəsində Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Mirzə Cəbiyevin adını daşıyan parkın qarşısında Zəfər Gününə həsr edilmiş tədbir keçirildi.

Bayram mərasiminə toplaşanlar əvvəl Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış igidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Rusiyada yaşayan soydaşlarımızın və kənd sakinlərinin maliyyə dəstəyi ilə şəhidlərin şərəfinə ucaldılmış Xatirə lövhəsinin açılışı oldu.

Toradi kənd klubunun müdiri Sürəddin Əliyev "Qələbən mübarək, Azərbaycan!" adlı tədbirin Hamoşam kənd mədəniyyət işçilərinin təşkilatçılığı ilə keçirildiyini, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə xalqımızın 30 illik torpaq həsrətinə son qoyulduğunu, ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün tam təmin edildiyini, hər yerdə Zəfər Gününün fəxrlə, qürurla qeyd edildiyini bildirdi.

Şəhid valideynlərindən Orucəli Babayev, Mühəddin Əliyev və Osman Rüstəmov, şair Şahid Astaralı, "Astara" qəzetinin əməkdaşı Gülnar Əsədli, Asxanakəran və Hamoşam ərazi vahidliklərinin icra nümayəndələri, Səlahəddin Əliyev və Cəfər Ağayev 44 günlük müharibədə qazanılmış tarixi qələbədən, şəhid ailələrinə, qazilərə, veteranlara göstərilən dövlət qayğısından danışdılar.

Kakalos kənd mədəniyyət evinin metodisti Elvin Məlikov, Ojakəran kənd klubunun müdiri Emil Tağıyev, Astara Rayon Mədəniyyət Mərkəzinin nəzdində yaradılmış "Hovəlim" qrupu, mərkəzin baş metodisti Kamran Feyziyev və "Şindan" ailə ansamblının üzvü Əbdüləzim Nəcəfovun  ifa etdikləri mahnı və rəqslər, məktəblilərdən Gülay Cəbizadə, Zülfiyyə Nəcəfzadənin söylədikləri şeirlər alqışlarla qarşılandı.

Əlisəfa HƏSƏNOV,

"Respublika".