DAŞKƏSƏNİN QAZAXYOLÇULAR KƏNDİNDƏ QƏBUL
Region

DAŞKƏSƏNİN QAZAXYOLÇULAR KƏNDİNDƏ QƏBUL

Ölkə rəhbərinin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaşlarla görüşmək, onların müraciətlərini dinləmək, problemlərini vaxtında həll etmək üçün Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin rayon sakinləri ilə görüşləri, səyyar qəbulları, problemlərinin yerində öyrənilməsi, həll edilməsi, qayğı ilə yanaşılması, çox səmimiyyətlə keçməsi vətəndaşları razı salır. Ən başlıcası, insanlara verilən yüksək dəyər bu qəbulların əsasını təşkil edir. Vətəndaş hiss edir ki, onun müraciəti dərhal diqqətə alınır, qəbulda iştirak edən müvafiq təşkilatların rəhbərlərinə tapşırıqlar verilir, problem öz həllini tapır.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə Qazaxyolçular kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib. Rayon rəhbəri səyyar qəbulda diqqətə çatdırıb ki, möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurla inkişaf edir, qarşı qoyulan bütün vəzifələr layiqincə yerinə yetirilir. Həyata keçirilən çoxşaxəli, səmərəli siyasət Azərbaycanın iqtisadi qüdrətinin artmasını bütün sahələrdə təmin etməklə, qalib dövlət kimi dünyada iqtisadiyyatı sürətlə inkişaf edən ölkələrdən birinə çevirmişdir. Əhəd Abıyev çıxışında, həmçinin turizm imkanları böyük olan Qazaxyolçular kəndi ərazisində aparılan abadlıq-quruculuq işlərindən, kəndin qazlaşdırılmasından, yeni asfalt yolunun çəkilməsindən söhbət açmışdır. Qeyd etmişdir ki, 35/6 kV-luq "Zağalı" elektrik yarımstansiyasının istismara verilməsindən sonra kəndin sovetlər dövründən qalan elektriklə bağlı problemi tamamilə aradan qaldırılmışdır.

Daha sonra rayon rəhbəri Əhəd Abıyev fərdi qaydada sakinlərin müraciətlərini dinləyib, qaldırılan məsələlərin aradan qaldırılması üçün aidiyyəti üzrə tapşırıqlarını verib. Müraciətlərin əksəriyyəti yerində həll edilib. İcra strukturunun fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə qeydiyyata alınaraq müvafiq qurumlara göndərilməsi təmin edilmişdir.

Qazaxyolçular kənd sakinləri göstərilən daimi diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Zabit XƏLİLOV,

"Respublika".