Dirijor erməni lobbisi, skripkada Fransa...
Siyasət

Dirijor erməni lobbisi, skripkada Fransa...

"Burada əsas skripkanı çalan Fransadır və bu, həm sözügedən ölkənin rəsmi şəxslərinin bəyanatlarında, həm Azərbaycanın diskreditasiya edilməsi cəhdlərində, həm də Azərbaycana qarşı aparılan və hər şeyin alt-üst şəkildə təqdim edildiyi media kampaniyasında özünü büruzə verir. Azərbaycan işğalçı kimi təqdim edilir, Ermənistan isə qurban kimi qələmə verilir". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçıları ilə görüşdə vurğulayıb.

Qərbin məkrli siyasətinə toxunan Prezident deyib: "Fransa Prezidentinin bu yaxınlarda Azərbaycanın beynəlxalq hüquqla problemləri olduğuna dair verdiyi bəyanat yalnız gülüş doğura bilər. Çünki Azərbaycan beynəlxalq hüququ pozmayıb. Biz öz ərazimizdə döyüşmüşük, separatizmi aradan qaldırmışıq, bütün humanitar normalara, Cenevrə Konvensiyasına əməl etmişik. Beynəlxalq hüququ isə 30 il ərzində Fransanın əlaltısı, bu gün onun əsas müttəfiqi olan Ermənistan başqa dövlətin ərazisini işğal edərək pozub". Ölkə başçısı həm də fransız rejiminin Afrikada yürütdüyü müstəmləkəçilik siyasətinə də toxunub.  Birinci dəfə deyil ki, Fransa ölkəmizə qarşı qərəzli mövqedən çıxış edir. İkinci Qarabağ müharibəsindən bəri, rəsmi Paris münaqişənin həllində öz qeyri-konstruktiv rolunu davam etdirir, çoxsaylı əsassız ittihamlar irəli sürür. Fransız rejiminin anti-müsəlmançılıq siyasəti yürütməsi artıq hər kəsə məlumdur. Müsəlmanlara qarşı soyqırımları törətmiş bu ölkə, bu gün hələ də öz müstəmləkəçilik siyasətini davam etdirmək istəyir.

Oktyabrın 11-də Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonna Fransa Senatında çıxışı zamanı yenidən Azərbaycana qarşı əsassız iddialar səsləndirib. O, Azərbaycanın Qarabağ bölgəsini heç bir güc tətbiq edilmədən, könüllü şəkildə tərk edən ermənilərin Ermənistanda yerləşməsinin guya Azərbaycan tərəfindən planlaşdırıldığı iddiasını səsləndirib. Azərbaycan Xarici İşlər Nazirliyinin bu iddialara dair şərhində deyilir: "Öz qanlı müstəmləkəçiliyi və vasitəçiliyi dönəmində işğalçı tərəf olan Ermənistanı dəstəkləyən Fransanın indi ədalətdən və beynəlxalq hüquqdan danışması qəbuledilməzdir. Azərbaycan ərazilərinin işğaldan azad edilməsini, işğalçı qüvvələrin qeyd-şərtsiz, tam və dərhal çıxmasını, məcburi köçkünlərin öz evlərinə qayıtmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin 27 il ərzində icrasını təmin etmək istiqamətində heç bir addım atmayan Fransanın indi Azərbaycana qarşı qətnamə qəbuluna çağırış etməsi riyakarlıq nümunəsidir".

Oktyabrın 11-də BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyası zamanı Azərbaycan Respublikasının nümayəndə heyəti Fransanın bəyanatına cavab verib. Azərbaycan nümayəndə heyəti bəyanatında Fransanın səsləndirdiyi əsassız ittihamları rədd edərək, onun ölkəmizdə baş verən siyasi proseslərə açıq-aşkar müdaxilə cəhdini pisləyib. Qeyd edək ki, 34 ölkənin birgə bəyanatı kimi təqdim edilən Ermənistan mətbuatında yayılmış bəyanat əslində, yalnız Fransa və Ermənistan adından verilib.

Keçirilən antiterror tədbirləri ilə qanunsuz fəaliyyətə son qoyulub və erməni silahlı qüvvələri ərazilərimizdən çıxarılıb. Ölkəmiz antiterror tədbirlərini mülki əhali zərər görmədən, dəqiqliklə yerinə yetirib. Azərbaycan suverenliyini tam bərpa edib. Bu tədbirlərin görülməsi regionda təhlükəsizliyin gücləndirilməsi və sabitliyin təmin olunması üçün imkanlar yaradıb. Lakin Qərb mediasında yayımlanan yazıların reallığı əks etdirdiyini demək olmaz.

Bir çox ölkələr və beynəlxalq təşkilatlar Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasında vasitəçilik xidmətləri göstərməyə maraqlıdırlar. Lakin Fransanın məsələnin həllində vasitəçilik cəhdləri isə Cənubi Qafqazda sülh və sabitlik istəyindən irəli gəlmir. Rəsmi Paris Azərbaycana qarşı hər zaman birtərəfli mövqedən çıxış edərək diplomatik normaları pozur. Qatı ermənipərəst mövqeyindən əl çəkməyən Makron daim Azərbaycanın ünvanına iftiralarla çıxış edir. O, "TF-1" telekanalına müsahibəsində Ermənistanın ərazi bütövlüyünə qarşı "çox diqqətli" olacaqlarını deyib. Ermənistan baş naziri Nikol Paşinyanın "Qarabağda baş verənlərin Ermənistana aidiyyəti yoxdur" sözlərinə baxmayaraq, Fransa liderinin vəkil kimi canfəşanlıq etməsi gülüş doğurur. Fakt göstərmədən Qarabağda erməni sakinlərin "fiziki təzyiqlərə məruz qaldığı"nı iddia etməsindən sonra onun yeni təxribatçı fikirləri artıq təəccüb doğurmur. 

Fransanı taxtabiti epidemiyasının bürüdüyü bu vaxtda bəlkə də rəsmi Paris öz "qurdlu" siyasətindən əl çəkmək haqqında düşünməli, başqa dövlətlər arasında münaqişəni alovlandırmağa çalışmaq əvəzinə öz problemləri ilə məşğul olmalıdır. Mütəxəssislər bildirirlər ki, taxtabiti problemi İkinci Dünya müharibəsindən bəri Avropada görünməmiş səviyyəyə çatıb. Həmçinin Fransanın aparıcı həmkarlar ittifaqları - Ümumi Əmək Konfederasiyası (CGT) və Fransa Demokratik Əmək Konfederasiyası (CFDT) bütün işçiləri oktyabrın 13-də ümummilli tətilə çağırıb.

Azərbaycan hər zaman Ermənistanla münasibətlərin normallaşması prosesinə müsbət yanaşır. Prezident İlham Əliyevin də dediyi kimi, Cənubi Qafqaz artıq sülhə, əmin-amanlığa və inkişafa söykənməlidir. 44 günlük müharibədə zəfəri ilə Azərbaycan öz daxili məsələlərini həll etməyə qadir olduğunu bütün dünyaya nümayiş etdirib. Regionda siyasi gücümüzün artması Cənubi Qafqazda mövqe tutmaq istəyən Qərbi narahat edir. Antiterror tədbirlərindən sonra bu narahatlıq bir az da artıb. Fransanın Azərbaycana qarşı məkrli siyasəti özünü qərəzli bəyanatlar və böhtan dolu çıxışlarla büruzə verir. Lakin unutmaq olmaz ki, ölkəmizə qarşı yalan kampaniyası yürütməyə çalışanlar daim layiq olduqları sərt cavabı alıb.

Nurcan SÜLEYMANOVA,

"Respublika".