“Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq” mövzusunda elmi-praktik konfrans
Digər xəbərlər

“Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq” mövzusunda elmi-praktik konfrans

Sentyabrın 15-də  Bakıda Hesablama Palatası və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq" mövzusunda beynəlxalq elmi-praktik konfrans işinə başlayıb.  Konfransda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Auditorlar Palatasının sədri, professor Vahid Novruzov konfransın əhəmiyyətindən bəhs edib, uğurlar arzulayıblar.

Konfrans Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında" Sərəncamına uyğun olaraq təşkil olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanlayıb. Müraciəti Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov səsləndirib.

Müraciətdə Heydər Əliyevin demokratik, hüquqi dövlət quruculuğu yolunda yorulmaz səyləri, polad iradəsi sayəsində Azərbaycanda şəffaf, maliyyə və audit sisteminin qurulduğu, eyni zamanda ulu öndərin uzaqgörən siyasəti nəticəsində ölkəmizin dünyada etibarlı tərəfdaş statusu qazandığı diqqətə çatdırılıb. Müasir dövrümüzün qlobal çağırışlarına çevik reaksiya verilməsi, eləcə də hazırkı dövrdə Azərbaycan üçün ən önəmli məsələlərdən olan işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərinin ölkəmizdə maliyyə sektorunda islahatların daha da gücləndirilməsini, maliyyə imkanlarının səfərbər olunmasını labüd etdiyi qeyd edilib.

Konfransın keçirilməsində əsas məqsəd dayanıqlı inkişaf modelinə keçid şəraitində hesabatlılıq anlayışına yeni yanaşma, maliyyə göstəriciləri ilə yanaşı, qeyri-maliyyə, ekoloji, sosial və digər amilləri özündə ehtiva edən hesabatlılıq və nəzarət sisteminin qurulması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi üzrə fikir mübadiləsi aparmaq və tövsiyələr işləyib hazırlamaqdan ibarətdir. Konfransda Avropa Mühasiblər və Auditorlar Federasiyası (EFAA), İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) kimi nüfuzlu beynəlxalq qurumları və 11 ölkəni - Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan, Latviya, Litva, Makedoniya, İtaliya, Hindistan, Fransanı təmsil edən 150-dən çox nümayəndə iştirak edib.

Konfrans çərçivəsində dayanıqlı inkişaf məqsədlərinə nail olunması istiqamətində təcrübələr müzakirə edilib, bu sahədə beynəlxalq əlaqələrin genişləndirilməsi, yaşıl iqtisadiyyat, sosial məsuliyyət və ekoloji tarazlığın təmin edilməsi sahəsində faydalı fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) prezidenti Salvador Marin, Milli Məclisin deputatı, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadə, İstanbul Sertifikatlı İctimai Mühasiblər Palatasının (ISMMMO) katibi Halim Bursalı, Rusiya Federasiyası "Sodrujestvo" Özünütənzimləyən Auditor Təşkilatları Assosiasiyasının İdarə heyətinin sədri İqor Kozırev,  Azərbaycan Respublikası Hesablama Palatasının Səmərəlilik auditi şöbəsinin müdiri  Zaur Vəliyev, Latviya Sertifikatlı Auditorlar Assosiasiyasının İdarə heyətinin üzvü, Təhsil komitəsinin sədri Sandra Vilcane, Gürcüstan Mühasiblər İttifaqının Baş direktoru Tata Beridze, "JPA International" Qafqaz və Orta Asiya ölkələri üzrə rəhbəri Giorgi Rusiashvili, Litva Auditorlar Palatasının Prezidenti İngrida Puriene və başqaları məruzələrlə çıxış ediblər. Konfransın yekununda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə konfrans iştirakçıları adından müraciət qəbul edilib. Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, təqdim edilən materialların toplu şəklində nəşr etdirilməsi və tövsiyələrin hazırlanması qərara alınıb.

16 sentyabr tarixində konfrans iştirakçılarının Heydər Əliyev mərkəzinə ziyarəti, xarici ölkələrin audit və mühasibat qurumlarının nümayəndələri ilə auditin normativ-hüquqi bazasına, metodiki təminatına, təşkili və tənzimlənməsinə dair təcrübə mübadiləsi və Bakı şəhəri ilə tanışlıq nəzərdə tutulub.

Nuranə DAXİLQIZI,

 Röya RÜSTƏMLİ,

"Respublika".