Diplomatiyamızın parlaq qələbəsi
Siyasət

Diplomatiyamızın parlaq qələbəsi

10 noyabr tarixli Bəyanatın imzalanması Ermənistanın hərbi kapitulyasiyası deməkdir. Bəyanat uzun illər davam edən işğala son qoydu, münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən öz sahibinə qaytarıldı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Düşmənin texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi. 30 ildir həsrətlə bu günü gözləyən Azərbaycan xalqının Zəfəri rəsmiləşdi. Üçtərəfli Bəyanatın imzalanması xalq-lider birliyinin təntənəsinə çevrildi. Bu birlik üçtərəfli Bəyanata gedən yolun hər anında özünü göstərdi. Dünya Azərbaycan xalqının birliyini, dönməzliyini gördü. Ölkəmizin bütün bölgələrində hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşayıb, hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izləyib, uğurlara sevinib.

Ordumuzun zəfər yürüşü nəticəsində imzalanan Bəyanat Azərbaycanın maraqlarına tam uyğun hazırlanıb. Məğlub vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq üçün qrafik təqdim etməyə məcbur oldu. Küçələrə tökülüşən ermənilər separatçı rejimin varlığının qorunması barədə əsassız şüarlar səsləndirirdilər. Paşinyan isə imzalanan kapitulyasiya aktı ilə birgə bu məsələdə öz üzərinə düşən vəzifəni icra etmiş oldu. Etirazlar nəticəsiz qaldı. Azərbaycan xalqı isə xoş müjdələrlə bu şərəfli günü qeyd etdi. 30 il bu yolu həsrətlə gözləyən azərbaycanlıların arzusu reallaşdı. Qarabağa heç bir status verilə bilməzdi və belə də oldu. "Dağlıq Qarabağ Muxtar Vilayəti" adlı ərazi yoxdur. Qarabağın bütün rayonları digər rayonlarımız kimi, Azərbaycan əraziləridir. Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətindədir. Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində Vətənin keşiyini çəkir.

Üçtərəfli Bəyanatdan sonra da Ermənistan 30 il yürütdüyü siyasəti davam etdirdi. Ötən 3 ildə Azərbaycana qarşı təxribatlar törədən Ermənistan ordusu və separatçı rejimin "hərbi birləşmələri"nə "Qisas" dərsləri verildi. Bu xəbərdarlıqdan anlamayan terrorçulara isə son zərbə bu ilin sentyabrında vuruldu. Belə ki, Azərbaycan Ordusu sentyabrın 19-20-də 23 saat müddətinə ərazilərimizi separatçılardan təmizlədi, tam suverenliyimizi bərpa etdi.

Bəyanat, həmçinin ölkəmizin şərtsiz hərbi üstünlüyünü sübut etdi. Azərbaycanın qazandığı qələbə həm texniki imkanlar, həm də qəti addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilməyə başladı. V nəsil müharibə üsulunu nümayiş etdirmiş Silahlı Qüvvələrimizin təcrübəsi geniş əks-səda doğurdu. Azərbaycan ən müasir silahlardan istifadə etməklə qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi. Bəyanatdan sonra baş tutan əməliyyatlarda da bu təcrübə davam etdirildi.

Türkiyənin açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. Türkiyədən dəstək və həmrəylik nümayişi Azərbaycan xalqını Qələbəyə ruhlandırdı. Azərbaycan öz növbəsində bu qarşılığa təşəkkür olaraq məhz kapitulyasiya aktının imzalandığı 10 noyabr tarixini Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anım günü ilə eyni tarixə düşdüyü üçün Şuşanın işğaldan azad edilməsi olan 8 noyabra çəkdi. Beləliklə, Azərbaycan xalqı tarixi Zəfərini Şuşa şəhərinin işğaldan azad olunduğu gün kimi qeyd edir. Bu, Türkiyə ilə Azərbaycan arasında sarsılmaz qardaşlıq tellərinin ən möhkəm təməllərə söykəndiyini bir daha sübut edir. 2021-ci il 15 iyun tarixində "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırdı. Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır.

İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatıb. Qələbənin qazanılmasında birlik, həmrəylik göstərən Azərbaycan xalqı tarixdə qalib xalq kimi qalacaqdır. Bu il oktyabrın 15-də İlham Əliyevin Xankəndidə, separatçıların "son qalası"nda üçrəngli bayrağımızı dalğalandırması bir daha onu göstərdi ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini həll edib, regionda sülhün və sabitliyin əldə olunması üçün Ermənistanın isə üzərinə düşən vəzifələri yerinə yetirməməsi ölkəmizi qəti tədbirlər görməyə vadar edir.

Tacir SADIQOV,

"Respublika".