DOĞMA YURD YERLƏRİ BİZİ GÖZLƏYİR
Region

DOĞMA YURD YERLƏRİ BİZİ GÖZLƏYİR

Azərbaycan əsrlər boyu torpaqlarının itirilməsi ilə üz-üzə qalmışdır. Başıbəlalı xalqımız zaman-zaman öz vətənlərindən didərgin düşmüşdür. Bizim torpaqlarımız üstündə qondarma dövlətlər qurulmuş, millətimiz başqa ölkələrin vətəndaşları olmağa məcbur edilmiş, hüquqları əllərindən alınmışdır. Hazırda bəzi dövlətlərdə yaşayan azərbaycanlılar öz dillərində təhsil almaqdan məhrum edilmişdir. Buna baxmayaraq, millətimizin azadlıq eşqini heç kim əlindən ala bilməmişdir.

Ötən əsrlərdən başlayaraq vahid Azərbaycanın Qərb tərəfi ermənilərə, Cənub hissəsi, böyük bir ərazi farslara və s. hədiyyə verilmişdir. Ən acınacaqlı proses Azərbaycanın Qərb bölgəsində sonradan süni şəkildə yaradılmış Ermənistan adlanan dövlətin ərazisində cərəyan etmişdir.

XX əsrin əvvəllərindən başlayaraq Qərbi azərbaycanlılar bir sıra dövlətlərin təzyiqi ilə öz ata-baba yurdlarından köçürülmüş, deportasiya olunmuşdur. Bu sözləri ifadə etmək də asan deyil. Ancaq düşündükcə nə qədər çətin proses olduğunu daha da dərindən dərk edirsən. Ulu babaların, nənələrin, bir sözlə, doğmaların məzarlarını qoyub getmək, bir daha onları ziyarət etməyin mümkünsüzlüyü insanı dəhşətə gətirir. Digər tərəfdən isə qəddar, insanlıqdan uzaq, birmənalı şəkildə azərbaycanlılara nifrət bəsləyən vandal ermənilərin dilsiz, ağızsız abidələri, qəbirləri darmadağın etmələri isə başqa bir faciədir. Ermənilər özlərinə oxşar millətlərin güclü dəstəyi ilə bu iyrənc əməllərini fasiləsiz davam etdirmişlər.

Deportasiyalar zamanı insanların bəziləri yalnız bir əyin paltarı ilə evindən didərgin salınmışdır. İnsanların başına gətirilən işgəncələr saymaqla bitən deyil. Qərbi Azərbaycandan qovulan insanların əksəriyyəti ədalətsizliyə dözməyərək Vətən deyə-deyə dünyadan köçüblər. Bütün bu illər ərzində Qərbi azərbaycanlıların səsinə səs verən bir dövlət olmamışdır.

Bütün ədalətsizliklərə son qoymaq, itirilmiş doğma yerlərimizin qaytarılmasına Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi nəticəsində başlanmışdır. 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ordumuzun şanlı qələbəyə imza ataraq 30 il işğal altında qalan torpaqlarımızı azad etməsi hər bir azərbaycanlını qürurlandırır. Heç şübhəsiz Azərbaycan digər itirilmiş ərazilərini də hansı vasitəylə olursa-olsun qaytaracaq və Azərbaycanın bütövlüyü təmin olunacaqdır.

2022-ci il 24 dekabr tarixində Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında əslən Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı demişdir: "Bu binanın Qərbi Azərbaycan İcmasına ayrılması həm də ona görə önəmlidir ki, vaxtilə burada yerləşən Qarabağın azərbaycanlı icması və Şuşa Rayon İcra Hakimiyyəti bu mərhələni artıq başa vurub öz missiyasını tamamlayıb. İndi onlar qayıdış mərhələsinə keçid ediblər. Yəni, bu mənada Qərbi azərbaycanlıların da bir gün doğma torpaqlarına mütləq qayıdacaqları şübhə doğurmur. Gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız, onların nəvələri, nəticələri tarixi torpaqlarımız olan İrəvana, Göyçəyə, Zəngəzura, Ağbabaya qayıdacaqlar. Nəzərə almaq lazımdır ki, öz torpağına, elinə, obasına bağlı olan Azərbaycan xalqı üçün qayıdış ən ümdə məsələlərdəndir.

Əslən Basarkeçər rayonunun Daşkənd kəndindən olan Emil Hacıyevlə söhbət zamanı bildirdi ki, atam Hacıyev Tanrıqulu Alı oğlu 1953-cü ilin 25 may tarixində ailəsi ilə birlikdə Bərdə rayonunun Yeni Daşkənd kəndinə köçürülmüşdür. Atası Tanrıqulu uzun müddət riyaziyyat müəllimi kimi fəaliyyət göstərmişdir. E.Hacıyev vurğuladı ki, dəfələrlə ermənilər kəndin adını dəyişmək istəsələr də, kənd sakinləri buna imkan verməmişlər. Təəssüflər olsun ki, Basarkeçərin qədim adını dəyişərək Vardenis qoymuşlar.

1988-ci ildə mənfur ermənilər kəndin qalan sakinlərini də yerindən-yurdundan didərgin salmışlar. E.Hacıyev hər il yay aylarında Daşkəndə getdiyini deyir. Kənddə 2 alban kilsəsi və alban qəbiristanlığı olmuşdur. Abidənin üstündə yazılmış alban hərfi ilə olan yazıların erməni əlifbası ilə heç bir əlaqəsi, heç bir oxşarlığı olmadığı deyilir.

Kənd ərazisində Tərsə dağı, Hacı Qurban yaylağı, Sarı bulaq, Çanaq dağı, Xəzinə dərəsi, Ağ yoxuş sahəsi və başqa səfalı yerlər olmuşdur. Bundan başqa, kənddə ən müqəddəs yer sayılan və insanların inanc yeri olan Seyid Bayram ağanın ocağı olmuşdur. Göründüyü kimi, ermənilərə aid heç bir yer adı mövcud deyil.

Digər həmsöhbətim əslən Çəmbərək rayonunun Cıvıxlı kəndindən olan Məmmədov Məzahir Alməhəmməd oğlu təəssüflə bildirdi ki, ermənilər rayonun adını dəyişərək Krasnıselo, kəndin adını isə Şapkut qoymuşlar. Cıvıxlı kəndi meşəliklə əhatə olunmuş, buz bulaqlara malik olan səfalı bir yer olmuşdur. Kənd ərazisində Xərya dağı, Kəmər qaya, Daşlıbulaq, Şirin su bulağı və başqa görməli yerlər olub. Məzahir Məmmədovun atası Alməhəmməd kişi uzun müddət kolxoz sədri işləmişdir. Lakin sonralar ermənilər ona qarşı təxribatlar hazırlamış, hər vasitə ilə onu ləkələyərək həbs etmək istəmişlər. Bu səbəbdən Alməhəmməd ailəsi ilə birlikdə 1970-ci ildə Şəmkir rayonunun Dəllər qəsəbəsinə köçmüşdür.

Ümumiyyətlə, ermənilər elə bir şərait yaratmışdılar ki, məktəbi qurtaran gənclərin böyük əksəriyyəti kəndi tərk edərək digər respublikalara üz tutmuşlar. Çünki milliyyətcə azərbaycanlı olan ali təhsilli gənclərə rayon mərkəzində heç vaxt vəzifə verilməmişdir. İşləyənlər isə daim ermənilərin təzyiqlərinə məruz qalırdılar.

Qeyd etmək lazımdır ki, əhali fasiləsiz olaraq Qərbi Azərbaycandan deportasiyaya məruz qalmışdır. Müsahiblərim Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında qətiyyətli və tarixi çıxışını yüksək qiymətləndirirlər. Doğma torpaqlarımıza, Qərbi Azərbaycanımıza qayıdacağımız gün yaxındadır.

Qərbi Azərbaycandakı yurd yerləri bizi gözləyir.

Vəli VƏLİYEV,

"Respublika".