Hərbi Qənimətlər Parkının hər bir eksponatı ordumuzun qəhrəmanlığını, rəşadətini əks etdirir
Digər xəbərlər

Hərbi Qənimətlər Parkının hər bir eksponatı ordumuzun qəhrəmanlığını, rəşadətini əks etdirir

44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan Ordusu möhtəşəm qələbəni Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 günə mümkün etdi.

Vətən sevgisi! Vətən həsrəti! Bu hisslərlə döyüşən əsgərlərimiz düşmənin 30 il ərzində qurduğu istehkamları darmadağın etdi. Müdafiə xətlərini cəmi bir neçə saata yardı. Vətən müharibəsində rəşadətlə döyüşən, düşmənə göz açmağa imkan verməyən əsgər və zabitlərimiz döyüş meydanında igidlik, cəsarət, qorxmazlıq nümayiş etdirərək xalqımızın qəhrəmanlıq simvoluna çevrildi.

İgid oğullarımızın Vətən müharibəsindəki misilsiz qəhrəmanlığının və qazandığı tarixi zəfərin əbədiləşdirilməsi üçün Prezident İlham Əliyevin təşəbbüsü ilə paytaxtımızda Hərbi Qənimətlər Parkı yaradıldı. Bu Park İkinci Qarabağ savaşında qazanılan zəfərin strateji əhəmiyyətini göstərən tarixi hərbi qələbə kompleksidir. Kompleksdə 30 il torpaqlarımızı işğal altında saxlayan, Qarabağın maddi nemətlərini çapıb-talayan, mədəniyyət nümunələrini məhv edən təcavüzkar Ermənistana məxsus döyüş texnikasının qüdrətli Azərbaycan Ordusu tərəfindən darmadağın edilməsi əyani sübutlarla nümayiş olunur. Hərbi Qənimətlər Parkının hər bir eksponatı Azərbaycan ordusunun qəhrəmanlığını, rəşadətini əks etdirir.

2021-ci il aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında Prezident İlham Əliyev demişdir: "...Hərbi Qənimətlər Parkına gələn hər bir insan Ordumuzun, Silahlı Qüvvələrimizin gücünü görəcək, iradəmizi görəcək. Görəcək ki, bu Qələbəni əldə etmək nə qədər çətin idi. Çünki düşmən 30 il ərzində işğal edilmiş torpaqlarda möhkəmlənirdi, istehkamlar qururdu, səngərlər, sığınacaqlar qazırdı. Bütün bunlara baxmayaraq, Azərbaycan hərbçiləri qəhrəmanlıq, peşəkarlıq, Vətən sevgisi göstərərək, bütün bu maneələri dəf edərək düşməni məğlub etdilər".

Azərbaycan xalqı İkinci Qarabağ müharibəsində Zəfər tarixini yazaraq bir daha məğrur, yenilməz xalq olduğunu təsdiqlədi. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Bakıda Hərbi Qənimətlər Parkının açılışında böyük qürurla qeyd etdiyi kimi, biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, həmçinin tarixi Qələbə qazanmışıq. Çətin relyef şəraitində düşmənin istehkamlarını peşəkarlıq, məharət, hərbi güclə dağıdıb istədiyimizə nail olduq, düşməni torpaqlarımızdan qovduq.

Hərbi Qənimətlər Parkı Azərbaycan xalqı və dost ölkələr üçün qürur yerinə, ermənilər üçün isə gözdağına çevrildi. Azərbaycan dünyada belə məkan yaradan ilk və yeganə ölkə deyil. Zəfər qazanmış bir çox ölkələrdə hərbi qənimətlər parkı və hərb tarixi muzeyi yaradılıb. Koreya, Britaniya, Portuqaliya və digər bir sıra ölkələrdə oxşar məkanlar vardır. Azərbaycanın Vətən müharibəsində qazandığı böyük Zəfəri əbədiləşdirməyə, üç onillik ərzində bizə acılar yaşadan düşmənə gözdağı verməyə hər cür mənəvi haqqı çatır. Hərbi Qənimətlər Parkı yenidən torpaq işğal etmək üçün müharibə eşqinə düşənlər, onlara havadarlıq edənlər üçün kabus, bütün Azərbaycansevərlər üçün isə açıq səma altında unikal muzeydir. Ermənistan Ordusuna aid hərbi yük maşınının nömrələrinin toplandığı xüsusi lövhənin nümayiş etdirildiyi kompleksdə həmçinin, KUB, OSA zenit raket kompleksləri, 150-dək ağır texnika, T-72 tankları, piyadaların döyüş maşınları, 2S1 qvozdika özüyeriyən artilleriya qurğusu və digər eksponatlar da yer alır. Düşməndən hərbi qənimət kimi götürülən, "İskəndər M" tipli raket sisteminin qalıqlarının da nümayiş olunduğu park "Dəmir yumruq" əməliyyatının tarixi əhəmiyyətini daha da artırır. Yəqin hər kəs xatırlayır ki, bir vaxtlar Ermənistanın dövlət nümayəndələri bu raketlə öyünür və Azərbaycanı təhdid edirdilər. İndi isə onun qalıqları Azərbaycanda, paytaxt Bakıda nümayiş olunur. Bu gün düşmənin qənimət kimi götürülən hərbi texnikasının Hərbi Qənimətlər Parkında nümayişi Azərbaycan dövlətinin, Müzəffər Ordusunun əsgər və zabitlərinin rəşadətinin, şərəfli döyüş yolunun, ordumuzun gücünün göstəricisidir.

Parkda olan eksponatların hər biri sanki açıq dərs, canlı tarixdir. Bu park Azərbaycanın Ermənistan üzərində həm hərbi, həm də psixoloji üstünlüyünün təcəssümüdür. Həmçinin, hər bir azərbaycanlı üçün qürur mənbəyi olmaqla yanaşı, ordumuzun qəhrəmancasına yaratdığı bir əsər, hərbi məktəbdir. Azərbaycan tarixinin ən şərəfli səhifələrini özündə əks etdirir.

Hərbi Qənimətlər Parkı 30 il ərzində ölkəmizə qarşı işğalçılıq siyasəti aparan Ermənistanın biabırçı məğlubiyyətinin sübutu, Azərbaycanın qazandığı tarixi Zəfərin simvolu olmaqla yanaşı, həm də qürur yerimizdir...

M.MİRZƏ,

"Respublika".