Daşına, torpağına qurban olum...
Region

Daşına, torpağına qurban olum...

Tarixi qələbədən sonra uzun illər yurd həsrəti ilə yaşamış keçmiş məcburi köçkünlərin Böyük Qayıdışı üçün düşmənin xarabalığa çevirdiyi şəhərlərin və kəndlərin yenidən qurulmasına, infrastrukturun yaradılmasına, sosial obyektlərin tikintisinə, yolların çəkilməsinə başlanılıb. Dövlətimizin başçısının təşəbbüsü ilə işğaldan azad edilən torpaqlarda "Ağıllı şəhər" və "Ağıllı kənd" pilot layihələr icra edilir, modern və milli memarlıq üslubunda inşaat işləri aparılır. İlk pilot layihə Zəngilan rayonunun Ağalı kəndi ərazisində həyata keçirilib. Artıq ağalılar bir ildir ki, öz doğma yurdunda, hər cür şəraiti olan yeni evlərində bəxtəvər günlərini yaşayırlar. Qeyd edək ki, bu günə kimi Zəngilan rayonunun Ağalı kəndinə 86 ailədən ibarət 420 nəfər köçürülüb. Hazırda kənd ərazisində tikilən 150 evdə təmir işləri davam edir və işlər başa çatdıqdan sonra ailələrin növbəti köçü həyata keçiriləcək.

İlk "Ağıllı kənd" layihəsinin təməli 2021-ci ilin aprelində dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. Qeyd edək ki, ağıllı kənd layihəsinin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılır. İnnovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi başa çatdırılıb. Kənddə yaradılan "Ağıllı məktəb"də distant təhsilin aparılması üçün bütün imkanlar var. Yeraltı kommunikasiya işləri başa çatdırılıb, o cümlədən içməli su, çirkab və sel suları xətləri istifadəyə verilib. Kəndin girişində park salınıb və buradakı fəvvarə ilə bərabər, sülhü ifadə edən göyərçin abidəsi ucaldılıb. Abidə müharibə ağrılarının, gələcək həyatın, dirçəlişin, sülh və əmin-amanlığın simvoludur. Artıq ağalılar axşamlar bu parkda dincəlir, xatirələrini bölüşürlər. Kəndə köçürülən əhalinin məşğulluğunun təmin edilməsi üçün özünüməşğulluq proqramı çərçivəsində onlarla ailə işlə təmin edilib. Onu da qeyd edək ki, burada kənd təsərrüfatının təşkili və inkişafı ilə bağlı bir sıra işlər görülür. Artıq kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istifadə olunacaq torpaq sahələri müəyyənləşdirilib və lazımi innovativ texnikaların siyahısı hazırlanıb. "Ağıllı kənd təsərrüfatı"nda müasir suvarma sistemlərindən istifadə olunur. Bundan əlavə, "Ağıllı kənd" layihəsi üçün əkin planı hazırlanıb. Planda nəzərdə tutulmuş torpaq sahələrinin əkinəyararlılığı qiymətləndirilib və əkinə verilib. 600 hektar ərazidə kənd təsərrüfatı məhsulları yetişdirilir. "Ağıllı kənd"də kənd təsərrüfatı fəaliyyətinin bərpası və inkişafı üçün müvafiq şəraitin yaradılması məqsədilə layihə çərçivəsində ictimai fermanın qurulması nəzərdə tutulur. Fermada 250 baş iribuynuzlu və 600 baş xırdabuynuzlu mal-qaranın saxlanması mümkün olacaq.

Bərpaolunan enerjiyə aid birinci pilot layihə işğaldan azad edilən Zəngilan rayonunun Ağalı kəndində icra edilib. Burada 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin genişləndirilməsi və əlavə daha 150 evin, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. "Ağıllı kənd"də məktəb, bağça, tibb və poçt məntəqəsi əhaliyə xidmət edir. Keçən ilin yayından başlayaraq Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Mübaliğəsiz demək olar ki, bu gün Ağalı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Yenidən qurulan kənddə küçələrin "ağıllı" işıqlandırılması, isti və soyuğa davamlı ekoloji evlərin inşası, günəş panellərinin quraşdırılması kimi müasir şəhərsalma standartları tətbiq edilib. Həmçinin kəndin dayanıqlı enerji ilə təmin edilməsi üçün Həkəri çayı üzərində Arximed turbini tipli su elektrik stansiyası inşa edilib. Üç ədəd generatorun quraşdırıldığı stansiya Ağalı kəndinin elektrik enerjisinə tələbatını tam təmin etmək gücünə malikdir. Kənddə dövlət təşkilatlarının xidmətlərinə əlçatanlığın təmin edilməsi və insanların rifahının yaxşılaşdırılması məqsədilə "ASAN", "DOST", Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Aqrar İnkişaf Mərkəzinin xidmətləri, ictimai iaşə obyektləri yaradılıb. Şərqi Zəngəzurun təbiətinin gözəlliyi, havası, suyu, mineral bulaqları, meşələri, bir sözlə cənnəti xatırladan ab-havası insanın könlünü oxşayır. Sevinclə, qürurla, toy-bayramla 30 illik həsrətdən sonra evlərinə qayıdan ağalılar həyətlərində bağ salıb, güllər əkiblər, bostan becərirlər. Bir sözlə, torpaq üçün qəribsəmiş əllər torpağa qovuşub, ağalılar keçmiş ənənələri yaşadır, bolluq yaradırlar. Əzəldən torpağa bağlı olan ağalılar yeni kənddə aqrar sektorun bir neçə sahəsi ilə məşğul olur, istehsal müəssisələrində işləyirlər. Doğma yurd yerlərinə qayıdış torpağı da canlandırıb, meyvə bağları bu il bar verib. 40 hektar ərazidə salınan meyvə bağında 30 nəfərə yaxın kənd sakini çalışır. Gələcəkdə bağbanların sayı daha da artacaq. Kənd sakinləri meyvə bağlarında hər biri 10 hektar olmaqla 4 çeşiddə ting əkiblər.

Fərəhlə qeyd edək ki, "Ağıllı kənd" konsepsiyası əsasında inşa edilən Zəngilan rayonu Ağalı kəndi "Böyük Qayıdış" Proqramının ilk müjdəsi oldu. Ümumilikdə Ağalı kəndinə birinci mərhələdə 41 ailə (201 nəfər), ikinci mərhələdə 25 ailə (125 nəfər) və bu günlərdə isə 10 ailə köçürülüb. Burada sakinlər yüksək keyfiyyətli, müasir tələblərə tam cavab verən "ağıllı" texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunublar. Onu da qeyd etmək yerinə düşər ki, işğala qədər bu inzibati ərazi 3 kiçik kəndi birləşdirib. Ağalıya köçürülən əhalinin işlə təminatında ilk addımlar atılıb, artıq kənddə tikiş sexi işə salınıb.

Ağalı kəndinə ilk köçən sakinlərdən Bahar Səmədova doğma kəndinə qayıtdığı üçün özünü xoşbəxt hesab edir və bildirir ki, kəndimizin bundan sonrakı inkişafı biz sakinlərdən asılıdır. Artıq bir ildir doğma Ağalıdayıq. Axşam da, səhər də dövlətimizə, ordumuza dua edirik, şəhidlərimizin əziz xatirəsini yad edirik, qazilərimizə cansağlığı arzulayırıq. Evimizi tam hazır olaraq təhvil aldıq. Digər şəraitin yaradılmasında da bizə dəstək olundu. Artıq qalan işlər bizdən asılıdır. Kənarda nə qədər yaxşı imkanımız olsa da, bu gün hər birimiz işğaldan azad edilən torpaqlarımıza qayıtmağa və buraları cənnətə çevirməyə borcluyuq. Çünki bu torpaqlar şəhidlərimizin qanı ilə yoğrulub, bizlərə əmanət edilib. Yaşayaq, yaradaq ki, şəhidlərimizin ruhu şad, dövlətimiz firavan olsun. Əsas odur ki, biz Ağalıdayıq və buna görə şükür edirik. Bu gün doğma kəndimizdə olduğumuz üçün möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdarıq, bizə ikinci həyat bəxş edib, Allah onu qorusun!

Yaşlı bir sakin isə deyir ki, ölmədim, doğma kəndimi gördüm, Ağalının torpağına, daşına qurban olum, ruhum özümə qayıdıb. Didərginlik illərinin ağrı-acısı canımızdan çıxır, gecələr rahat yata bilirəm. Sevinclə, qürurla, şükranlıqla danışan yaşlı kişi Ağalı kənd sakini Kənan Nəbiyevin atasıdır. Kənan 1997-ci ildə Bakı şəhərinin Nərimanov rayonunda doğulub. Ailədə iki qardaşdırlar. Ağalını görməsə də, valideynlərindən eşitdikləri onda Ağalı kəndinə qarşı böyük sevgi yaradıb və Ağalıya ilk qayıdan ailələrdən biri də onun ailəsidir. Kənan deyir ki, həmyaşıdlarım deyirdi, Ağalıda Bakı üçün darıxacaqsan. Elə olmadı, içimdə bir rahatlıq, məmnunluq yaranıb, burada doğulmasam da, artıq hiss edirəm ki, Ağalıdan kənarda yaşaya bilmərəm. Ağalıda yaradılan şəraiti, təmiz havanı və suyu qoyub heç yerə getmək niyyətində deyiləm. Ağalı kəndi dünyanın ən gözəl məkanıdır, burada yaradılan şərait, yaraşıqlı evlər, iş yerləri bizi gələcəyə aparır, qurub-yaratmağa sövq edir.

Təxminən 10 min kvadratkilometrdən artıq ərazini əhatə edən "Böyük Qayıdış" Proqramı erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası, yurd yerlərinə əhalinin geri qayıdışının təmin edilməsi, insanların rifah səviyyəsinin yüksəldilməsi və son nəticədə bölgənin dayanıqlı inkişafına nail olunmasını əhatə edir. İyulun 21-də "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində suallara cavab verərkən dövlətimizin başçısı İlham Əliyev bildirib ki, biz 30-dan çox şəhər və kəndin Baş planını təsdiqlədik, bir çox kəndlərin təməli də qoyuldu. Həm Qarabağ, həm Şərqi Zəngəzur rayonları üzrə təxminən növbəti üç il ərzində 150 mindən çox insanı qaytaracağıq. İndi biz, necə deyərlər, işin ibtidai mərhələsindəyik... Amma təkcə Qarabağ regionuna 2026-cı ilə qədər 140 min insanın dönməsi nəzərdə tutulur. Ümid edirəm ki, Şuşa şəhərinə gələn ilk sakinlər gələcək, yerləşəcəklər... Yəni, biz çox istəyirik ki, otuz il ərzində mənəvi və fiziki əzablar çəkmiş insanlar ən yaxşı şəraitlə təmin olunsunlar və buna doğru gedirik və gedəcəyik. Əlbəttə, ilk növbədə, qürur hissi duyuram. Hər dəfə Qarabağa və Şərqi Zəngəzura gələndə, ilk növbədə, hiss etdiyim qürur hissidir. Çünki xalqımla, Ordumuzla, qəhrəmanlarımızla fəxr etməmək mümkün deyil.

Salman ALIOĞLU,

"Respublika".